Müstəqil Pakistan ideyasının banisi – Məhəmməd İqbal


Hindistanın və eləcə də Hindistanda etnik bir qrup olaraq yaşayan müsəlmanların Fransa və İngiltərənin müstəmləkəsi halına gəlməsi və bu müstəmləkə siyasətinə qarşı hər hansı müqavimət göstərməmələri Məhəmməd İqbal üçün aşılması lazım gələn ən böyük problem idi. Qərbdə sənaye inqilabının başladığı bir dövrdə müsəlmanlar ciddi bir çöküş yaşayırdı və buna qarşı heç bir şey edə bilmirdilər. Bir növ köləlik və ya əsirlikdə olan müsəlmanlar gündən-günə özlərini və dəyərlərini itirməyə başlayırdılar. Bu vəziyyət Məhəmməd İqbal üçün çox ciddi problem idi və belə bir mənəvi yükün altına girməyi İqbal özü üçün mənəvi borc və vəzifə bilmişdi.
Yeniavaz.com xəbər verir ki, Məhəmməd İqbal gənc yaşlarından etibarən Quranla həmhal olmuş, onun dünya görüşü və düşüncə dünyasının formalaşmasında Quranı anlayaraq oxumanın danılmaz və böyük təsirləri olmuşdur. İqbalın müsəlmanları Qurandan və Peyğəmbər (s.ə.s) kəlamından uzaq yaşadığını görməsi onun inqilabi fikirlərlə ortaya çıxmasına səbəb olmuşdu. İqbalın bu inqilabi fikirlərinin mənbəyi və çıxış nöqtəsi Həzrət Peyğəmbərimizin (s.ə.s) həyatı, Onun (s.ə.s) yeni bir cəmiyyət inşa etməsi idi.

İqbalın yaşadığı dövrə ümumi baxış
Məhəmməd İqbalın yaşadığı dövr fikri, siyasi və sosial baxımdan çalxantılı bir dövr idi. İqbal dövrün müsəlmanlarının əslində bir çox mənəvi güc və dinamikaya sahib olduqlarının fərqində idi. Bütün bunlarla yanaşı o, müsəlmanların nə üçün elm, mədəniyyət və düşüncə sahəsində geri qaldıqları barədə fikirləşirdi. Məhəmməd İqbalın “İslamda dini təfəkkürün yenidən doğuşu” adlı əsəri məhz bu düşüncə və təfəkkürün, mənəvi iztirabın elmi bir meyvəsi olaraq ortaya çıxmışdır.
İqbal müsəlmanların İslam dininə əvvəlki kimi bağlı olmadıqlarını, İslamın özündən, mənəvi hüzur verən iqlimindən uzaqlaşdığını düşünürdü. Ona görə müsəlmanların qəlblərində o əvvəlki təkbir səsləri qalmamış və könül qapıları qapanmış, daxili dünyalarındakı həyəcanı itirmişlər. İqbal bu düşüncələrini bir şeirində bu şəkildə dilə gətirir:
“Artıq eşqdəki o əvvəlki cünun qalmamış,
Müsəlmanlarda sanki qan qalmamış.
Saflar əyri, qəlblər pərişan, səcdə xüşusuz.
Zira içlərində həyəcan qalmamış”
İqbal müsəlmanları nəzərdə tutaraq belə deyirdi: “Şahin nəslindən olduğun doğru olsa da, gözlərindən o qorxusuzluq əks olunmur”. O bu sözləri ilə müsəlmanların layiq olduqları məqamdan çox uzaqda olduqlarını ifadə edirdi.

Məhəmməd İqbal Qərb mədəniyyətinin hərbi, siyasi və elmi cəhətdən yüksəlişə keçdiyi, İslam mədəniyyətinin yerində addımladığı, bəlkə də geriləməyə başladığı bir dövrdə qələmə aldığı “İslamda dini təfəkkürün yenidən doğuşu” adlı əsəri ilə müsəlmanların şüurunu oyatmağa çalışdı. Müsəlmanların aldığı ağrı, sancı və travmaları Məhəmməd İqbal öz daxili aləmində yaşayır, bu ağrıların iztirabı ilə yanıb-yaxılırdı. Bu minvalla İqbal dərdli bir mütəfəkkir idi. Onun çəkdiyi dərd və iztirab milyonlarla insanın, bütün qitələrdəki İslam aləminin dərdləri idi.
Məhəmməd İqbal qəlbində dərin Peyğəmbər (s.ə.s) sevgisi daşıyan bir mütəfəkkirdir. İqbal, onu parladan cilanın Peyğəmbər sevgisi olduğunu belə qeyd edir: “Onun sevgisindən mən necə bəhs edə bilərəm? Mən, Onun (s.ə.s) ayrılığı ilə ağlayan quru bir çöpdən başqa bir şəxs deyiləm. Onun sevgisi ilə çırpındıqca rahatlayıram. Mənim gecəm məhşər sabahından daha hərarətlidir. O (s.ə.s), bahar bulududur. Mən onun bağçasıyam. Mədinə torpağı dünya və üqbadan(axirətdən) daha gözəldir. O nə bəxtiyar şəhərdir ki, sevgili oradadır”. Məhəmməd İqbala görə, ən yaxşı müsəlman Peyğəmbəri (s.ə.s) ən yaxşı nümunə alan şəxsdir.
Tarix boyunca millətlərin qaranlıq dövrləri və fəlakətli günləri olmuşdur. Milli ruh və birliyin zərbə aldığı bu kimi hallarda onları birləşdirən, iman və həyəcanla onlara öndərlik edən fikir və mücadilə adamlarına həmişə ehtiyac var. Məhəmməd İqbal da məhz bu cür şəxsiyyətlərdəndir. Məhəmməd İqbal İngiltərə və Almaniyada təhsil aldığı illərdə Avropada milli dövlət anlayışı hakim idi. İqbal bu axımın kiçik dövlətləri necə öz cənginə aldığına, millətləri və insani dəyərləri irqçilik və milliyyətçilik ideologiyası ilə necə parçaladığına şahid olmuşdur. Bu səbəblə o vətəninə qayıdanda milliyyətçilik düşüncəsindən sıyrılaraq İslam kimliyini və bu vəsilə ilə insani dəyərlərə daha çox önəm vermiş, “Hind şairi” ünvanındansa, bütün İslam aləminin dərdlərini özünə dərd bilən bir kimliyə bürünmüş, bu yolda çalışmış və şeirlərini də daha çox bu istiqamətdə yazmışdır. Beləcə İqbal sadəcə hind müsəlmanları üçün deyil, digər müsəlman ölkələrindəki insanların problemləri üçün həll yolları axtaran bir İslam şairi və filosofu halına gəlmişdir.
Məhəmməd İqbalı İslam xilafəti ünvanını daşıyan Osmanlı dövlətinin müharibə halında olması yaxından maraqlandırırdı. İqbalın yaşadığı dövrə nəzər salsaq, müsəlmanların çətin günlər yaşadığını görmək olar. XIX əsrdə Hindistan ingilislərin işğalı altında idi. Müsəlmanların yaşadığı digər coğrafiyalarda da buna bənzər mənzərələr vardı. Osmanlı dövləti demək olar artıq son dövrlərini yaşayır və müstəmləkəçi dövlətlərlə müharibə halında idi. Osmanlı dövlətinin sahib olduğu torpaqların bir hissəsi də bu dövlətlətin nəzarətinə keçmişdi. Bu illərdə Məhəmməd İqbalın yaşadığı Hindistan da (qeyd edək ki, Pakistan dövləti Məhəmməd İqbalın vəfatından (1938) on bir il sonra (1947) qurulmuşdur) ingilislərə qarşı mübarizə edirdi. Bu baxımdan Məhəmməd İqbalın yaşadığı dövrdə müsəlmanların həm sıxıntılı, həm də milli mübarizə illəri olduğunu demək olar.

Məhəmməd İqbal Həzrət Peyğəmbərin (s.ə.s) sosial bərabərliyi və insan azadlığını əsas götürdüyünü qeyd edir. Həzrət Peyğəmbər (s.ə.s) insanlardan şəxsi mənfəətləri üçün istifadə etməmiş, öz alın təri ilə həyatını davam etdirmişdir. İqbal qeyd edir ki, bərabərlik, qardaşlıq və insan azadlığı kimi məfhumlar 1789-cu ildəki Fransa inqilabının şüarı idi. Ancaq bu sadəcə bir şüar olaraq qaldı. İqbala görə, o dövrdə imtiyazları əllərində toplayan soyluların yerinə burjuaziya keçdi. İşçilərin istismarı və vəhşi kapitalizm bu dövrdə ortaya çıxdı. Nəciblik və soyluluğun yerini zənginlik, təbəənin yerini işçi aldı. Sosial həyatda təbəqələşmə daha da artdı. İnsan ticarəti və kölələşdirmə sürətləndi.
İqbalın düşüncəsində sosial ədalət
İqbal vurğulayırdı ki, əvvəllər bir soyluya bağlı olaraq yaşayanlar burjua inqilabından sonra zavodlarda on səkkiz saat işləyərək gündə sadəcə bir çörəyə möhtac halda yaşadılar. Bərabərlik, azadlıq və qardaşlıq uğrunda edilən inqilab müstəmləkəçilik, sinfi qütbləşmə və qətliama çevirildi. Məhəmməd İqbal haqlı olaraq İslam xaric heç bir sistemin insana ədaləti, hürriyyəti və qardaşlığı sözün əsl mənasında gətirməyəcəyini söyləyirdi. Məhəmməd İqbala görə, bərabərlik və ədalətin qanunlarda və sözdə olması əhəmiyyət daşımır, bunların imanda və inancda olması lazımdır. İnsanlar Allaha (c.c) və ölümə inandıqları kimi bərabərliyə və ədalətə inanmalıdırlar. Çünki bu prinsiplər inancın bir parçasıdır.
İqbalın qədər anlayışı
Məhəmməd İqbal alın yazısı və qədəri inkar edən bir filosof deyildir. O, insan əməyinin, ağlın, mücadilə aparmağın əhəmiyyətini İslam aləminə yenidən qazandırmağa çalışırdı. İqbala görə, İslam aləminin yeni bir intibah dövrünə keçməsinə əngəl olan ən mühüm səbəblərdən biri müsəlmanların mövcud mədəniyyət səviyyəsindən geri qalmaları və bu vəziyyətdən narahat olmayıb bu hala razı olmaları və hərəkətsiz qalmaları idi.
İqbala görə elm imanlı qəlbin əlində olmalıdır
Məhəmməd İqbala görə, elmin nəticələri dünyanın ən təhlükəli silahı ola bilər. Əgər bu elm imanlı bir insanın əlində olmazsa, dünyaya dəhşət saçan bir ölüm makinası halına gələr. Dünya tarixi boyunca öldürücü silahları, atom bombalarını və raketləri çoban və əkinçilər deyil, ən qabaqcıl elm adamları kəşf etmişlər. Bu minvalla İqbala görə, elm imanlı bir qəlbin əlində olmalıdır.
Məhəmməd İqbala görə, milliyətçilik İslam millətini (ümmətini) müstəmləkə halına gətirmək və müstəmləkə halına gətirdikləri xalqları əllərində saxlamaq üçün imperialist güclərin qurduğu bir tələdir. İmperialist ölkələrin “böl, parçala və idarə et” siyasəti kökü bir və qardaş olan İbrahim millətini parça-parça etmişdir. Qərb dünyası öz birliyini qurarkən İslam cəmiyyətinə parçalanmanı, bir-biri ilə vuruşmağı, milliyyət davası etməyi, İslam aləminin dərdlərini deyil, öz irqini düşünməyi təlqin etmişdir.
İqbalın müsəlman ölkələri haqqındakı düşüncəsi
Məhəmməd İqbal kölə olaraq yaşamaqdansa yox olmağı üstün tutur. Çünki ölmənin də bir şərəfi vardır. Ancaq köləliyin heç bir şərəf və ləyaqəti yoxdur. İslam aləmi iki əsrdir imperialist dövlətlər tərəfindən müstəmləkə halına gətirilmiş, siyasi və iqtisadi müstəqilliyi əllərindən alınmışdır. Dünyanın ən qiymətli yeraltı mədənləri müsəlmanların əlindədir. Neft, qaz, kömür, bor və s. kimi dəyərli mədənlərlə yanaşı böyük əksəriyyəti əkinə yararlı və sənayeləşməyə əlverişli bir coğrafiyada yerləşməsinə baxmayaraq, İslam aləmi bu zənginliklərindən istifadə edə bilməmiş və müstəmləkə halında yaşamağa davam etmişdir. Məhəmməd İqbal göz qabağındakı bu ağır mənzərəni belə dilə gətirir: “Nə vaxta qədər qarışqalar kimi torpaq altında yuva quracaqsan? Qanadlan, şahin kimi göydə uçmağı öyrən. Nə vaxta qədər çör-çöp içində bir taxıl dənəsi axtaracaqsan? Bir məzar torpağından qulağıma bir səs gəldi ki, yerin altında da yaşamaq mümkündür. Başqalarının istədiyi kimi yaşayan insan nəfəs alar, ancaq onun canı yoxdur".

Məhəmməd İqbalın Əndəlüsü ziyarət edən zaman Kordova məscidinin mehrabında çəkilən şəkli
Müsəlmanların üzləşdiyi mədəniyyət eroziyası
Məhəmməd İqbal qeyd edir ki, Avropanı təqlid edərək onların geyindiyi paltarı geyinmək, onlar kimi hərəkət və davranışlar sərgiləmək İslam cəmiyyətini elm və texnologiyaya yiyələnmiş bir cəmiyyətə çevirməyəcək. Elm və texnologiyaya sahib olmanın yolu əmək sərf etmək, öyrənməkdən və davamlı araşdırmaqdan keçir. İqbal elm və texnologiyanın heç kimin malı olmadığını, onu ancaq çalışaraq əldə edən millətlərin sahib ola biləcəyini deyir. Bu minvalla əslində elm və texnologiya avropalaşaraq deyil, avropalılar kimi əmək sərf edərək əldə ediləcəkdir. İqbala görə, heç bir şey insanlar arasında din qədər güclü bağ və əlaqə qura bilməz. Çox geniş coğrafiyalara yayılmış insanları ancaq din amili bir araya gətirə bilər.
Məhəmməd İqbalın Mövlanadan təsirlənməsi

Məhəmməd İqbalın Mövlananın düşüncə və görüşlərindən təsirlənməsində yaşadığı ailə mühitinin mühüm təsirləri var. İqbal müsəlman bir cəmiyyətdə və dininə bağlı bir ailədə dünyaya gəlmiş və böyümüşdür. İlk təhsilini Quran və digər İslami elmlər üzrə almışdır. Bu minvalla İslam dünyasının mühüm alimlərini tanımış və onların düşüncələrini öyrənmiş və təhlil etmişdi. Hər insanın həyatda çox sevdiyi, şəxsi keyfiyyətlərini, düşüncələrini və həyat anlayışını özünə rəhbər aldığı simalar var. Məhəmməd İqbal və Mövlana fərqli zamanlarda yaşasalar da İqbalın həyatında Mövlananın danılmaz yeri var. İqbal əsərlərində Mövlana haqqında “Piri Rumi” (Rum diyarındakı Pirim) ifadəsini işlətmiş və düşüncə sistemini Mövlananın əsərlərində yazmış olduğu fikirlərdən ilham alaraq qurmuşdur. Həmçinin İqbalın şeirlərində, düşüncələrində və hadisələrə baxışında Mövlana ilə oxşarlıqlar olduğuna görə ona “Rumi-Asr” (Dövrün Mövlanası) deyilmişdir.
Məhəmməd İqbalın qadın haqqındakı görüşləri
Sənaye inqilabı ilə birlikdə qadın emalatxanalarda, zavodlarda, mağazalarda işləməyə başladı. İqbala görə, ilkin olaraq qadın əməyindən istifadə etməyə çalışmaq, ona iqtisadi azadlıq vermək kimi izah edilirdi. Ancaq sonraları qadın əməyindən faydalanmaq bir istismara çevirilmişdir. Son iki əsrdə sel kimi hər tərəfə yayılan sənayeləşmə daha çox və daha ucuz işçi qüvvəsinə, ucuz əllərə ehtiyac duyurdu. Bu baxımdan insanlığın yarısını təşkil edən qadın işçi qüvvəsindən daha ucuz işçi qüvvəsini hardan tapmaq olardı ki? Bu anlayışa görə həyatın hər sahəsində qadın və kişi bərabərliyi vardır və qadın kişinin etdiyi hər bir işi edə bilər, eyni şəkildə yaşaya, bənzər geyimlər geyinə, iqtisadi həyatda eyni nisbətdə çalışaraq töhfə verə bilər. İqbala görə, bu kimi sözlər ilk olaraq qulağa xoş gəlsə də məsələ daha dərindir. Ancaq yaradılışdan gələn mənəvi və psixoloji amillər ortadan qaldırılaraq sadəcə bioloji, və fiziki güc baxımından bərabərlik ön plana çıxarılaraq həyatın hər sahəsində qadın və kişini eyni tutmaq doğru deyildir. Bu anlayışa görə qadının vaxtını evində keçirməkdənsə zavodda, ofisdə, iş yerlərində keçirməsi gərəkir. Ev, uşaq, ana, həyat yoldaşı kimi məfhumların yerinə iş, karyera, qazanc və s. kimi məfhumlar daha ön plandadır. Bu düşüncə ilə böyüyən qadına analıq, uşaq yetişdirmək kimi məfhumlar istənilməyən və əziyyətli bir iş kimi gələr. Sadəcə qazanmaq və xərcləmək üzərinə qurulmuş bir həyat anlayışında analıq kimi qazanc gətirməyən, insana heç bir nüfuz və etibar qazandırmayan məfhumlara yer yoxdur. Bir qadın mən həkiməm, mən mühəndisəm, mən müəlliməm, ya da mən polisəm deyəndə hörmət görür, ancaq mən anayam deyəndə eyni hörmət və ehtiramı görə bilmir. Çünki belə bir həyat anlayışında analıq bir peşə və iş deyil, sadəcə boş bir məşğuliyyətdir!


Məhəmməd İqbalın anadan olmasının yüz illiyi münasibəti ilə buraxılmış poçt markası
Məhəmməd İqbal və Pakistanın müstəqilliyi
Pakistanın ən böyük şair və mütəfəkkirlərindən biri olan Məhəmməd İqbal eyni zamanda Pakistanın müsqətil bir ölkə olmasının təməllərini atmışdır. İslamın təkrar oyanışı və Hindistan müsəlmanlarının haqlarını əldə etmək yolundakı cəhdlərini dəstəkləmək üçün şeirlər yazmağa davam etmişdir. İqbalın siyasi düşüncəsi, yazmış olduğu inqilabi şeirlər müstəqil Pakistan ideyasının əsas ilham qaynağı olmuşdur. İqbal Hindistanın şimal-qərbində sadəcə müsəlmanlardan ibarət müstəqil bir dövlətin qurulmasının vacibliyini dilə gətirəndə o dövrdə xəyal kimi görünən bu düşüncələr dinləyicilər tərəfindən “şairin röyası” adlandırılmışdı. Ancaq bu fikirlər ölümündən on bir il sonra 1947-ci ildə Pakistan dövlətinin qurulması ilə həyata keçmişdir.
Məhəmməd İqbalın məzarı Pakistanda Lahor şəhərində Padişah məscidinin girişindədir. Qəbri günümüzdə də hər il minlərlə insan tərəfindən ziyarət edilir. İslam mədəniyyəti və xüsusilə sufizmlə bağlı aşdırmaları ilə tanınan alman müəllif Annemarie Schimmel (1922-2003) Məhəmməd İqbalın vəfatından sonra Heydərabadda nəşr olunan “İslamic Culture” (İslam mədəniyyəti) jurnalında belə yazırdı: “Biz onun yasını tutduğumuz zaman, ölümünü hər hansı bir şəxsin ölümü olaraq hiss etmirik. Biz, bir millətə bir əsrdə sadəcə bir dəfə nəsib olan, sonsuz qiymətə sahib bir dəyərin əlimizdən alındığının fərqindəyik. İslam dünyası onun vəfatı ilə ən lazım olan vaxtda, canlı bir parçası kəsilərək alınmış qanayan bir vücud kimidir”

Yazının əvvəlini buradan oxuya bilərsiniz.
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top