ALLAHVERDİ AYDIN

Vaxtdır: "profilinizdəki" xaşlı, xəngəlli şəkillərinizi "Xocalı" ilə əvəz edin...

Vaxtdır: "profilinizdəki" xaşlı, xəngəlli şəkillərinizi "Xocalı" ilə əvəz edin...

ALLAHVERDİ AYDIN

Bir azdan sosial şəbəkələrdəki "profil şəkillərimizi" Xocalı soyqırımı ilə bağlı görüntülərlə əvəzləyəcəyik. Bununla da nə qədər "vətənpərvər" olduğumuzu dünyaya nümayiş etdirəcəyik. İki-üç gün saxlayıb, sonra əvvəlki - xaşlı, xəngəlli məclislərdən çəkilən "profil şəkillərimizə" geri dönəcəyik.
İllərdir bu cür - faydası olmayan, yalnız bir-birimizi aldatmağa, bir-birimizdən nəsə "qopartmağa" hesablanmış yalançı "vətənpərvərliyimizi" nümayiş etdirməkdən başqa heç bir ciddi iş görməmişik.
İnanmırsınız, "Google" axtarış şəbəkəsinə ingilis dilində "Xocalı soyqırımı" ("Khojaly genocide") ifadəsini yazın. Bir də ermənilərin qondarma  "24 aprel soyqırımı" ("24 april genocide") ifadələrini yazın. İnternet resurslarda tapılan nəticələr arasında 100 dəfədən çox fərq ortaya çıxacaq.



Halbuki "24 aprel soyqırımı" ilə bağlı ortada nə foto, nə video, nə də düz-əməlli tarixi sənədlər var. Xocalı soyqırımı ilə bağlı isə kifayət qədər video və foto görüntülər, canlı şahidlər var. Necə olur ki, ermənilər əsası olmayan bir "soyqırımı" dünyanın başa düşdüyü bir dildə - ingilis dilində bu qədər tirajlaya bilirlər, amma biz tirajlaya bilmirik?
Çünki, bizim "vətənpərvərliyimiz" də digər göstəricilərimiz kimi "Biləcəridən o tərəfə" keçmir. Yenə inanmırsınızsa, "Google" axtarış şəbəkəsinə yalnız özümüzün başa düşdüyümüz - ana dilimizdə "Xocalı soyqırımı" yazın. Bir də yalnız ermənilərin başa düşəcəyi - erməni dilində "24 aprel soyqırımı" ("24-ը ապրիլի ցեղասպանություն") ifadələrini yazın. Bu dəfə ortaya çıxan nəticələr bizim "xeyrimizə" olacaq. Yəni, ermənilərdən fərqli olaraq bizlər illərdir özümüz deyib, özümüz eşidirik.



Kimi danışdırsan, "internet əsridir" deyəcək. Uşaqdan-böyüyə hamımız sosial şəbəkələrdə "yatıb-dururuq".  İnterneti həyatımıza bu qədər daxil etmişiksə, onda, deyin görək, Xocalı soyqırımı ilə bağlı neçə veb-sayt açmışıq? Açdığımız saytlarda nə işlər görülüb?
Şübhə edirsinizsə, oturun kompyuterin qabağına və "internet əsrində" nə işlər gördüyümüzə şahid olun. Veb-sayt anlayışı ölkəmizə 20 ildən çoxdur gəlib, amma hələ də Xocalı soyqırımını dünyaya tanıdacaq normal bir sayt qura bilməmişik. Əsas domen sonluqları - "com", "org", "net" ilə bitən neçə sayt qurmuşuq? Heç milli domen - "az" sonluğu ilə bitən saytlarımız da yoxdur.
5 dəqiqə vaxtınızı ayırın Xocalı soyqırımı ilə bağlı açıla biləcək ən optimal saytların adını axtarışa verin. 
"khojaly.az" - yoxdur,
"khojaly.com" - yoxdur,
"khojaly.net" - yoxdur,
"khojaly.org" - yoxdur,
"khojali.az" - yoxdur,
"khojali.com" - yoxdur,
"khojali.org" - yoxdur,
"khojali.net" - yoxdur,
"xocali.az" - yoxdur,
"xocali.com" - yoxdur.

Olanların da ciddi bir iş görmədiyi hər hallarından bəlli olur. "xocali.org" saytı var, sanki "Nuh dövründə" dizayn olunub. Sonuncu dəfə sayta yeni məlumatın nə zaman qoyulduğunu da bilən yoxdur. "xocali.ws" saytı var: bir QHT tərəfindən qrant-layihəsi çərçivəsində hazırlanıb. 14 sentyabr 2018-ci il tarixindən sonra sayta məlumat yerləşdirməyi yaddan çıxarıblar. Bir-neçə ikinci dərəcəli domen sonluğu ("org.az", "preslib.az", "girdman.com" və s.) ilə bitən veb-saytlar da var ki, yoxluğu ilə varlığı bilinmir. 
Xocalı soyqırımın təbliğatı istiqamətində qurulan ən böyük veb-saytımız "justiceforkhojaly.org" saytıdır ki, buraya da sonuncu məlumat təxminən bir ilə əvvəl - 5 mart 2018-ci il tarixində yerləşdirilib.
Əvəzində isə ermənilər "xocali.net" adlı sayt açıblar. 6 dildə məlumat paylaşırlar. Dünyaya sübut etmək istəyirlər ki, azərbaycanlılar yalan deyir: "Xocalıda soyqırım olmayıb".
Həmin saytda keçmiş prezident Ayaz Mütəllibovun 2 aprel 1992-ci il tarixində "Nezavisimaya qazeta"ya verdiyi müsahibəni 5 dilə tərcümə edərək yerləşdiriblər. Bilməyənlər üçün xatırladım ki, həmin müsahibədə ilk prezidentimiz olmuş Ayaz Mütəllibov deyir ki, xilas olunan Xocalı sakinlərinin dediyi kimi, hər şey mənim istefam üçün təşkil edilib: "Düşünmürəm ki, bu cür vəziyyətlərdə çox dəqiq və ağıllı hərəkət edən ermənilər onların faşist fəaliyyətini ifşa edən sənədləri azərbaycanlıların əldə etməsinə imkan verə bilərdi. Kimsə bütün ittihamları mənim adıma bağlamaq üçün bu kadrları Ali Sovetin sessiyasında göstərməkdə maraqlı imiş. İnsanların çıxa bilməsi üçün koridor ermənilər tərəfindən açılmışdı. Bəs ermənilər nə məqsədlə atəş açmalı idi?"



Bax belə, dünya Xocalı soyqırımı ilə bağlı məlumatı  bizim ilk prezidentimiz dilindən çıxan bu sözlər hesabına əldə edir.
Heç olmazsa, bundan sonra "profil şəkillərinizə" Xocalı soyqırımı ilə bağlı görüntülər qoyanda, diqqət edin orada ingilis, fransız, rus, alman dillərində də bir-iki cümləlik məlumat olsun...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top