Müasir tibdə istifadə edilən cərrahi alətləri icad edən alim - ZƏHRAVİ


Əndülüsdə IX əsrdə cərrahlıq elmi qol-qanad açıb inkişaf etsə də eyni dövrdə Avropada bu ixtisas həkimlər tərəfindən o qədər də rəğbət görməmişdi. Hətta 1163-cü ildə Konsildə alınan qərardan sonra kilsə tibblə bağlı bütün məktəbləri bağlatdırmışdı. Orta əsrlərdə Avropada həkimlik qadağan ediləndə, eyni dövrdə Əndülüsdə müsəlmanlar elmdə sıçrayışlar edir, böyük həkimlər yetişdirirdi. Bu həkimlərdən biri də Əbu-Qasim Zəhravidir.
Yeniavaz.com xəbər verir ki, onun əsl adı Əbul Qasim Xaləf ibn Abbas əz-Zəhravidir. Avropalılar onu adının başındakı “Əbul-Qasim”dən (Qasimin atası) yola çıxaraq “Abulcasis” adlandırmışlar. Bu yazıda biz ondan Zəhravi olaraq bəhs edəcəyik.
Zəhravi 936-ci Əndülüsdə saray-şəhər olaraq bilinən “Mədinətuz-Zəhra”da dünyaya gəlmiş, 1013-cu ildə də vəfat etmişdir. 77 il ömür yaşayan Zəhravinin istifadə etdiyi cərrahi alət və metodlar modern tibbə öncüllük etmişdir. İcad etdiyi cərrahi alətlərdən bəziləri günümüzdə hələ də istifadə edilir.
Əslində həm Zəhravinin dünyaya gəldiyi “Mədinətuz-Zəhra” saray-şəhərinə, həm də Zəhravinin timsalında ogünkü müsəlmanların çatdıqları elmi və mədəni səviyyəyə baxanda Əndülüs üçün niyə “Cənnətul-Məfqud” (İtirilmiş Cənnət) deyildiyini anlamaq olar. Zəhravinin adının nisbət edildiyi bu tarixi İslam şəhəri günümüzə qədər gəlib çatmışdır. Bu şəhər gözəl binaları, fil sümüyü, mərmər və qızıldan inşa edilmiş sarayları ilə insanı valeh edən bir şəhər idi. Zəhravinin dünyaya gəldiyi və zamanında İslam mədəniyyətinin incisi hesab edilən “Mədinətuz-Zəhra (çiçəklənən şəhər) 2018-ci ildə UNESCO tərəfindən dünya mirası siyahısına salınmışdır. Tədqiqatçılar bu möhtəşəm şəhərin hal hazırda sadəcə on faizlik bir hissəsini arxeolojik qazıntılar nəticəsində gün üzünə çıxara bilmişlər (https://www.google.com/maps/@37.8859125,-4.8682139,823m/data=!3m1!1e3).


Zəhravi həyatının böyük hissəsini Əndəlüsün paytaxtında, Kordova şəhərində keçirmişdir. O zaman Əməvi Xilafətinin mərkəzi olan bu möhtəşəm şəhərdə yarım milyona qədər əhali yaşayırdı. Kordova çoxsaylı alimlərin çalışdığı mühüm elm və mədəniyyət mərkəzi idi. Təkcə onu demək kifayətdir ki, xəlifə II Hakəmin kitabxanasında 400000 kitab var idi. Zəhravi Kordovada təhsil almışdı, sonralar isə orada tibb və cərrahlıq sahəsində dərs deyirdi. Zəhravi Əndülüs Əməvi xəlifələrindən III Abdurrahman ilə ondan sonra yerinə keçən II Hakəm dövründə saray həkimi olaraq da işləmişdir.
Cərrahlıq sahəsinə ilk dəfə önəm verən müsəlman alim Əbu Bəkr Razi idi. Əli ibn Abbas onun yolunu izləmiş, sonra da İbn Sina yetişmişdir. Əndülüsdə də İbn Zühr cərrahlıq sahəsində çalışan alim kimi tanınmışdır. Ancaq cərrahlıq sahəsinin müstəqil bir elm kimi formalaşması Zəhravi sayəsində olmuşdur. O sadəcə nəzəri olaraq bu elmlə məşğul olmamış, əməliyyatlar edərək, metod və alətlər kəşf edərək bunların məharətlə tətbiq edən şəxs olmuşdur.
Bütün həyatını tibb elminə və əczaçılıq sahəsindəki çalışmalara ayıran Zəhravini günümüzə qədər gətirib tanıdan onun tibb elminin müxtəlif sahələrindən bəhs edən, 30 bölümdən ibarət, 200 ədəd tibbi alətin tanıdıldığı 1500 səhifədən meydana gələn iki cildlik “Kitab ət-Təsrif” adlı əsəridir. Zəhravi bu əsərində insan vücudunun bütün orqanlarının anatomiyasını, gördükləri vəzifələri izah edir, müxtəlif xəstəliklərin əlamətlərindən və müalicə üsullarından danışır. Aşağıda Zəhravinin “Kitab ət-Təsrif” əsərinin birinci və sonuncu səhifələrinin rəsmi verilmişdir...

Zəhravinin otuz bölümdən meydana gələn və bir tibb ensiklopediyası mahiyyəti daşıyan kitabının mövzuları əsas başlıqlar olaraq belədir... 1-ci bölümündə ümumi tibbi məlumatlar, 2-ci bölümdə başdan ayağa qədər 325 xəstəlik, bunların əlamətləri və müalicə yolları, 3-cü bölümdən 25-ci bölümə qədər sadə və mürəkkəb dərmanlar və onların hazırlanması, 26-cı bölümdə hər xəstəliyə uyğun gələn qida maddələri, 27-ci bölümdə bitki və heyvan mənşəli qidaların və sadə dərmanların xüsusiyyətləri, 28-ci bölümdə mədən, bitki və heyvan mənşəli dərman həblərinin düzəldilməsi, 29-cu bölümdə dərman adları, eyni xüsusiyyətə sahib əvəzedeciləri, istifadə müddətləri, ağırlıq və həcmləri, 30-cu bölümdə də cərrahlıqla bağlı zəngin məlumatlar verilmişdir.
Zəhravinin miladi 1000-ci ildə tamamladığı “Kitab ət-Təsrif” əsəri Yunan və İslam tib mənbələrinə əsaslanmaqla yanaşı müəllifin təxminən 50 illik şəxsi təcrübələrinin məhsulu olmasına görə də dəyərlidir. Cərrahi əməliyyatlara dair izahlar və alətlərin rəsmlərini verməsi əsərin əhəmiyyətini daha da artırır.

Qazandığı şöhrətə baxmayaraq Zəhravinin həyatına dair qaynaqlarda olduqca az bilgi var. Onun dövrünə ən yaxın müəlliflərdən olan Zahiri məzhəbinin fiqh alimi İbn Hazm Zəhravinin “Kitab ət-Təsrif” adlı əsəri haqqında belə demişdir: “Tib sahəsində bundan daha əhatəli, tətbiqlərlə izah edilişi və ifadə üslubuna görə bundan daha gözəl bir əsər yazılmamışdır”. İslam dünyasında İbn Heysəm, Biruni, İbn Sina kimi XI əsr elm adamları arasında öz yerini alan Zəhravi hər nə qədər tibbin müxtəlif sahələri ilə məşğul olsa da, daha çox cərrah olması ilə bilinir.
Onun tətbiq etdiyi yeniliklər sırasında cərrahi əməliyyatlarda daxili tikişlər üçün istifadə edilən və öz-özünə əriyən “ketqut” sapı çox məşhurdur. Bu sap keçi və qoyun bağırsağından hazırlanırdı. Bu gün də sadə və çox mürəkkəb əməliyyatlarda bu sapdan istifadə olunur. Bu material görünür ki, yeganə təbii substansiyadır ki, orqanizm tərəfindən mənimsənilərək yox ola bilər.

Zəhravi ikiuclu qarmaqdan istifadə etmiş və ziyilləri kimyəvi maddələrlə müalicə etməyə başlamış ilk həkim idi. “Kitab ət-Təsrif” əsərində yer almış illüstrasiyalardan aydın olur ki, o ölü rüşeymlərin çıxarılması üçün xüsusi şpritslər də ixtira etmişdi.
Zəhravinin yaşadığı dövrdə elm və sənətdə çox geridə olan Avropa ölkələri Əndülüs mədəniyyətindən aldıqları bilglərlə “aydınlanma” dövrünə keçid eləmişdilər. İçlərindən daha zəkalı olanlar dövrün elm dili olan ərəbcəni öyrənir və bəzi mühüm elmi əsərləri öz dillərinə tərcümə edirdilər. Bir sözlə Avropada İslam alimləri və onların ortaya qoyduğu elmin işığı ilə meydana gələn rönessans (oyanış) hərəkatında Zəhravinin də böyük rolu var.
Zəhravinin dövründə cərrahi əməliyyatlar çox bəsit şəkildə dağlama, qan alma, bəzi ur və şişlərin kəsilərək götürülməsi, qırıq və çıxıqların müalicəsindən ibarət idi. Bu əməliyyatlar da bərbər-cərrah deyilən şəxslər tərəfindən aparılırdı. Ancaq Zəhravinin çalışmalarından sonra cərrahlık elmi tibb elminin müstəqil bir sahəsi kimi qəbul edilmişdir. Zəhravi cərrahi əməliyyatlarda istifadə edilən qayçı, bıçaq və müxtəlif uclu alətlər icad etməklə yanaşı həmin alətlərin şəkilləri və onların emalında istifadə ediləcək metalların xüsusiyyətini də izah etmişdir. Bu cərrahi alətlərin bir çoxu daha əvvəl heç bir əməliyyatda istifadə edilməmiş yeni alətlər idi. Avropada cərrahlıq elminin təməlinin atılmasına vəsilə olan bu əsər, Salerno, Monpelye və digər Avropa tibb universitetlərində əsrlərcə dərs kitabı olaraq oxudulmuşdur.

Zəhravi ölü cəninin atılması və amputasiya (hər hansı orqanın tibbi yolla kəsilməsi) daxil olmaqla bir çox həssas əməliyyatları daha mükəmməl hala gətirmişdir. Həmçinin tibb elmində müstəsna bir xəstəlik olaraq bilinən hemofiliyanı (yüksək qanaxma və qanın gec laxtalanmasına səbəb olan xəstəlik) təfərrüatlı bir şəkildə izah edən ilk şəxs Zəhravi olmuşdur. Həmçinin böyrək daşlarının necə çıxarılmasını ilk dəfə təsbit edən də Zəhravidir.
Zəhravi idrar torbasının içindəki daşları parçalayaraq çıxarmaq, təcrübə və bacarıqları artırmaq məqsədilə canlı heyvanlar üzərində əməliyyatlar aparmaq, meyit üzərində tibbi çalışmalar etmək kimi yeni fikir və metodları sınaqdan keçirmişdir. O bir ailə üzərində müşahidə etdiyi bəzi hadisələrin məcmusundan yola çıxaraq hemofiliyaya dair izahlar vermişdir.
Doğum əsnasında uşağın tərs gəlməsi həkimlərin önündə ciddi bir problem olaraq qalırdı. Zəhravi ilk dəfə bu vəziyyətə müdaxilə etməyi tövsiyyə etmişdir. Tövsiyyə edilən bu üsul doğum üçün olduqca faydalı və doğumu asanlaşdırıcı mahiyyətdə idi. Zəhravi qadın xəstəlikləri sahəsində istifadə olunan metod və alətlərdə də böyük yeniliklər gətirmişdir. Ortaya qoyduğu metod doğuma köməklik edən bir üsul idi. Halbuki Antik yunan alimi və ginekoloq Soranus (98-138) və sələfləri belə buna cəsarət etməmişdilər. Ancaq əsrlər sonra Ştutqartlı ginekoloq Walcher (1856-1935) buna təşəbbüs etmiş və bu metod “Walcher mövqeyi” adı ilə tanınmışdır. Zəhravi döl yolunu süni olaraq genişləndirməyi təmin edən və beləliklə doğumu böyük ölçüdə asanlaşdıran alətlər icad etmişdir. O Avropalı cərrahların, göz və diş həkimlərinin boş əllərinə çox mühüm və çox gərəkli alətlər bəxş etmişdir.


Zəhravi cərrahlar üçün insan anatomiyasına çox dərindən bələd olmağın gərəkli olduğunu bildirmişdir. O əməliyyat ediləcək hissə yaxşı bir şəkildə bilinmədikcə cərrahi müdaxilə edilməməsini tövsiyyə edir. İnsan anatomiyasına yaxşı bələd olmadan edilən hər hansı əməliyyatda çox ağır nəticələrin yaşana biləcəyini vurğulayır.
Həmçinin o bir sıra diş əməliyyatlarını tərif etmiş, dış çıxarma, diş kökünü bəsləmə və taxma dişlə bağlı bilgilər vermişdir. Əməliyyatlarda işlətdiyi alətləri özünə xas bir metodla mikroblardan təmizlədikdən sonra onları yenidən istifadə edirdi. Bunun üçün o “maddətus-safra” adında bir maddə işlədirdi. Günümüzdə edilən araşdırmalar bu maddənin bakteriyaları öldürücü bir xüsusiyyətə sahib olduğu isbat edilmişdir.
İcad etdiyi alətləri işləyib hazırlayarkən o, pasientlər haqqında düşünüb – əməliyyat zamanı onları qorxutmamaq və irinli yaranı açmaq üçün hiss olunmayan bıçaq yaradıb. Tonzilloektomiya (burunda və boğazda “artıq ət” xəstəliyi) zamanı o, dili şpatel ilə sıxaraq şişən badamçığı qarmaqla tutaraq qayçıya bənzər alət ilə kəsib götürüb. Zəhravi əsərində tibb ədəbiyyatında ilk dəfə olaraq qadınların sidik kisəsindən daşın çıxarılması prosesindən danışıb. Bütün bu qeyd olunanlar göstərir ki, min il əvvəl Əndülüsdə müalicə və xəstəxanalarda xəstələrə xidmət yüksək səviyyədə olub.
Haşiyəyə çıxaraq burada bir məqamı vurğulamaq istəyirəm... Həm Zəhravinin tibb elminə dair yazdığı bu əsər, həm bu gün belə əvvəlki ehtişamından xəbər verən “Mədinətuz-Zəhra” şəhəri ağıla fizika elmindəki “birləşmiş qablar qanunu”nu gətirir. “Birləşmiş qablar”a su əlavə edəndə burada borular müxtəlif ölçüdə olsa da suyun səviyyəsinin hər bir boruda eyni olduğunum görürük. Bunun kimi Zəhravinin bu gün belə əksəriyyətinin istifadə edildiyi 200-dən çox tibbi və cərrahi aləti icad etdiyi, bunlarla əməliyyatlar apardığı vaxtda digər elm sahələrində düşüş yaşandığını, belə demək mümkünsə digər elm sahələrinin yerlə süründüyünü demək olmaz. O dövrdə elmin bütün sahələrində belə bir zirvənin yaşandığını demək olar. Əks halda nə Zəhravi “Ət-Təsrif” əsərini yaza, nə də “Mədinətuz-Zəhra” şəhəri qurula bilərdi. Bunlar “Birləşmiş qablar”dakı suyun bir-biri ilə bağlı və əlaqəli olduğu kimi bir-birinə bağlı və əlaqəli məsələlərdir. Bir sözlə min il bundan əvvəl bugünkü İspaniyada İslam rönessansı başlamış və Avropanın rönessansına təkan vermişdir.

Zəhravinin “Kitab ət-Təsrif” əsəri İslam dünyasından daha çox Avropada təsirli olmuşdur. Bir çox avropalı həkim bu əsərdən əsas mənbə kimi istifadə etmişdir. Əsərin xüsusilə cərrahlıqla bağlı 30-cu bölümü Latın dilinə tərcümə ediləndən sonra əlyazma nüsxələri İspaniya, İtalya və Fransa da yayılmış, XV və XVI əsrlərdə dəfələrlə nəşr edilmişdir. XIV əsrdə yaşamış fransız həkimi Qi de Şoliakın öz əsərində Zəhravinin kitabına 200 dəfə istinad etməsi, bu kitabın nə dərəcədə məşhur və nüfuzlu olmasının göstəricisidir.
İslam dünyasında da Zəhravidən təsirlənən bir çox həkim var idi. Bunlar arasında XV əsrdə yaşayan Osmanlı alimi Sabuncuoğlu Şərafəddinin adını çəkmək olar. Sabuncuoğlu Şərafəddin Fatih Sultan Mehmetin dövründə yaşamış və Amasya xəstəxanasının baş həkim olmuşdur. Bir çox tib tarixçisi Sabuncuoğlunun “Cərrahiyyəi-İlhaniyyə” adlı əsərini Zəhravinin “Kitab ət-Təsrif” əsərinin bir tərcüməsi hesab edirlər. Bu iki əsər müqayisə edilənlə əsas bilgilər eyni olsa da bəzi fərqlərin olduğunu görmək olar.
Onu da qeyd edək ki, Zəhravinin ərəb dilində yazdığı otuz bölümdən ibarət “Kitab ət-Təsrif” əsərinin cərrahlıq elmi və tibbi alətlərdən bəhs edən sonuncu bölümünün bir nüsxəsi Bakıda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kolleksiyasında saxlanılır. Bu dəyərli əlyazma YUNESKO-nun Dünya Yaddaşı Proqramının siyahısına daхil edilmişdir.
Zəhravinin bu əsərinin Bakıda, AMEA Əlyazmalar İnstitutunda, mühafizə olunan otuzuncu cildinin əlyazması 1983-cü ildə akademik Z.M.Bünyadov tərəfindən rus dilinə tərcümə edilmiş və faksimilyesi (əlyazmaların olduğu kimi çap olunması) ilə birlikdə "Cərrahiyyə və alətlər haqqında traktat" adı ilə Moskvanın "Nauka" nəşriyyatında çap edilmişdir.
 
Qeyd: Yazının hazırlanmasında aşağıdakı link və materiallardan istifadə edilmişdir:
http://www.nkpi.az/?page=addread&id=7682
https://islamansiklopedisi.org.tr/zehravi
http://www.ehlisunnetbuyukleri.com/Islam-Tarihi-Ansiklopedisi/Detay/ZEHRAVI/716
http://ihyakulubu.com/2016/11/29/ebul-kasim-halef-ibn-abbas-ez-zehravi/

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top