ALLAHVERDİ AYDIN

Harda yaşayaq: küçədə, yoxsa mağarada?

Harda yaşayaq: küçədə, yoxsa mağarada?

ALLAHVERDİ AYDIN

Azərbaycan müstəqillik əldə etdikdən sonra - son 17 ildə əhalinin sayı 2 milyon 679 min nəfər artaraq bu ilin əvvəlinə olan məlumata görə 9 milyon 898 min nəfəri ötüb. Bu da, 31,4% artım deməkdir. Başqa bir statistikaya görə, son 10 ildə ölkə üzrə hər il 60-90 min arasında nikah qeydə alınır. Ən çox nikah 2011-ci ildə qeydə alınıb - 88 min 145. Ötən il isə Azərbaycanda 62 min 923 nikahın qeydə alındığı bildirilir.  
Göründüyü kimi, ölkəmizdə həm insanların, həm də yeni ailə quranların sayı sürətlə artır. Təbii ki, belə olan halda mənzilə olan tələb də çoxalır. Çünki yeni ailələrə yeni mənzillər lazımdır. Ancaq mövcud qiymətlər gənc ailələrə mənzil almağa imkan vermir.  
Bu ilin ilk 8 ayının rəsmi statistik məlumatlarına görə, ölkə üzrə adambaşına düşən orta  aylıq gəlir  400 manat olub və bunun 293 manatı ərzaq və qeyri-ərzaq məhsullarına, 23 manatı da xidmətlərə xərclənib. Yığıma yönəldilən vəsait  adambaşına 84 manat olub.  Bu isə o deməkdir ki, yeni qurulan 2 nəfərlik gənc ailə ən yaxşı halda ay ərzində 168 manata qənaət edə bilir.  Bu qədər vəsait isə yalnız kirayə haqqını ödəməyə çatır. Rəsmi statistika açıq çəkildə etiraf edir ki, evi olmayıb kirayədə qalan 2 nəfərlik gənc ailənin mənzil almaq ehtimalı sıfıra bərabərdir.
Kirayədə qalmayıb, valideyin himayəsində yaşayanlar isə bu qədər vəsaitlə ən yaxşı halda şəhərətrafı qəsəbələrdən 1-2 sot torpaq sahəsi ala bilərlər. Bundan sonra boğazdan kəsilən qəpik-quruşun və dost-tanışdan alınan borcun hesabına babat bir evə sahib olmaq mümkündür. Lakin bu da hər adama qismət olmur. Belə evlərin böyük əksəriyyətinin sənədləri də olmur. Ev sahibləri əlavə "xərclərdən" qaçmaq üçün sənədləşdirməyə maraq göstərmirlər. Elə ona görədir ki, ölkə ərazisində yüz minlərlə sənədsiz tikili mövcuddur.  Xatırlayırsınızsa, bu dəhşətli faktı ilk dəfə Dövlət Reyster Xidmətinin (DSX) keçmiş rəisi Arif Qaraşov səsləndirib. Arif Qaraşov bu faktı səsləndirən zaman DSX-nin rəisi vəzifəsini icra edirdi. Sonradan bu rəqəm bu sahənin mütəxəssisləri və Qeyri Hökumət Təşkilatları tərəfindən 1-1,5 milyona qədər artırıldı. 10 milyona yaxın əhalisi olan Azərbaycan kimi bir ölkə üçün bu, həddindən artıq böyük rəqəm hesab olunmalıdır.
Paytaxtın kənar rayonlarında yerləşən 2-3 otaqlı mənzilləri 60 min manatdan ucuz almaq mümkün olmur. Orta aylıq əmək haqqının 350 manat, adambaşına düşən gəlirin 400 manat, yaşayış minimumunun 173 manat olduğu ölkədə  insanlar bu mənzillərə necə sahib ola bilərlər?  XIX əsrdə nə mağarada, nə də küçədə yaşamaq mümkün deyil. İnsanların mənzil sahibi olması üçün mütləq çıxış yolu olmalıdır.
Hazırda ipoteka kreditləri vasitəsilə mənzil sahibi olmaq dünyada geniş yayılıb. Bu həm də əksər ölkələrdə yeganə çıxış yolu hesab olunur. Ancaq bunu bizim məmləkət haqqında söyləmək mümkün deyil. İpoteka kreditləri ilə bağlı mövcud şərtlər olduqca ağırdır. Siz təsəvvür edin ki, 4%-lik güzəştli ipoteka krediti ilə 10 il müddətində 60 min manatlıq evə sahib olmaq üçün hər ay ən azı 500 manat ödəniş etmək lazımdır.
Anayasamızın (Konstitusiya) 43-cü maddəsinin 2-ci bəndində belə yazılır: "Dövlət insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür". Bu cümləni təxminən 20 il əvvəl oxusamda hələ də anayasamızda qeyd olunan "xüsusi tədbirlər" ifadəsinin nə mənayə gəldiyini başa düşməmişəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top