Pakistanın milli şairi – Məhəmməd İqbal


Hər yer insanla dolu idi. Çox böyük bir izdiham vardı. İnsanlar hər yandan buraya axın edirdi. Məkan Pakistanın Lahor şəhəri idi. İlin hansı günü olduğunu soruşsanız, aşağıdakı cavabın kifayət qədər aydın olacağını düşünürəm. Gün, Çanaqqaladakı müharibənin ən qızğın günlərindən biri idi. Lahor xalqının əksəriyyəti bu meydana toplaşmışdı.
Mitinqin əsas məqsədi Çanaqqalada müharibə edən müsəlmanlara yardım toplamaq idi. Özləri də kasıblıq içərisində yaşayan xalqın əksəriyyəti meydandakı yardım sərgilərinə qulaqlarındakı sırğaları, barmaqlarındakı üzükləri, cibindəki son qəpiyi, evlərindəki əşyaları sataraq qazandıqları pulları qədim dostlarına göndərirdilər.
O gün Lahorda başqa bir həyəcan da vardı. Bu həyəcan bir azdan kürsüyə çıxacaq bir şəxslə bağlı idi. Bu şəxs Əllamə İqbal (böyük alim İqbal) olaraq tanınan Pakistanın tanınmış ziyalısı Məhəmməd İqbal idi. Məhəmməd İqbal kürsüyə gözləri yaşla dolu halda gəldi. O, bir neçə gün əvvəl gördüyü röyanın hələ də təsirində idi. Yaralı bir aslan ədası ilə mikrafona yaxınlaşdı və xalqa xitabən tarixə keçəcək o məşhur sözləri nəzmlə söylədi:
“Dedi Həzrət Muhamməd (s.ə.s):
-Cahan bağçasından mənə bir qoxu kimi yaxınlaşdın.
Söylə, mənə necə bir hədiyyə gətirdin?
Dedim:
-Ya Muhamməd (s.ə.s), dünyada yoxdur rahatlıq.
Bütün arzularımdan ümidimi kəsdim artıq.
Varlıq bağçasında minlərcə gül, lalə var.
Ancaq nə rəng, nə qoxu… Hamısı da vəfasızdır.
Yalnız bir şey gətirdim təkbirlərlə anılmış.
Bir şüşə qandır ki, bənzəri yoxdur namusudur, vicdanıdır,
Buyurun, bu, Çanaqqala şəhidinin qanıdır”

Məhəmməd İqballa birlikdə mitinq meydanındakı bütün insanlar da duyğulu anlar yaşamışdı. O gün Çanaqqala üçün toplanan yardımlarla birlikdə qardaşlarına bol dualar da göndərdilər. Uzun illər sonra başqa bir Məhəmməd İqbal da eyni saf və duru göz yaşları ilə kürsüdən könüllərə səslənərkən metafizik aləmdə Həzrət Peyğəmbərə (s.ə.s) təqdim edilən bu bir şüşə şəhid qanını yada salaraq belə demişdir: “Əgər belə bir mənəvi məqama qəbul edilsəydim, Həzrət Peyğəmbərə (s.ə.s) təqdim edilən bir şüşə Çanaqqala şəhidin qanına bir damla da Qarabağda şəhid olanların qanından əlavə edərdim”. Bəli, şəhid qanı və şəhidlərin məqamı o qədər yüksək və dəyərlidir ki, İslam millətinin ən sıxıntılı dövründə Həzrət Muhammədə (s.ə.s) təqdim edilən məhz şəhid qanı olmuşdur.
İllər vardı ki, varlığı, gələcəyi, namusu və vicdanı uğrunda İslam milləti mərdcə Çanaqqalada savaşdı, şəhid qanları buralarda torpağa qarışdı. Dövr gəldi I Qarabağ müharibəsində, 28 il sonra da II Qarabağ müharibəsində Azərbaycan oğulları mərdcə vuruşdu. Şuşa şəhəri illər sonra əzan səsinə qovuşdu. Cənab Allahdan (c.c) duamız odur ki, bizə III Qarabağ müharibəsini yaşatmasın. Düşmən də bu qədər ağır itkilərindən sonra bir az ağıla gəlsin.
Həmişə Pakistan haqqında düşünəndə Pakistan xalqının və dövlətinin həmişə Azərbaycana mənəvi dəstəyini görəndə istər-istəməz ağlıma Məhəmməd İqbal gəlir. Axı bugünkü Pakistan ideyasının banisi, ilk dəfə müstəliq Pakistan dövləti fikrini ortaya atan məhz Məhəmməd İqbal olub. Öz daxili aləmində bütün müsəlman xalqlarını qucaqlayan, bütün müsəlmanların dərdlərini məhz öz dərdi hesab edən belə bir qurucu lideri olan Pakistanın, Pakistan xalqının bu gün də haqq mübarizəmizdə bizim yanımızda olmasını insan başa düşüb anlayır.

1877-1938-ci illərdə yaşayan Məhəmməd İqbal Hindustan yarımadasında dünyaya gəlmiş və ömrünün çox hissəsini burada yaşamışdır. Onun düşüncələri, həyata keçirdikləri, yaşadığı bölgənin sərhədlərini aşaraq bütün İslam dünyasına, hətta Avropaya qədər yayılmışdır. İslam dünyasında var olan problemlər, bu problemlərin qaynaqları və İqbalın həll olaraq təqdim etdiyi metodlar sadəcə yaşadığı dövrə təsir etməmiş, eyni zamanda günümüzdə müsəlman cəmiyyətlərinə də yayılmışdır.
Məhəmməd İqbal uzun müddət Avropada qalaraq orada təhsil almasına baxmayaraq, şəxsiyyətini və İslami həyat tərzini itirməmişdir. O, Londonda qaldığı üç ildə bir dəfə belə olsa təhəccüd namazını qaçırmamış, ən böyük zövqünün səhər vaxtında soyuq su ilə dəstəmaz almaq olduğunu demişdir.
Avropada təhsil aldığı müddətdə avropalıların əzmkar və çalışqan olduğunu görən Məhəmməd İqbal, müsəlmanlarda da bu xüsusiyyətin olması gərəkdiyini söyləmişdir. Məhəmməd İqbal sadəcə şair və filosof deyil, eyni zamanda bir siyasətçi olaraq yaşadığı dövlətin (Hindistan) inkişafı və rifahı uğrunda səy göstərmiş, çalışmalar etmişdir. O, Mövlana Cəlaləddin Ruminin heyranı olmuş, onun “Məsnəvi” əsərini yanından ayırmamış, özünə rəhbər etmişdir.
Məhəmməd İqbalın dünyaya gəldiyi 19-cu əsrin ikinci yarısı “İslamiyyətin oyanış dövrü” adlansa da, bu intellektual səviyyədə deyil, siyasi mənada bir oyanışdır. Erkən dövrlərdən etibarən qərbə doğru yayılan İslam qarşısında Qərb dünyası güclərini birləşdirmiş, bir vaxtlar qərbi təşvişə salan müsəlman dövlətləri, qərbin hərbi gücü, texnologiyası və siyasi güc birliyi qarşısında gücsüz qalmış, parçalanma və yox olma təhlükəsi ilə üz-üzə qalmışdır. Məhəmməd İqbala görə, çöküşdə olan şərq dünyası qərbin siyasi və mədəni hücumu qarşısında açıq meydan halına gəlmişdir. Şərq aləminin bu halı müsəlmanlara həyatın çətinliklərinə sinə gərməyi öyrətməkdənsə, bu həqiqətlərdən qaçaraq yalnız axirət dünyasına yönəlməyə sövq etmişdir. Bu hala bir də xristian missionerlərin fəaliyyətini əlavə edəndə ortada narahat edici bir vəziyyət ortaya çıxır. Əslində bütün problemlər bir mərkəzdə toplanırdı… “Qərbin siyasi hakimiyyətinə qarşı təkrar necə güclənməli və müsəlman cəmiyyətlərində entellektual və dini bir reformu necə həyata keçirməli?”

Məhəmməd İqbal yaşadığı dövrün bütün sosial problelərini özündə ehtiva edən bir ölkədə və təlatümlü bir vaxtda yaşamışdır. Onun şəxsiyyəti və fəlsəfi kimliyinin inkişaf etməsində Hind yarımadasında gün getdikcə artan narahatlıqlar və onun Avropa təcrübəsi böyük rol oynamışdır. Başqa bir ifadə ilə Məhəmməd İqbal sosial problemlərin yaşandığı bir mühitdə böyümüş, həm özündən əvvəlkiləri, həm də müasirlərini üstələyən bir mövqe ilə Hindistan müsəlmanlarının problemlərini intellektual, şüurlu və modern bir şəkildə ifadə edə bilmişdir.
İslam dünyasının nadir simalarından biri olan Məhəmməd İqbal bir şair, filosof, siyasətçi və hüquqçu olsa da, daha çox İslam cəmiyyətində inqilabi ideyalara sahib bir müsəlman mütəfəkkir və islahatçıdır. O hələ gənc yaşlarında bir şair olaraq ölkəsində tanınırdı. İqbalın səy və cəhdləri müəyyən bir milli və etnik çərçivə daxilində sıxışıb qalmamışdır. Məhəmməd İqbalın Avropada təhsil alması və Avropa mədəniyyətinə yaxından bələd olması onu modern bir mütəfəkkir və filosof etmişdir. O bununla kifayətlənməmiş yenidən İslama dönmüş, müsəlman xalqlarının, ölkələrinin üzərində Quranın təsirlərini araşdırmışdır. Çəkdiyi mənəvi iztirablar, əzab və əziyyətlər, düşüncə dünyası, davamlı mübarizə aparması ilə Hind cəmiyyətini və qlobal müstəmləkəçiliyi görüb tanımış və buna qarşı çıxmışdır.
Məhəmməd İqbal həm şərq dünyasında, həm də qərbdə elmi araşdırmalar apara bilmək üçün lazım olan dilləri bilirdi. Ana dili pəncabca olmasına baxmayaraq, Məhəmməd İqbal elmi və ədəbi çalışmalarında urdu, fars və ingilis dillərindən istifadə etmişdir. O həm də ərəb, alman və sanskrit dillərini bilirdi. Məhəmməd İqbal şeirlərini ana dili kimi bildiyi fars və urdu dillərində, nəsr əsərlərini də urdu və ingilis dilində yazmağa üstünlük vermişdir. Ümumiyyətlə urdu, pəncab, ərəb, fars, ingilis və alman dillərini bu dillərdə əsər yaza biləcək qədər yaxşı bilən Məhəmməd İqbal, mənzum əsərlərini fars, urdu və ingilis dillərində yazmışdır. Məhəmməd İqbal haqlı olaraq böyük bir müsəlman şairi və mütəfəkkiri olaraq qəbul edilir. Əsərləri İslam ruhu ilə dolu və dərindir.
Məhəmməd İqbal müsəlman cəmiyyətlərinin geriləməsinin səbəblərindən danışır. Onun yaşadığı dövrdə İslam dünyası, xüsusilə Hind yarımadasında müsləmanlar zülm və əsarətə məruz qalmış, siyasi, mədəni və dini baxımdan haqq və hüquqları əllərindən alınmışdı. Bununla bərabər müsəlmanlar İqbalın ifadəsi ilə mənəvi çöküntü yaşayaraq çarəsiz bir şəkildə ölümü gözləyirdilər. Məhəmməd İqbal bu vəziyyətin bir alın yazısı və qədər olmadığını deyir, bunun səbəbinin də İslam deyil, müsəlmanlar olduğunu deyirdi. Ona görə, müsəlmanlar Quran və Peyğəmbərin (s.ə.s) yolunu təqib etməyi buraxaraq tamamilə maddiyata meyl etmişlər, müsəlmanların namaz, oruc və zəkat kimi ibadətləri də sadəcə göstərişdən ibarət hala gəlmişdir. Müsəlmanlar öz dəyərlərini unudaraq başqalarını təqlid edərək kölələşmiş, qəlbləri və ruhları ölmüş vəziyyətdədir. İbadətləri sevinc və həyəcandan məhrum hala gəlib.

Məhəmməd İqbal bir filisof olaraq sadəcə fəlsəfə ilə məşğul olmamış, bütün mənəvi gücünü İslamın və İslam millətinin yolunda xərcləmişdir. Onun əsas qayəsi bütün imkanı və var gücü ilə İslama xidmət etmək, müsəlmanların özə qayıtmağını təmin etməkdir. Məhəmməd İqbal heç vaxt Qərb düşüncəsi və mədəniyyətinə heyran olmamışdı. O, Qərb mədəniyyətinə dərindən bələd idi və bu mədəniyyətin içində uzun illər yaşayaraq həm şərq, həm qərb mədəniyyətini hər tərəfli təhlil etmişdi.
Məhəmməd İqbal monarxiya və diktatorluğu qəbul etmir və içində bir çox qüsur olsa da demokratik dəyərləri mənimsəyir. Məhəmməd İqbalın sosial-iqtisadi həyatla bağlı fikirləri belədir: “Sosial həyatda ortaq sinif qorunmalı, üst sinif isə yüksək vergilərlə orta sinif səviyyəsinə endirilməlidir. Alt gəlirli sinif isə orta sinif səviyyəsinə yüksəldilməlidir.” Məhəmməd İqbala görə, hər hansı bir cəmiyyətdə milli-mənəvi dəyərlər sağlam bir şəkildə ancaq orta sinif tərəfindən qoruna bilər. Üst siniflərin belə bir dərdi olmaz. Alt siniflərin isə mənəviyyata gücləri çatmaz. Bu baxımdan İqbal feodalizmin insan cəmiyyəti və sosial həyat üçün o qədər də faydalı deyil, əksinə zərərli olduğunu qeyd edir.
Məhəmməd İqbal müsəlman cəmiyyətlərinin necə bir elmi və mədəni sistem qurması ilə bağlı da söz söyləyir. O, İslam ilahiyyatında yer alan klassik kəlam elminin artıq miladını doldurduğunu qeyd edir. İqbala görə, İslam ilahiyyatındakı kəlam elmi yunanların nəzəri elmləri üzərində qurulmuşdur. Bununla yanaşı Quran ayələrində ağıl, göz, qulaq və digər duyğularımızdan istifadə etməyin vacibliyi vurğulanır. Buna görə də İqbal dəqiq elmlərin öyrənilməsinin vacibliyindən danışır. Məhəmməd İqbal müsəlmanların elmin qurucuları olduğuna inanır. O, Qərbdə inkişaf edən elm və texnologiyanın müsəlman elm adamlarının düşüncələrinin bu qitəyə tərcümə yolu ilə keçməsi ilə meydana gəldiyini qəbul edir. İqbala görə, həyatda irəli gedə bilmək üçün kor-koranə təqlid tərk edilməli, düşünə bilmək öyrənilməlidir.
Məhəmməd İqbalın xüsusilə insan azadlığı və qədər inancı kimi məsələlərə gətirdiyi həll yolları Hindistanda praktiki həyatda müsbət təsirləri olmuşdur. Məhəmməd İqbal alın yazısı və qismət şəklində başa düşülən qədər anlayışını insanların öz iradələri və cəhdləri ilə meydana gətirdikləri bir qədər fikri ilə əvəzləmiş, bir mənada bəşər övladının əlləri-qolları bağlı “qədər məhkumları” olmadıqlarını, belə bir qədər anlayışının yanlış olduğunu vurğulamışdır. Onun bu fikirləri Hindistanın sərhədləri içərisində İngilis müstəmləkəsi olan ölkəsində diqqətə alınmış və nəticədə bugünkü Pakistan öz müstəqilliyini əldə etmişdir. Məhəmməd İqbal 1938-ci ildə vəfat etmiş və 1947-ci ildə müstəqilliyini qazanan Pakistanı müstəqil bir dövlət olaraq görə bilməmişdir.

Məhəmməd İqbalın Pakistanda Lahor şəhərindəki türbəsi
Məhəmməd İqbal İslam mədəniyyətinin insanlığa qazandırdığı üstün şəxsiyyətlərdən biridir. Ona bu haqlı ünvanı qazandıran xüsusiyyət İslam dünyasının siyasi və fikri cəhətdən sarsıntı içərisində olduğu bir dövrdə fəlsəfə və fikir sahəsində ciddi əsərlər qələmə alması, müsəlmanlara yol göstərməsidir. Həm Qərbdə, həm də Pakistanda Məhəmməd İqbal haqqında bir çox elmi əsərlərin ortaya qoyulması, hətta öz ölkəsində adını daşıyan bir akademiyanın qurulması mütəfəkkir haqqında kifayət qədər məlumat verir. Qeyd edək ki, sadəcə Türkiyənin Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) internet portalında Pakistanın milli şairi, mütəfəkkir və filosof  Məhəmməd İqbal haqqında (bu yazının hazırlanmasında da istifadə etdiyimiz) 34 elmi işlə tanış olmaq olar.




Mövzunun davamını buradan oxuya bilərsiniz

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top