ALLAHVERDİ AYDIN

Ermənilərin “Dörd T” planı

Ermənilərin “Dörd T” planı

ALLAHVERDİ AYDIN

Təxminən 200 ildən çoxdur ermənilər kal armud kimi ilişib qalıblar boğazımızda. Dayanmadan torpaqlarımızı işğal edirlər. Cəmi bir əsr bundan əvvəl bir qarış torpaqları olmadığı halda, indi gələcək nəsillərinə də bəs edəcək qədər torpaq əldə ediblər. Bir hissəsini biz öz xoşumuzla verdik, bir hissəsini də zorla aldılar. Ötən gün "Google Earth" vasitəsilə Qarabağda, Qərbi Azərbaycanda qalan kəndlərimizi seyr edirdim. Ermənilər demək olar ki, bütün tikililəri dağıdıblar. Min illik tarixi olan yaşayış məskənlərini yer üzündən siliblər. Vətənimizi əlimizdən aldılar, dədə-baba yurdumuzu xarabalığa çevirdilər. Ermənilər bizim torpaqlara - İrəvana, Göyçəyə, Zəngəzura, Qarabağa göz dikmişdilər. Bu torpaqları ələ keçirmək istəyirdilər. Müxtəlif planlar hazırladılar və bu planları maddə-maddə, bənd-bənd həyata keçirdilər. Nəticədə öz istəklərinə çatdılar. İndi nə istəyirlər? Bunlardan da qiymətli nə verə bilərik ki, onlara? Artıq bizim ermənilərə verə biləcəyimiz başqa bir şey qalmayıb. Bunu ermənilər də deyəsən yavaş-yavaş başa düşürlər. Ona görə, müvəqqəti də olsa bizdən əl çəkmək qərarına gəliblər. İndi əsas hədəfləri Türkiyədir.

Məlum olduğu kimi, ermənilər Türkiyənin Şərq hissəsini "Böyük Ermənistanın" tərkibinə daxil ediblər. Bunun üçün bir plan da hazırlayıblar və yarım əsrdən çoxdur ki, o planı yorulmadan, usanmadan  həyata keçirirlər. Bu planı şərti olaraq  "Dörd T" adlandırıblar.

Plan dörd hissədən, daha doğrusu dörd mərhələdən ibarətdir. Bu mərhələləri qısa olaraq "Təbliğat", "Tanıtmaq", "Təzminat" və "Torpaq" olaraq adlandırıblar. Planlarını həyata keçirmək üçün qondarma soyqırım iddiasından istifadə edirlər.  Plana görə "soyqırım" təbliğatı o vaxta qədər aparılacaq ki, türklərin özləri belə bu məsələdə şübhəyə və fikir ayrılığına düşəcəklər. Son zamanlar apardığım müşahidələrdən bu qənaətə gəlmişəm ki, deyəsən ermənilər bu mərhələni sona çatdırırlar. Hər keçən gün Türkiyədə "1915-ci ildə soyqırım olmayıb, amma baş verən qarşıdurmada erməni vətəndaşlarımız həlak olub", - deyənlərin sayı çoxalır. Hər il aprel ayının 24-də Türkiyənin müxtəlif şəhərlərində açıq şəkildə "erməni soyqırımı" qeyd olunur. Türkiyə dövlətinin başında duranlar 1915-ci ildə baş verənlərə görə erməni xalqına başsağlığı verir.

Türkiyənin erməni iddialarına qarşı "ortaq komissiya" təklifi belə ermənilərin xeyrinə işləyir. Biz ermənilərə, yaxud da dünyaya nəyi sübut etmək istəyirik? Sübut etmək istəyirik ki, soyqırım olmayıb? 1915-ci ildə soyqırımın olmadığını ermənilər də, dünya da bizdən də yaxşı bilir. Onların əsas məqsədi türkləri "soyqırım" polemikasına çəkməkdir. Deyəsən buna nail olmaq üzrədilər. Əslində bütün bunlar planın birinci hissəsinin - "Təbliğat" mərhələsinin başa çatmaq üzrə olduğunu göstərir. Elə ona görədir ki, ermənilər son zamanlar bütün diqqətlərini planın ikinci hissəsinə yönəldiblər. İndi ermənilərin əsas hədəfi "soyqırım"ı bütün dünyaya rəsmən tanıtmaqdır. Gəldiyimiz məqam isə ondan ibarətdir ki, illər ötdükcə bu yalanlara inananların və yaxud da özünü inanmış kimi göstərənlərin sayı artır. Artıq dünyanın ən böyük 7 ölkəsindən ("Böyük 7-lik" ) 4-ü - Almaniya, Fransa, Kanada, İtaliya "soyqırımı" rəsmi şəkildə qəbul edib.  BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətdən ikisinin - Rusiya və Fransanın prezidentləri 4 il əvvəl qondarma soyqırımının 100 illiyini Ermənistanda qeyd etdilər.

Planın üçüncü və dördücü hissəsi isə ikinci mərhələ başa çatdıqdan sonra icra olunacaq. Yəni  "soyqırım" dünya dövlətləri tərəfindən tanındıqdan sonra Türkiyədən təzminat tələb edəcəklər. Ardınca isə torpaq iddialarını gerçəkləşdirəcəklər. Əlbəttə bugünkü şərtlərdə, bu, çoxlarına inandırıcı görünməyə bilər. Necə ki, 150 il bundan əvvəl desəydilər ki, vaxt gələcək İrəvanda bir nəfər də azərbaycanlı yaşamayacaq, heç kim buna inanmazdı...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top