ALLAHVERDİ AYDIN

Nərimanov rayonu Zəngəzur rayonu olsun...

Nərimanov rayonu Zəngəzur rayonu olsun...

ALLAHVERDİ AYDIN
Yəqin ki, çoxunuz bilirsiniz, ermənilər Türkiyənin şərqində yerləşən ərazilərə qarşı torpaq iddiası irəli sürür. İddia edirlər ki, Şərqi Anadolu torpaqları tarixi erməni torpaqlarıdır. Bunu həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə dillərinə gətirməkdən çəkinmirlər. Türkiyə ərazisindəki Ağrı dağını belə Ermənistan dövlət gerbinə daxil etməkdən çəkinməyiblər.
Erməni diasporunun və Ermənistan dövlətinin dəstəyilə "Qərbi Ermənistan" adlı mühacir hökumət qurublar. "Hökumətin" bayrağı, gerbi, himni, baş naziri, nazirləri və digər strukturları, həmçinin internet TV-ləri, xəbər saytları, hətta futbol komandaları belə var.
Biz bu cür fəaliyyətlə heç vaxt məşğul olmadığımız üçün ola bilsin ki, onların hərəkətləri bizə qəribə və anlaşılmaz gəlsin. Amma bizdən fərqli olaraq ermənilər bu cür fəaliyyəti hava və su kimi təbii ehtiyaca çeviriblər.
Əhalisinin sayına görə İrəvanın ən böyük 2-ci rayonu "Malatya-Sebastiya" adlanır.  Rayonun adı SSRİ zamanından belə adlanır. Bu ad Türkiyənin Malatya və Sebastiya (indiki Sivas) bölgələrindən götürülüb. Ermənilər iddia edirlər ki, oralar da tarixi erməni torpağıdır və "Malatya-Sebastiya" rayonunda yaşayanlar da o torpaqlardan "qovulanlardır".  Ermənistanda Şərqi Anadolu ilə bağlı, ya da onların dili ilə desək "itirdikləri" torpaqlarla bağlı bu cür yer adları çoxdur.
Gördüyünüz kimi məqsədləri aydın və dəqiqdir. Tarixi torpaqları hesab etdikləri Şərqi Anadolunu unutmamaq və gələcək nəsillərə də unutdurmamaq. Tarixi fürsət yetişən zaman da bunu öz xeyirlərinə çevirmək.
Son 100-200 ildə itirdiyimiz torpaqlara (İrəvan, Zəngəzur, Göyçə, Qarabağ... ) baxdığımız zaman ermənilərin buna nail olduqlarını da görə bilirik.
İndi gəlin əsas suala keçək: Biz bunların əvəzində nə etmişik, ya da nə etmək istəyirik?
Nə qədər fikirləşirəm Azərbaycan ərazisində itirdiyimiz tarixi torpaqlarımızla bağlılığı olan heç bir rayon və şəhər adı ağlıma gəlmir. İrəvan, Zəngəzur, Göyçə... Bu adları ən yaxşı halda kafelərin, restoranların üzərinə yapışdırılan panolarda görə bilirik.
Azərbaycanın tarixi torpaqlarından biri Zəngəzur mahalıdır (Gorus, Qara kilsə (Sisian), Qafan, Mehri). Bu mahalın Ermənistan verilməsi barədə qərar Azərbacan KP MK-nin Siyasi və Təşkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirilən birgə iclasında qəbul olunub.
Həmi iclasda iştirak edən və bu qərarın lehinə səs verən Nəriman Nərimanov 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən iclasında çıxış edir və bunları deyir:
"Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri iki əsrdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir . Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar. Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır". ("Kommunist" qəzeti 02.12.1920. №178)



Tarixi reallıq, məcburiyyət kimi bəhanələrin arxasında gizlənərək Nəriman Nərimanovu müdafiə etməyə çalışanlar dünəndə olub, bu gün də var, yəqin ki, sabah da olacaq.
Amma unutmamalıyıq ki, tarixin təkrar olmaması üçün tarixdə baş verənlərə adekvat cavablar verilməlidir. Əgər 100 il əvvəl Nəriman Nərimanov "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir" sözlərinə işlədir və 100 il sonra - bu gün Bakının ən böyük rayonu onun adı ilə adlanırsa, gələcəkdə yeni "Nərimanovlar"ın olmayacağına necə nail olmaq olar?
Ən qəribə olanı isə odur ki, Zəngəzur mahalının Ermənistana verilməsi prosesində yaxından iştirak edən və bunu elan edən Nəriman Nərimanovun adını daşıyan rayonun əsas sakinləri məhz Zəngəzur mahalından didərgin salınan insanlardır.
Tarixi ədaləti bərpa etmək və itirilən torpaqları unutdurmamaq istəyiriksə Nərimanov rayonunun adı  Zəngəzur ilə əvəz olunmalıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top