“Xəstələr arasında kasıb-varlı ayırımı edilməməlidir” – Əbu Bəkr Ər-Razi


Bu yazının adı sanki min il əvvəl deyil, elə bu günlərdə söylənib. Bu sözlər günümüzdə də öz aktuallığını qoruyur. Sanki bu sözlər dövri mətbuatda yer alan günümüzdəki hansısa hadisə ilə bağlı söylənmiş bir ifadədir. Halbuki bu sözlər Hippokratın xəstə-həkim münasibəti ilə bağlı sözlərinə düzəlişlər edən, tibb etikası ilə bağlı ciddi əsərlər qələmə alan Əbu Bəkr Ər-Raziyə aiddir.
Yeniavaz.com xəbər verir ki, Əbu Bəkr Ər-Razi 865-ci ildə Rey şəhərində dünyaya gəlmişdir. O İslam tarixində həkim-filosof olaraq tanınır. Tam adı Əbu Bəkr Muhamməd ibn Zəkəriyya Ər-Razidir. Gənc yaşlarında şeir yazmış və musiqi ilə məşğul olmuşdur, hətta ud çalaraq mahnı da oxuduğu da söylənilir. Ancaq 18-20 yaşına çatıb bığ və saqqalı çıxmağa başlayanda: “Daha musiqi ilə məşğul olmaq uyğun deyil” deyərək musiqidən əl çəkmiş, simya (cadu, sehr elmi), kimya, tibb və fəlsəfə kimi elmlərə yönəlmişdir.
Əbu Bəkr Ər-Razi qədim yunan həkimləri olan Hippokrat (e.ə. 460 – e.ə. 370) və Qalendən (129-200) sonra tibb elminə verdiyi töhfələrinə görə “Ərəblərin Qaleni” olaraq anılmışdır. Rəvayətə görə, Əbu Bəkr Ər-Razi dolanışığını zərgərlik sənəti ilə məşğul olaraq təmin etmişdir. Zərgərliklə məşğul olması onun kimya elmini dərindən öyrənməsinə və bu elmin ilk qurucuları arasında yer almasına səbəb olmuşdur. Ərsəyə gətirdiyi laboratoriyada kimya təcrübələri apararkən gözləri zədə almışdır. Əbu Bəkr Ər-Razinin tibb elminə yönəlməsinə səbəb də məhz gözlərinin zədələnməsi göstərilir.
Əbu Bəkr Ər-Razi kimya sahəsində əldə etdiyi bilgi və nailiyyətləri tibb elmində tətbiq edən ilk həkim olaraq bilinir. O, xəstələr üzərində təcrübələr aparmağa qarşı çıxmış, ehtiyac duyulan tibbi təcrübələri meymunlar üzərində aparmışdır. Əbu Bəkr Ər-Razinin tibb və kimya elminə dair əsərləri hələ orta əsrlərdən etibarən latın dilinə tərcümə edilmişdir. Əbu Bəkr Ər-Razi Avropada “Rhazes” olaraq tanınmışdır.
Əbu Bəkr Ər-Razi ömrünün sonlarına yaxın baş beyinin zədələnməsi nəticəsində yaranan və əsmə ilə müşahidə olunan parkinson xəstəliyinə tutulmuş, həmçinin gözlərinə katarakt gəlmişdir. Bu yaşlı vaxtında: “Dünyanı yetərincə gördüm” deyərək əməliyyata icazə verməmişdir. Qaynaqların verdiyi bilgiyə görə, Əbu Bəkr Ər-Razi həyatı boyunca 200-dən çox əsər qələmə almışdır. Ancaq bu əsərlərin sadəcə bir hissəsi günümüzə qədər gəlib çatmışdır. O, Rey şəhərində 925-ci ildə 60 yaşında dünyasını dəyişmişdir.

Ət-Tibbur-Ruhani (Əxlaqın yaxşılaşdırılması) əsəri Əbu Bəkr Ər-Razinin günümüzə qədər gəlib çatan mühüm kitablarından biridir. Əsərin adındakı "ruh" kəlməsi əxlaq mənasında işlədilmişdir. Bu səbəblə kitab “Əxlaqın yaxşılaşdırılması” kimi tərcümə edilməsi daha məqsədə uyğundur. Əbu Bəkr Ər-Razinin bu kitabı İslam fəlsəfəsi tarixində əxlaq mövzusunda yazılan ilk əhatəli əsər hesab olunur. Ər-Razinin əxlaq fəlsəfəsində əsasən ağıl, həva (arzu, həvəs, istək), həzz almaq, ağrı duymaq, insan iradəsi, əxlaq və bunların tibb elmi ilə əlaqəsi, həmçinin insanın fəzilət və pis xasiyyətə sahib olması kimi mövzular işlənib.
Əbu Bəkr Ər-Razinin digər əsəri “Məharikul-Ənbiya” (Yalançı peyğəmbərlərin hiylələri) adlanır. O, bu kitabda peyğəmbərlik haqqındakı görüşlərini açıqlayır. Kitabda əsasən yalançı peyğəmbərlərdən bəhs edilir, saxta peyğəmbərlərin hiylələri gün üzünə çıxarılaraq ifşa edilir.
Əbu Bəkr Ər-Razi dövründəki tibb elminə dair əksər məlumatları bir araya toplamışdır. Onun ən mühüm əsəri “Əl-Havi” adı ilə də bilinən “Əl-Camiul-Kəbir” əsəridir. Bu kitab Əbu Bəkr Ər-Razinin elmi-tədqiqatları və təcrübələrini bir yerə toplayan ensiklopedik bir əsərdir. O, bu kitabın ərsəyə gəlməsi üçün on beş il əmək sərf eləmişdir. Hətta onun görmə qabiliyyətini itirməsini bu kitab üzərindəki çalışmalarına bağlayanlar da var. Bu əsər 1395-ci ildə Parisdə Tibb Fakültəsindəki ən mühüm ilk on kitabdan biri hesab edilmişdir. Xüsusilə kitabın dərmanları izah edən hissəsi uzun müddət Avropada həkimlərin ən əhəmiyyətli qaynağı olaraq istifadə edilmişdir.
Əbu Bəkr Ər-Razi mülhidliklə, yəni dinsizliklə, İslam etiqadına uyğun olmayan görüşlərə sahib olması ilə ittiham edilmişdir. Ancaq Əbu Bəkr Ər-Raziyə aid olduğu qəbul edilən və günümüzə qədər gəlib çatan əsərlərini tədqiq edəndə fəlsəfi və dini baxışlarına görə onu belə bir ciddi ittihamla zənn altında buraxmağın əsassız olduğunu görürük. Qaldı ki, onun milhidliklə (dinsizliklə) günahlandırılmasına səbəb olan görüşlərə, şəxsən onun özü tərəfindən yazılan əsərlərdə deyil, həm məzhəbcə, həm də siyasi olaraq ona müxaliflik edən Əbu Hatim Ər-Razinin “Alamun-Nübüvvə” adlı əsərində rast gəlirik. Halbuki belə görüşlərə əvvəlcə müəllifin öz əsərində rast gəlmək lazımdır ki, bu kimi iddialar şübhə götürmədən qəbul edilsin. Əks halda ikinci, üçüncü qaynaqlarda keçən, özü də müxalifləri tərəfindən qələmə alınmış əsərlərdəki iddialar istər-istəməz ortada bir qərəzin olduğuna işarə edir. Əbu Bəkr Ər-Razinin günümüzə qədər gəlib çatmış “Sirətul-fəlsəfiyyə” (Filosofun həyatı) və “Tibbur-ruhani” (Əxlaqın yaxşılaşdırılması) əsərlərinə nəzər salanda onun, müxaliflərinin iddia etdiyi kimi, Allahdan (c.c) başqa əzəli varlıqların olduğuna inanması, müqəddəs kitabı (Quranı) və peyğəmbərliyi qəbul etməməsi kimi məqamlardan bəhs edən hər hansı dəlilə rast gəlmirik.
Əbu Bəkr Ər-Razinin duanın əhəmiyyətindən bəhs edən əsəri bu gün əldə olmasa da, kitabın adına diqqət etsək, müəllifin duanın gərəkli olduğuna inandığı anlaşılır. Bu belə Əbu Bəkr Ər-Razinin deist bir filosof olduğu ilə bağlı görüşlərlə üst-üstə düşmür. Əbu Bəkr Ər-Razi deist düşüncəyə sahib olsaydı, Uca Allahın (c.c) bu kainatı yaratdığı və biz insanlar daxil olmaqla heç bir şeyə müdaxilə etmədiyinə inanmış olması lazım idi. Halbuki dua etmək həyatın axışına müdaxilə edilməsini tələb etməkdir. Duanın lazım olduğu inancı və dua haqqında əsər yazaraq dua etməyi təşviq etmək deist bir düşüncə ilə bir araya sığmayan məsələdir.
Qərbdə “İslam dünyasının Qaleni” olaraq tanınan Əbu Bəkr Ər-Razinin latın dilinə tərcümə olunmuş kitabları əsrlərlə qaynaq əsər olaraq oxudulmuşdur. Əbu Bəkr Ər-Razi xəstəlikləri fizioloji və ruhi olmaqla iki hissəyə ayırmış və bu minvalla tibb elmini “tibbur-ruhani” və “tibbul-cəsədani” olaraq təsnif etnişdir. Ər-Razi tibb elmi ilə əxlaq arasında əlaqə quraraq bunların bir-birindən ayrılmaz iki parça olduğunu demişdir. Ər-Razi tibb etikasından bəhs etmiş, tibb əxlaqı ilə əlaqəli əsərlər qələmə almışdır.

Əbu Bəkr Ər-Razi tibb əxlaqı ilə bağlı qələmə aldığı əsərləri ilə İslam dünyasında bu sahədə kitab yazan ilk alimlərdən hesab olunur. Ər-Razi kimya sahəsindəki bilik və təcrübələrini tibb sahəsində səmərəli istifadə etmişdir. Misal üçün, o, kimyaçı olma xüsusiyyətindən irəli gələrək tibbdə gliserin, alkoqol, soda, sirkə turşusu, kükürd, azot turşusu və civədən istifadə etmişdir. Ər-Razi maddələri mədənlərdən, bitkilərdən və heyvanlardan əldə edilən olmaqla üç hissəyə ayırmışdır. Ər-Razi kimya elmindəki ustalığı sayəsində əvvəllər edilməmiş və yalnız özü tərəfindən hazırlanan bəzi dərman preparatların da müəllifidir. Müalicə üçün istifadə edəcəyi bu kimyəvi maddələri insanlara tətbiq etmədən əvvəl heyvanlar üzərində test etməsi dövrü üçün böyük bir inkişaf mərhələsi idi.
Əbu Bəkr Ər-Razinin əsas xüsusiyyətlərindən biri fəlsəfə və tibb elmini, həmçinin tibb elmi ilə kimya elmini çox məharətlə sintez etməsi və bunun nəticəsində də tibb sahəsində bir çox yeniliklərə imza atmasıdır. Tibb sahəsində etdiyi yeniliklər və bu sahədə qələmə aldığı əsərləri ilə onun həkimliyi daha ön plana çıxmışdır. İslam düşüncə tarixində öz yerini alan filosof-həkim deyiminə Ər-Razi ilə birlikdə həkim-filosof ifadəsi də əlavə edilmişdir. Əbu Bəkr Ər-Razi kimya elmini nəzəriyyədən praktikaya daşıyaraq həm diaqnoz qoymada, həm də müalicədə bir vasitə kimi istifadə etmişdir.
Yazının əvvəlində qeyd edildiyi kimi, Əbu Bəkr Ər-Razi həyatının son dövründə gözlərini itirmişdir. Ancaq qaynaqlarda bunun fərqli səbəblərindən bəhs edilir. İlkin rəvayət odur ki, uzun bir müddət kimyəvi maddələrlə işləmək gözlərinə zərər vermiş və nəticədə gözünün işığını itirməsinə səbəb olmuşdur. Digər rəvayətdə yenə uzun müddət zəif işıqda kitab oxuduğuna görə gözlərini itirdiyi qeyd edilir. Xorasan hökmdarı Mansur ibn İshaqın əmri ilə ona işkəncə edildiyini və aldığı qamçı zərbələrindən gözlərini itirdiyini söyləyənlər də var. Həm fiziki, həm də mənəvi olaraq belə gərgin dövrlərdən keçən Əbu Bəkr Ər-Razi ömrünün sonlarına doğru parkinson xəstəliyinə yaxalanmışdır.
Əbu Bəkr Ər-Razi Platonla başlayan və Kindi ilə davam edən fəlsəfə və tibb elminin birgə öyrənilməsi metodunu daha da inkişaf etdirərək bu ənənəni İslam əxlaqı ilə birləşdirmişdir. Beləcə də etik və əxlaqi xüsusiyyətləri özündə birləşdirən bir tibb anlayışı formalaşmağa başlamışdır. Bu mənada tarix boyunca tez-tez rastlaşdığımız “filosof-həkim” anlayışı Əbu-Bəkr Ər-Razidə “həkim-filosof” şəklini almışdır.
Əbu Bəkr Ər-Razi “Tibbur-Ruhani” (Əxlaqın yaxşılaşdırılması) əsərində insanların sahib olduğu ölüm qorxusundan bəhs edir. Bəzi insanların ölüm anında ruhun bədənlə birlikdə yox olacağına inandıqlarını qeyd edən Ər-Razi, əslində yoxluğa inanan bir insanın qorxmalı olmadığını bildirir, çünki məsələyə o cür yanaşanda heç bir şey yoxdursa, demək ağrı və əzab da yoxdur. Ancaq ölüm qorxusundan qurtulmanın yeganə yolu əbədiyyətə inanmaqdır. İnsana veriləcək belə bir təlqin ölüm qorxusunu azaltmaq və ya minimuma endirmək üçün praktiki üsullardır. Əslində bir insanın yox olmaq qorxusu ilə yaşaması, həyatının böyük bir hissəsində hiss etdiyi ölüm qorxusu, psixiatriya sahəsindəki ən vacib problemlərdən biridir. Ər-Razinin bu haqda verdiyi həll yolları olduqca əhəmiyyətlidir.
Əbu Bəkr Ər-Razinin “Əxlaqut-tabib” (Həkimlik əxlaqı) və “Mihnətut-tabib” (Həkimin imtahanı) adlı əsərləri tibb əxlaqına dair yazılan ən mühüm əsərlərdən hesab olunur. Ər-Razi bu əsərləri ilə İslam dünyasında tibb əxlaqı sahəsində əsər yazan ilk alimlərdən biridir. Ər-Razinin “Əxlaqut-tabib” (Həkimlik əxlaqı) əsəri, tələbəsi və Xorasan valisinin xüsusi həkimi olan Əbu Bəkr İbn Karih Ər-Raziyə yazdığı bir risaləsidir.
Ər-Razi bu əsərlərdə həkimlərin tabe olmalı olduqları qaydaları və xəstə qarşısındakı məsuliyyətlərini izah etmiş, həmçinin xəstələrin məsuliyyətindən də danışmışdır: “Həkimin əsas vəzifələrindən biri öz üzərində çox işləməsi, elmi biliklərini daim inkişaf etdirməsidir. Bunları təmin etmək üçün tibbi biliklərlə yanaşı fəlsəfə, mühakimə qabiliyyəti və təbiət elmlərinə də sahib olmaq lazımdır. Bu sadalananları etməyən həkim sadə biliklərdən kənara çıxa bilməz”.
Əbu Bəkr Ər-Raziyə görə, həkimin ən vacib vəzifələrindən biri xəlifə və ya hökmdarların hüzurunda insanları öldürmək məqsədilə itələb edilən zəhər və ya dərmanlar haqqında heç bir məlumat verməməkdir. Əgər xəlifənin həkimdən bu yöndə bir istək və tələbi olarsa, həkim onun istəyinə mənfi cavab verməlidir. Əbu Bəkr Ər-Razinin o dövrdə (bəlkə də hər dövrdə) əməl edilməsi çox çətin olan belə prinsipial mövqeni bir etik qayda olaraq xatırlatması onun nə qədər cəsur və güclü bir həkim olduğunu göstərir.
Ər-Raziyə görə, həkimin xəstə qarşısında ən mühüm vəzifələrindən biri xəstəyə son nəfəsinə qədər faydalı olmağa çalışmasıdır. Ər-Razinin xəstələrə münasibətlə bağlı görüşlərində Hippokratdan ayrılan bəzi mühüm məqamlar var. Hippokrata görə: “Tibbin vəzifəsi xəstəni müalicə edilə bilən xəstəliklərdən tamamilə müalicə edərək xəstəliyi aradan qaldırmaq, ağır xəstəlik hallarında isə xəstənin çəkdiyi iztirabı xəfiflətməkdir. Müalicə olunmayan xəstəliklərdə isə xəstənin müalicəsindən uzaq durmaq lazımdır”. Ancaq Ər-Razi məsələyə bir az fərqli yanaşma gətirərək belə deyir: “Bir həkim xəstələrini yaxşı olacağına inandırmalı və onlara şəfa ümidi verməlidir. Əgər müalicənin müsbət nəticə verəcəyindən əmin deyilsə, həkim ölümdən əvvəl xəstənin cəsarətini artırmalı, ona yaşama gücü aşılamalıdır”. Bu görüş əvvəllər tənqid olunsa da, sonraları qərb alimləri də müalicəyə cavab verməyən və gün keçdikcə ölümə daha da yaxınlaşan xəstələrə yaxşılaşma ümidini təlqin etmişlər. Qərbdə müalicə edilə bilməyən xəstələr, xüsusilə də ağıl xəstələri ictimai həyatdan təcrid edildikləri halda, İslam dünyasında bunların müalicəsi daha insani rəftar və davranışlarla davam etdirilirdi.
Ər-Razinin vurğuladığı digər bir məsələ həkimin kasıb və varlı arasında fərq qoymadan xəstəyə qarşı son dərəcə səbirli və mərhəmətli rəftar etməsidir. Xəstəyə səxavətlə vaxt ayırmalı, onu dinləməli, özü isə az danışmalıdır. Bunlarla yanaşı həkim öz həyatına da diqqət yetirməlidir, zövq-səfa ilə məşğul olaraq vaxtını boşa keçirməməlidir. Həyatda tarazlığı qorumalı, peşəsi ilə qürur duymalı və heç vaxt ruhdan düşməməlidir. Çünki bütün dinlər həkimlik peşəsini şərəfli bir peşə olaraq görmüş və həmişə dəyər vermişlər. Buna görə də həkim peşəsini daim yüksək tutmalıdır.
Ər-Razinin tibb sahəsində qələmə aldığı ən böyük əsəri 35 cildlik tibbi ensiklopediya olan “Əl-Havi” əsəridir. Bu əsərdə Ər-Razi bir çox xəstəliyi araşdırmış, bu xəstəliklərin simptomlarını, ortaya çıxma səbəblərini və müalicəsini qeyd etmişdir. Ər-Razi Hippokratın əsərindəki məlumatların tərtibsiz və nizamsız, həmçinin şərh və izahlara möhtac olduğunu qeyd etmiş, buna görə də əsərdəki məlumatları sistemləşdirmişdir. Qeyd edək ki, Ər-Razinin “Əl-Havi” əsərinin onun ölümündən sonra tələbələri tərəfindən eskizlərini bir araya gətirərək ərsəyə gətirildiyini söyləyənlər olmaqla yanaşı, “Əl-Havi” əsərinin “Əl-Camiul-Kəbir” adlı əsəri ilə eyni kitab olduğunu iddia etmişlər.
Ər-Razi müxtəlif dərmanların tərkibi ilə bağlı mühüm bilgilər verir. Onun bu haqda qələmə aldığı “Saydələ” (Əczaçılıq) adlı müstəqil bir əsəri də vardır. Ər-Razi dərmanların hazırlanmasında həm bitki, həm də kimyəvi maddələrdən istifadə etmişdir. Tələbələrinə həmişə əgər bitki ilə müalicə edə bilirlərsə, kimyəvi dərmanlar hazırlamamağı tövsiyə etmişdir. Əsərlərində xəstəliklərdən qorunmaqla bağlı mühüm məsləhətlər vermişdir. Ər-Razi təmiz havanın vacibliyinu vurğulayaraq, yaşayış yerlərini və xəstələrin otaqlarını tez-tez havalandırmağın lazım olduğunu demişdir. Xəstələrin tez-tez yuyunmasına xüsusi diqqət yetirirdi. Təmiz sudan istifadə etmək Ər-Razinin vacib qaydalarından digəri idi. Çirkli su içən bir xəstənin bu zaman qan əmən bir zəlini udduğunu təşhis edən Ər-Razi xəstəni qusduraraq müalicə etmişdir. Ər-Razi bəzi xəstəliklərin müalicəsində musiqidən istifadə etmişdir.
Ər-Razinin təcrübə və müşahidələri ilə ortaya qoyduğu prinsiplər İslam tibb nəzəriyyəsinin formalaşmasında ən mühüm mərhələlərdən biridir. Ər-Razi Hippokrat və Qalendən aldığı tibb elminə dair prinsipləri İslam fəlsəfəsi ilə yenidən şərh etmiş və daha üst səviyyəyə gətirmişdir.
Əbu Bəkr Ər-Razinin peşə nailiyyətləri çox olmaqla yanaşı onun bir o qədər də yüksək  məsuliyyətə sahib olduğunu görmək olar. Ər-Razi xəstələrə yanaşmasında xeyirxah insan, yaxşı  pedaqoq, özündən əvvəlki elmi bilikləri öz müşahidə və təcrübələri ilə yoğuran alim, bir xəstəxana, ya da müalicə mərkəzinin usta bir idarəçisidir. Ər-Razi qızdırmanın bədənin özünümüdafiə sistemi olduğunu ilk dəfə demiş, gün vurmanın qan dövranı ilə əlaqəsini aşkar etmiş, su çiçəyi ilə qızılca arasında fərqlərin olduğunu ortaya qoymuşdur. Bütün bu məlumatlardan görmək olar ki, Ər-Razi öz dövründə və sonrakı əsrlərdə xüsusilə tibb sahəsindəki çalışmaları ilə məşhur olmuş, böyük bir həkim-filosof olaraq tibb aləmində tanınmışdır.

Mövzuya davam edəcəyik...

Qeyd: Yazının hazırlanmasında Zehra Gençel Efenin Hitit Universitetində qələmə aldığı “Tabip-filozof Ebu Bekir Razi ve tıbba kazandırdıkları” adlı elmi işindən, həmçinin Kazim Alkanın İnönü Universitetində qələmə aldığı “Ebubekir Er-Râzi’nîn felsefi ve dini görüşleri” adlı elmi işindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top