ALLAHVERDİ AYDIN

Putin Paşinyan üçün nə planlayır?..

Putin Paşinyan üçün nə planlayır?..

ALLAHVERDİ AYDIN
Ermənistanın Baş naziri Nikol Paşinyan 9 may tarixində “Facebook” sosial şəbəkəsindəki hesabında babasının fotosunu paylaşıb və yazıb ki, “Paşinyan Nikol Arakel, 1913-1943. 138-ci atıcı diviziyasının 554-cü atıcı alayında xidmət etmişdir: Vətən uğrunda canından keçənlərin əbədi xatirəsinə hörmətlə:” (Փաշինյան Նիկոլ Առաքելի, 1913-1943։ Ծառայել է 138-րդ հրաձգային դիվիզիայի 554-րդ հրաձգային գնդում։ Հավերժ փառք հայրենիքի համար ընկածներին։).  

Paşinyanın bu paylaşımından dərhal sonra, Ermənistanda nəşr olunan “İravunk” qəzeti və “yerevan.today” saytı bu paylaşıma istinadan edərək xəbər hazırlayıblar. Yazıblar ki, Baş nazirin babası faşist Almaniyası ordusunun tərkibində SSRİ-yə qarşı döyüşüb. Bizim mətbuat da, təbii olarak belə bir fürsəti qaçırmayaraq bu məlumatı tirajlayıb. Əslində isə bizi maraqlandıran bu məlumatı tirajlamaqdan daha çox Ermənistanın ən populyar media orqanlarından olan “İravunk” və “yerevan.today”in niyə belə bir xəbər hazırlaması olmalıdır?
“İravunk” qəzeti Ermənistanda  Rusiyaya bağlılığı, Rober Koçaryana yaxınlığı ilə bilinən bir qəzetdir. Qəzetin sahibi Hayk Babuxanyan adlı bir siyasətçidir. Vaxtı ilə Koçaryanın partiyasından deputat seçilib. İrəvandakı Rusiya-Ermənistan Universitetinin kafedra müdiridir.  Hər zaman Rusiyanın mövqeyini təbliğ edib. “Google” də axtarış verib Hayk Babuxanyanın “Sputnik” xəbər agentliyi tərəfindən tirajlanan açıqlamalarına baxsanız, bu adamın Rusiyanın Ermənistandakı əlaltısı olduğunu açıq şəkildə görə bilərsiniz. “Yerevan.today” saytının da Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğunu Ermənistanda bilməyən yoxdur. Xatırlayırsınızsa, 2018-ci ildə bu sayt Nikol Paşinyanla Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısını yaymışdı. Telefon danışığı zamanı onlar Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. Ötən ilin sentyabr ayında isə Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı vəzifəsindən azad edib. İki həftə əvvəl isə Ermənistan parlamentində iqtidarda olan “Mənim addımım” partiyasını təmsil edən və eyni zamanda da Baş nazir Nikol Paşinyanın qayını olan deputat Qraçya Akopyan bəyan edib ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın xarici ölkələrdən birinin agenti olub.
Burdan belə nəticəyə gəlmək olar ki, ölkənin Baş naziri haqqında bu cür xəbəri Rusiyanın razılığı olmadan “İravunk” və “yerevan.today”də yayımlanması imkansızdır.
Bu həm də onu göstərir ki, Putinin başında durduğu Rusiya hakimiyyətində Nikol Paşinyana qarşı açıq dözümsüzlük var. Əks halada bu cür xəbərlə Paşinyanın üzərinə gəlməzlər.
Nikol Paşinyan 2 ildir hakimiyyətə gəlib və Rusiya ilə münasibətləri xoş deyil. Paşinyan Rusiyanın əsas müttəfiqi və Putinin dostu hesab olunan Robert Koçaryanı həbsdə saxlayır. Putin də Paşinyanın Rober Koçaryandan nə qədər çox nifrət etdiyini bilə-bilə açıq şəkildə Koçaryanın tərəfini saxlayır.  Rusiya prezidenti hər il həbsdə olan Robert Koçaryanın ad gününü təbrik edib və bu Kremlin rəsmi saytında yayımlanıb. Hətta ötən il Putin İrəvana səfər edərkən Koçaryanın həyat yoldaşı ilə də görüşüb. Koçaryan 2018-ci ilin dekabr ayında qısa müddət həbsdən çıxdığı zaman da Putin zəng edərək onunla danışıb. 
Paşinyan da onu qıcıqlandırmağa çalışan Putinə cavab verməkdən çəkinməyib. Putinin təbrik məktubundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabından paylaşdığı "status"un sonuna rus dilində bir cümlə əlavə edib. Paşinyan erməni dilində belə yazıb: "Biz bu gün Cinayət Məcəlləsinə dəyişiklik layihəsini qəbul etdik, mahiyyətini qısaca belə təsvir etmək olar". Daha sonra isə erməni dilində yazdığı bu cümlənin sonuna rus dilində "Oğru həbsxanada oturmalıdır" (Вор должен сидеть в тюрьме!) sözlərini əlavə edib.
Qeyd edək ki, Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşdığı əvvəlki "status"larının heç birində rus dilində qeydlər yazmayıb. Açıq şəkildə  görünür ki, Paşinyan bu cür "status" paylaşmaqla Putinə cavab verməyə çalışıb.
Aydın məsələdir ki, Paşinyan-Putin qarşıdurmasına təkcə Putinin Koçaryanı təbrik etməsi və Paşinyanın ona cavab verməsi kimi izah etmək doğru olmaz. Son 2 ildə Rusiya bir çox müstəvidə Paşinyan hakimiyyətini razı salmayacaq addımlar atır. Ən son, özü də erməni olan Rusiyanın XİN başçısı Sergey Lavrovun (Kələntəryan) Qarabağ münaqişəsi barədə səsləndirdiyi fikirlər (mərhələli plan) Ermənistanda top-tüfənglə qarşılandı. Paşinyanın dəstəkçisi kimi çıxış edən Qarabağdakı seperatçı rejimin bəzi nümayəndələrinin Rusiyaya girişinə də qadağa qoyulub.
Rusiya həm də çox yaxşı bilir ki, Qarabağda baş verən ən kiçik uğursuzluq Ermənistan daxilində ciddi çaxnaşmaya səbəb olacaq. 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanda baş verənlər də, bunun belə olacağını deməyə əsas verir. Heç kimə sirr deyilki, 20 illik Koçaryan-Sarkisyan rejiminin devrilməsində “Aprel döyüşləri”nin rolu inkarolunmazdır. Bu səbəbdən Azərbaycanın hücum edərək işğal altında olan bir-neçə kəndi azad etməsi Ermənistanda siyasi gərginlik üçün kifayət edər.
Belə bir şəraitdə Rusiya hakimiyyəti (Putin) Paşinyan hakimiyyətini devirmək üçün nəinki Azərbaycanla, şeytanla da əməkdaşlıq etməyə hazırdır.
Gördüyünüz kimi, tarix insanlar kimi ədalətsiz deyil, fürsətləri hər kəs üçün bərabər paylayır…
Bəziləri iddia edirlər ki, son 200 ildə ermənilərin əldə etdiyi qələbələrdə tarixi şərait mühim rol oynayıb. Bu doğrudur, amma tarix bənzər şəraiti bizim də qarşımıza çıxardıb. Amma ermənilərdən fərqli olarak biz bundan istifadə etməmişik və belə görünür ki, indi də qarşımıza çıxan bu fürsətdən istifadə etmək fikirimiz də yoxdur…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top