“Xəstə insan üzərində təcrübə aparılacaq predmet deyil” – Əbu Bəkr Ər-Razi


“Ət-Tibbur-Ruhani” (Əxlaqın yaxşılaşdırılması) əsərini qələmə alarkən Əbu Bəkr Ər-Razinin əsas məqsədi bədənin və ruhun sağlamlığını əhatə edəcək bir qaynaq ortaya qoymaq olmuşdur. Ər-Razi bu əsərində fizika və psixologiya arasında əlaqə qurmuşdur. Kitabda yer alan hər bir başlıq bizə əsas mətləb və məzmun haqqında bilgi verir.
Ağıla verdiyi dəyər
Ər-Razi “Ət-Tibbur-Ruhani” əsərinə “ağılın dəyəri” mövzusu ilə başlamış, sonra da nəfsin istəkləri, insanın öz xətalarını görüb tanıması, sevgi və məhəbbət hissi, həsəd, qəzəb, xəsislik və acgözlük duyğusu, sərxoşluq və ya fəzilət üzrə yaşamaq, ölüm qorxusu və s. mövzuları işləmişdir. Ər-Razi əsərini ağılın dəyəri və üstünlüyü ilə başlamasının səbəbini insanın həyatda hər bir faydalı şeyi ağılla əldə etməsi və insanın digər canlılardan məhz ağılla fərqlənməsi ilə açıqlayır. Ər-Raziyə görə, ağıl Allahın (c.c) bizə verdiyi ən böyük və ən faydalı nemətdir və biz heyvanlardan ağıllı olmamızla fərqlənirik.
Yeniavaz.com xəbər verir ki, Əbu Bəkr Ər-Razi ağılı əsas götürərək insanın iradəli və düşünə bilən bir varlıq olduğunu demiş, beləcə təbiətin və ətraf mühitin insanın əxlaq və davranışları üzərindəki təsirini azaltmışdır. Əslində məsələyə belə bir aspektdən baxış insanın etdiyi hərəkətlərdən cavabdeh olması və məsul tutulması üşün gərəkli bir amildir. Əks halda insan əməl və davranışlarına sadəcə təbiətdən, ətraf mühitdən gələn təsirlər yön versəydi, bu zaman hər hansı əməlinə görə məsuliyyət daşıması, cavabdeh olması mümkün olmazdı. Bir şəxsin hər hansı hadisə qarşısında əsəbiləşərək ətrafına zərər verməsini ağılı və insan iradəsini yox sayaraq sadəcə onun xəsiyyəti ilə əlaqələndirsək, bu yanaşma verdiyi zərərdən məsuliyyət daşımaması mənasına gəlir. Ər-Razi bunun qarşısını almaq üçün ağıl və iradəni ön plana çıxarır.
Əbu Bəkr Ər-Razi tibb sahəsində bir çox yeniliyin öncüsü olmuşdur. İdarə etdiyi xəstəxananın çox faydalı bir şəkildə işləməsi və xəstələrə xidmət verə bilməsi üçün daxili xəstəliklər, ümumi cərrahiyyə, nevrologiya, ortopediya, oftalmologiya, ümumilikdə isə 20 mütəxəssisdən ibarət həkim kadrosu ilə birgə çalışmışdır.
O, xəstə başında, yəni əyani göstərərək tələbələrə dərs deyən ilk həkimdir. Bir çox tələbə və həkim xəstəxanada bir-bir gəzərək xəstələri gündəlik ziyarət edəndə Ər-Razinin bilik və təcrübələrindən, onun irəli sürdüyü metodlarından istifadə etmişlər. Beləcə Ər-Razi şübhəli vəziyyətlərdə elminə müraciət edilən mötəbər qaynaq, xəstəliklərdən qurtulma ümidi və xəstəliklərin doğru və dəqiq diaqnozunu qoyan dövrün güclü həkimi olmuşdur.
Bütün bunlarla yanaşı onu da qeyd edək ki, Ər-Razi sadəcə tibb və kimya elmini dərindən bilən bir alim deyildi. O eyni zamanda əkinçilik sahəsində, müxtəlif növ tərəzi və ölçü cihazlarının düzəldilməsi, sadə və mürəkkəb dərmanların hazırlanması, mədən və əczaçılıq sahələrində də söz sahibi idi. Hər sahədə geniş məlumatı olduğuna, xüsusən də tibb sahəsindəki nailiyyətlərinə görə xəlifə və hökmdarların saraylarında həkim və məsləhətçi olaraq işləmişdir. Bu minvalla Əbu Bəkr Ər-Razi Xorasan valisini müalicə etmək üçün onun sarayına getmişdir. Ər-Razinin hökmdar yanında olmasının əsas məqsədi mal və vəzifə əldə etmək deyil, xəstələnəndə hökmdarı müalicə etmək, səhhəti yerində olanda isə həm onlara, həm də xalqa faydalı olacaq xüsuslarda məsləhətlər vermək olmuşdur. Əslində Ər-Razinin hökmdarların yanında olmaqdan xoşu gəldiyini demək olmaz, çünki ona görə, bir həkim üçün ən çətin iş həkimlik sənətini hökmdar və aristokrat təbəqənin əmri altında icra etməkdir.

“Receuil des traites de medecine” adlı əsərdə Əbu Bəkr Ər-Razinin xəstə bir insanı müalicə edən rəsmi
Ər-Razi “Sirətul-Fəlsəfiyyə” (Fəlsəfi həyat) adlı əsərində 200 əsərin müəllifi olduğunu qeyd edir. Avtobioqrafik mahiyyətdə qələmə aldığı bu əsərində Ər-Razi bir mənada ona qarşı irəli sürülən ittihamlara qarşı özünü müdafiə edir. Əbu Bəkr Ər-Razi ilə bağlı araşdırmalar aparan Hüseyin Karaman qaynaqlarda Ər-Razinin əsərlərinin sayı ilə bağlı 133, 264 kimi rəqəmlərin göstərildiyini qeyd edir. Bu minvalla Ər-Razinin əsərlərinin sayının ümumilikdə 200-dən az olmadığını demək olar. Ancaq onun məntiq, metafizika və fizika ilə bağlı əsərlərinin hamısı günümüzə qədər gəlib çatmamışdır. Araşdırmalar nəticəsində Əbu Bəkr Ər-Razinin 28-i nəşr edilmiş, 50-si isə əlyazma halında günümüzə qədər gəlib çatan əsəri aşkar edilmişdir.





Ər-Razinin görüşləri, ona aid olan və olmayan əsərləri barədə...
Keçən yazıda bir az təmas etsək də, Əbu Bəkr Ər-Razi haqqındakı bir məsələyə yenidən toxunmaq istəyirəm. Bu da onun dinsizliyi, deist bir filosof olması ilə bağlı iddialardır. Əslində alimin həyatını, görüşlərini araşdırarkən obyektivliyi əldən buraxmamaq lazımdır. Hər hansı alimi yalandan çox dindar, ya da dinsiz, mülhid və ya kafir göstərmək elm adına heç vaxt doğru mövqe olmazdı.
Tədqiqatçıların ifadəsinə görə, Ər-Razinin həyatını araşdıranda onun günümüzə qədər gəlib çatan və ona aid olduğu şübhə doğurmayan əsərlər və buradakı görüşlərdə İslam etiqadı ilə ziddləşən hər hansı məsələyə rast gəlmək mümkün deyil. Ancaq bizə natamam halda çatdırılan və Ər-Razinin müxalifləri tərəfindən ona aid edilən görüş və fikirlər arasında isə İslama uyğun olmayan bir sıra görüşləri görmək olar.
Əsərlərində rast gəlməsək də tənqidçiləri və ona müxalif şəxslər tərəfindən ona isnad edilən görüşlərdə Ər-Razi tarix boyu mülhid (dinə inanmayan), zindiq (Allahın birliyini və axirəti inkar etsə də imanmış kimi görsənən), deist bir filosof olaraq tanınmışdır. Misal üçün, Əbu Bəkr Ər-Razi haqqında müxalifləri tərəfindən qələmə alınan “Alamun Nübüvvə” və digər əsərlərdə onun “Allahdan başqa əzəli və əbədi varlıqların olduğuna inanması”, “Allah tərəfindən peyğəmbərlərin göndərilməsini lüzumsuz sayması”, “fəlsəfi düşüncəni dini düşüncənin önündə tutaraq dini düşüncənin insanları təqlidə apardığını söyləməsi”, “peyğəmbərlərin sözlərində ziddiyyətin olduğunu düşünməsi”, “möcüzələr haqqında bəzi şübhələrinin olduğu”, “Quran üslubunda hər hansı möcüzə və ecazkarlıq görmədiyi” və s. kimi iddialar yer alır.
Əbu Bəkr Ər-Razinin qətiyyətlə özünə aid olduğu bilinən və günümüzə qədər gəlib çatan əsərlərdə isə vəziyyət daha başqadır. Onun əsərlərində vəhy və ya peyğəmbərliyi inkar edən, vəhy qarşısında ağılı daha üstün görən hər hansı görüşə rast gəlmək mümkün deyil. Həmçinin ona aid edilən və İslam etiqadına zidd görüşləri özündə ehtiva edən hər hansı əsər də günümüzə qədər gəlib çatmayıb. Bunun əksinə Ər-Razinin əldə olan əsərlərində həqiqi dinə (İslama) bağlanan və ona əməl edən insanın ölümdən qorxmamalı olduğu qeyd edilir. Əsərlərində Həzrət Peyğəmbərə (s.ə.s) dərin ehtiramın əlaməti olan “Salat və səlam əfəndimiz, sevgilimiz və qiyamət günü şəfaətçimiz olan Həzrət Muhammədə (s.ə.s) olsun” kimi cümlələrdən istifadə edir.

Əbu Bəkr Ər-Razinin “Ət-Tibbur-Ruhani” (Əxlaqın yaxşılaşdırılması) adlı əsərinin əlyazma nüsxəsindən bir bölüm
Əbu Hatim Ər-Razi kimi müxalifləri tərəfindən qələmə alınan əsərlərdən yola çıxaraq Əbu Bəkr Ər-Raziyə bir ad veriləcək olsa, ən xəfif ifadə ilə, ona fəlsəfi görüş və fikirləri çox qarışıq bir alim demək olar. Misal üçün, Ər-Razi haqqında araşdırmaları ilə tanınan Mahmut Kaya müxaliflərinin onun haqqında yazdıqlarından yola çıxaraq belə deyir: “Ər-Razi tibb sahəsində çoxlu nailiyyətlər əldə etsə də, fəlsəfə sahəsində bu nailiyyət və uğurları əldə edə bilməyib. Onun fəlsəfi düşüncələri orijinal deyil”. Halbuki Ər-Raziyə aid olduğu bilinən və mühüm əsərlərindən biri olan “Ət-Tibbur-Ruhani” (Əxlaqın yaxşılaşdırılması) əsərində onun çox sistemli bir düşüncəyə sahib filosof olduğunu görürük. Belə bir məqamda çıxış yolu olaraq Ər-Razinin müxalifləri tərəfindən qələmə alınan əsərlərdə onun haqqında söylənənlərə şübhə ilə yanaşmaqdan başqa seçim qalmır.
Araşdırmaçılar Əbu Bəkr Ər-Razi ilə bağlı belə bir mənzərənin formalaşmasını bu şəkildə izah edirlər: Əbu Bəkr Ər-Razi elmin müxtəlif sahələrində 200 əsər qələmə alan, hardasa dövründəki bütün elmlərlə maraqlanan məşhur bir alim olmuşdur. Elmə olan həvəsi və çalışqanlığı sayəsində dövrün hökmdarları ona dəyər vermiş, saraylarında onları müalicə etmiş, onlarla yaxınlıq quraraq şərəf və rütbə qazanmışdır. Bu haqlı şöhrətinə görə də dövründə onu qısqananlar çox olmuş və haqsız ittiham və tənqidlərlə üzləşmişdir. Bu da tarix boyu onun səhv tanınmasına səbəb olmuşdur. Bu səbəblə Əbu Bəkr Ər-Razinin əsərlərindən bəhs edəndə “Ər-Razinin orijinal və özünə aid əsərləri” bir də “Ər-Raziyə aid edilən əsər və görüşləri” olmaqla məsələni iki yerə bölmək lazımdır.
Ər-Raziyə aid edilən ikinci növ əsərləri bizə çatdıran insanları nəzərə alanda bu əsərlərlə bağlı ortaya ciddi şübhələr çıxır. Ona isnad edilən əsərləri bizə çatdıran Əbu Hatim Ər-Razi, Hamiduddin Əl-Kirmani və Nasir Hüsrəv kimi şəxslər, daha əvvəl də qeyd edildiyi kimi, onun müxalifləri və rəqibləri olmuşlar.
Əbu Hatim Ər-Razi əqli dəlillərə əsaslanaraq peyğəmbərliyi müdafiə edən “Alamun-Nubuvvə” adlı əsərində ad vermədən və sadəcə “mülhid” dediyi bir şəxslə mübahisə etdiyini söyləyir. Kirmani də “əl-Aqvaluz-Zəhəbiyyə” əsərində “mülhid” olaraq zikr edilən həmin şəxsin Əbu Bəkr Ər-Razi olduğunu söyləmişdir.
Ər-Raziyə görə həzz alma və ağıl arasında münasibət
Ər-Raziyə görə, insanlar həzz və zövq alma kimi duyğularını idarə edə, bunları az, ya da çox cilovlaya bilirlər. Ancaq heyvanlar ağıl və iradədən məhrum olduqları üçün həzz və zövq alma hisslərinin qarşısını ala bilməzlər. Həzz və zövq alma duyğularını idarə edə bilmək heyvan şüurunu insan şüurundan ayıran əsas xüsusiyyətlərdən biridir. Heyvanların şüurunda yalnız zövq alma hissi olduğu halda, insan şüurunda zövq almaqla yanaşı ağıl da vardır. Ər-Raziyə görə, ağıldan yoxsun olan dəlilər və əqli yetkinliyə çatmamış uşaqlar zövq alma duyğularını idarə edə bilmədikləri üçün onların şüurunu heyvani bir şüura bənzədə bilərik. Ər-Razi bu fikrini belə əsaslandırır ki, bir canlının insan şüuruna yoxsa, başqa bir canlının şüuruna sahib olduğunu qərarlaşdırmaq üçün onun bədən formasına və fiziki quruluşuna baxmazlar. Buna görə də dəlilər və uşaqlar zövq və istəklərini cilovlaya bilmədikləri üçün kamil insan sayılmazlar. İnsanda var olan həzz alma duyğusu ilə ağıl daim bir-biri ilə mücadilə halındadır. Ər-Raziyə görə, insan arzu, həvəs, həzz və zövq alma duyğularını nə qədər cilovlaya, onları idarə edə bilirsə, bir o qədər kamil insandır.
İnsanın keçmiş və gələcək qayğıları
Ər-Razi qeyd edir ki, heyvanlar üçün sadəcə yaşadıqları an vardır. Heyvanlar üçün yaşadıqları andan əvvəli, ya da sonraası yoxdur. Heyvanlarda düşünmə qabiliyyəti olmadığına görə gələcəkdən də xəbərsizdirlər. Misal üçün, qurban kəsiləcək bir heyvan kəsilənə qədər otlamaqdan, su içməkdən həzz duyar, bir az sonra öləcəyini düşünməz. Ancaq insan üçün vəziyyət belə deyil. Ər-Razi bu səbəbə görə insanın sadəcə içində olduğu zaman dilimi ilə deyil, keçmişi və gələcəyi də əhatə edəcək şəkildə həyatını davam etdirdiyini, həyatını bu minval üzrə qurduğunu söyləyir. İnsan keçmişi düşünən, gələcəklə bağlı qayğılar daşıyan və gələcəklə bağlı planlar quran bir varlıqdır. Bu xüsusiyyət heyvanda yoxdur, insanda vardır.
Tibb əxlaqına dair verdiyi töhfələr
Əbu Bəkr Ər-Razi xəstəni müayinə edəndə onun yaşını, ən son nələr yeyib-yemədiyini, keçirdiyi xəstəlikləri, şikayətinin nələr olduğunu və nə vaxt başladığını soruşar, daha sonra isə xəstəliyə diaqnoz qoyardı. Bütün bunlarla yanaşı xəstədən aldığı bütün məlumatları yazaraq saxlayardı. Ər-Razi tibb sahəsində bütün bilgi və təcrübələrini xüsusilə on beş ildə ərsəyə gətirdiyi və böyük bir tibb ensiklopediyası hesab edilən “Əl-Havi” (Əl-Camiul-Kəbir) adlı kitabında bir araya gətirmişdir.
Ər-Razi “Əxlaqut-tabib” (Həkimin əxlaqı) adlı əsərində həkim-xəstə münasibətində riayət edilməli olan qaydaları açıqlayaraq belə demişdir:“Xəstə insan üzərində təcrübə aparılacaq predmet deyil. Müalicədə lazım olmadıqca sadə dərmanlarla kifayətlənməli və həkim xəstənin sirdaşı olmalıdır. Həkim həkimlə birbaşa dialoq qurmalıdır”. Ər-Razi sağlam tibb təhsili almadan, bir neçə tibb kitab oxuyaraq insanların sağlamlığı ilə oynayan, onların xəstəliklərini istismar edən şəxsləri “dəccal” (insanları doğru yoldan uzaqlaşdıran) adlandırmışdır.

Ər-Razinin “Əl-Cami Fit-Tıbb” əsərinin 1529-cu ilə latın dilində nəşr olunmuş nüsxəsindən bir səhifə
İnsanın həzz alması və acı duymasının səbəbləri
Əbu Bəkr Ər-Razi “Ət-Tibbur-Ruhani” (Əxlaqın yaxşılaşdırılması) əsərində insanın təbii və normal vəziyyətinin həzz alma və ağrı hiss etmə olmadığını qeyd etmişdir. Ona görə, insandakı zövq alma duyğusunun öz-özlüyündə müstəqil varlığı yoxdur. Həzz və zövq alınan şey insanın təbii və normal vəziyyətinə qayıtmasıdır. İnsan təbii və normal vəziyyətindən uzaqlaşanda isə ələm, acı və kədər meydana gəlir. Acı, kədər və ələm meydana gəldikdə əvvəlki vəziyyətin zövq və həzz halı olduğu anlaşılır. Ər-Raziyə görə, insanın təbii və normal vəziyyəti heç bir həzz, ya da acının yaşanmadığı haldır. Buna görə də təbii və normal vəziyyətdən ayrılmaq kədər hissini, yenidən təbii və normal vəziyyətə qayıtmaq isə həzz və zövq hissini ortaya çıxarır. Təbii və normal vəziyyətə gəldikdə isə həzz və zövq alma dayanır. Həzz alma və acı duyma hissinin şiddəti isə təbii və normal vəziyyətdən uzaqlaşma və yaxınlaşma dərəcəsinə görə təyin edilir. Uzaqlaşdıqca acı və ələm, yaxınlaşanda isə həzz və zövq alma artar.
İnsan nəfsinin istəklərini yerinə yetirəndə keçici bir xoşbəxtlik və həzz əldə edir. Bir insan dünyanın yarısına sahib olsa belə digər yarısını da əldə etmək istəyəcək. İnsan ağıl və iradə gücünü işlətmədiyi ölçüdə nəfsinin, həva və həvəsinin qurbanı olmağa başlayacaq. Bütün bunlardan doymayan nəfs bu zaman ölümsüzlüyü istəyəcək, ancaq bunun mümkünsüz olduğunu anlayanda ümidsizliyə düşərək ruhunda ələm və acı yaşayacaq. Ər-Raziyə görə, insanı həyatda xoşbəxt edən şey, ifrat və təfriddən uzaq, normal və təbii vəziyyətinə geri dönməsi və bu xətt üzrə yaşamasıdır.
 
Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz...
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top