
Yazının əvvəlini buradan oxuya bilərsiniz.
İslam hüququnda qorunması fərz olan din, vətən, mal, can kimi varlıq və dəyərlər, hər bir müsəlmana Allah (c.c) tərəfindən əmanət edilən və qorumaqla vəzifəli olduğu şeylərdir. Hədislərdə bu dəyərləri qoruyarkən ölən bir şəxsin şəhid ola biləcəyi bildirilmişdir. Dinini, vətənini, ailə fərdlərini, canını, mal və namusunu qoruyarkən ölən şəxsin şəhid olaraq adlandırılması uca dinimiz İslamda bu xüsuslara nə qədər önəm verildiyini göstərir.
Şəhidliklə bağlı ayələr və tarixi perspektiv
Qurandakı şəhidliklə bağlı ayələrin nazil olduğu tarixi perspektivə, həmin ayələrin nazil olma səbəblərinə nəzər yetirəndə bəzi məqamlar bizə daha da aydın olur. Münafiqlər ən vacib məqamda müharibədə iştirak etməmiş, İslam ordusundan ayrılaraq Mədinədə evlərində oturmuşdular. Onlar, Quranın ifadəsi ilə ordudan ayrılmayan və savaşda iştirak edərək şəhid olan qohumları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər” (Ali-İmran, 3/168) deyirdilər. Münafiqlərin anlayışına görə, savaşda öldürülən insan, savaşa getməmiş olsaydı, ölməz, ya da öldürülməzdi. Bu düşüncənin yanlış olduğunu aşağıdakı ayə belə izah edir: “Əgər doğru deyirsinizsə, onda bacarın ölümü özünüzdən uzaqlaşdırın!” (Ali-İmran, 3/168). Ölümü özlərindən əsla uzaqlaşdıra bilməyəcəklərinə görə “Yanımızda olsaydılar, öldürülməzdilər”, və ya “Sözümüzü dinləsəydilər, başlarına bunlar gəlməzdi” kimi iddialarının yanlış olduğu ortaya çıxırdı.
Bu söhbət 70 səhabənin şəhid olduğu Uhud savaşından sonra cərəyan etmişdi. Münafiqlər bu sözləri ilə həm də müsəlman əsgərləri, yəni səhabələri savaşda iştirak etməməyə təşviq etdiklərini etiraf etmiş olurdular. Ancaq bu təşviq və məsləhətlərində təsirli ola bilməmiş, səhabələr onları dinləməmişdi. Buna görə də şəhid olanları küçümsəyir, onların öldürülmələrinə sevinir, dolayısı ilə Allahın (c.c) təqdir etdiyi əcəli də inkar etmiş olurdular.

Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründə Mədinə şəhərinin kənarında yer alan, günümüzdə isə şəhərin böyüməsi ilə artıq şəhərin içində qalan Uhud şəhidlərinin məzarları burada yerləşir. Qeyd edək ki, Məscidi-Nəbi (Peyğəmbər məscidi) ilə bu məkan arasında 4 km məsafə var.
İmtahan edilmədən insanın daxilindəki cöhvərin açığa çıxması mümkün deyil. Torpağa atıb sulamadan bir toxum qabığını qıraraq özünü çölə çıxara bilmədiyi kimi hadisələr, ortaya çıxan hal və vəziyyətlər olmadıqca insanın özünün, xarakteri və imanının gün üzünə çıxması mümkün deyil. İnsanın əsl xarakteri bu kimi hadisələr və imtahan dövründə ortaya çıxır. Bədr, Uhud və digər savaşlarda şəhid olanlar da məhz bu imtahandan öz canlarını verərək üzü ağ çıxan və şəhidlik məqamına yüksələn kəslər idilər.
Yaşanan bu hadisələrdən sonra, təbii ki, həyat yenə davam edirdi. Ancaq şəhidlərin yaxınları bir nemət əldə edib sevinc hissi duyanda ardınca həsrət çəkər və “biz bu nemət və sevinc içərisindəyik, ancaq atalarımız, oğullarımız, qardaşlarımız qəbirdə, torpaq altındadırlar” deyərdilər. Həzrət Peyğəmbərimiz (s.ə.s) həyatda idi və səmalardan vəhy gəlməyə davam edirdi… Şəhid yaxınlarının rahatlamasını təmin edən, bir mənada onların qəlblərinə su səpən, həmçinin şəhidlərin vəziyyətini xəbər verən ayədə belə deyilirdi: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlar Rəbbləri yanında riziqləndirilirlər” (Ali-İmran, 3/169).
Əlbəttə, şəhidlərin həyatı mahiyyət baxımından dünyadakılardan fərqlidir. Ancaq ayədə şəhidlərin cənnət nemətlərindən aldıqları həzz, ləzzət və dad “riziqləndirilirlər” (yurzəqun) şəklində ifadə edilmişdir. Bu ifadənin seçilməsi şəhidlərin Cənab Allah (c.c) qatındakı halını bizə anlatmaq, ağlımıza yaxınlaşdırmaq, izah etmək üçündür. Təbii ki, cənnət nemətləri bizim təsəvvürümüzə sığmayacaq mahiyyətdədir. Çünki Quranda cənnət nemətləri tanıdılarkən bildiklərimizdən yola çıxaraq anladılmışdır. Əks halda bilmədiyimiz bir şeyi bilmədiyimiz bir dillə anlatmaq mümkün deyil.
Olmaq, ya da ölmək…
Şübhə yoxdur ki, ölümdən yaxa qurtarmaq heç bir şəxs üçün mümkün deyil. İnsanların yaşayacaqları ömür müddətini, yəni əcəlini Cənab Allah (c.c) müəyyən etmişdir. Bu əcəldən az və ya çox yaşamaq mümkün deyildir. Münafiqlərə cavab olaraq ayədə belə buyurulmuşdur: “Əgər doğru deyirsinizsə, onda bacarın ölümü özünüzdən uzaqlaşdırın!” (Ali-İmran, 3/168). İnsan onsuz da ölümlü varlıq olduğuna görə vətənə hücum etmiş düşmənə qarşı savaşmaq və şərəflə ölmək, savaşdan qaçaraq alçaqca ölməkdən daha yaxşı deyilmi? Həmçinin zillət içində yaşamaqdansa şərəflə şəhid olmaq daha üstün deyilmi?
Şəhidlərin diri olmaları təfsirlərdə bir də belə izah edilmişdir: “Haqq uğrunda, millətinin şərəfini qurtaqmaq, yurdunu, namusunu düşmən tapdağına verməmək üçün düşmənə qarşı vuruşan bu vəfakar insanlara, şəhidliyi bilərək və istəyərək seçməklə özlərindən sonra gələcək nəsillərə güclü bir mesaj və təsir vermiş olurlar. Buna görə də şəhidlər, sosial həyatda mənəvi gücün yüksək qalmasında, dəyərlərin qorunub saxlanmasında mühüm rol oynayırlar. Həyatda olmanın, yaşamanın ən mühüm məqsədi də bunlar deyilmi? Bu aspektdən baxanda obyektiv olaraq onların diri olduqlarını söyləmək mümkündür.
Şərəfli bir həyatın davam etməsi, ali dəyərlərin və gələcək nəsillərin güvən içərisində yaşaması üçün can vermək lazım gələ bilər. Candan vaz keçmənin qaçılmaz olduğu belə bir vəziyyətdə, qorxunun qorxana heç bir fayda verməyəcəyi, canını qurtarmağa yetməyəcəyi, hətta o anda canını qurtarma təlaşına düşməyin kütləvi ölümlərə səbəb olacağı bir vəziyyətdə vətəni və milləti düşünmək təşviq edilir.
Şəhidlər ilahi lütf, nemət və mükafata qovuşandan sonra Cənab Allahın (c.c) verdiyi sözü yerinə yetirdiyini görür və müşahidə edirlər. Bu təcrübəni dünyadakı qardaşlarına da müjdələmək istəyirlər. Yəni şəhidlər başqalarını düşünərək Allah yolunda canlarını fəda etdikləri kimi, şəhid olduqdan sonra da yenə başqalarını düşünməkdədirlər. Deməli şəhidlərin ən mühüm xüsusiyyəti, şəhid olduqdan sonra da başqalarını düşünmək və onlar üçün fədakarlıq etməkdir.
Dünya şəhidi
Dünya şəhidi, sadəcə dünyəvi hökmlər baxımından və görünüşə görə şəhid sayılan şəxslərdir. Dünya şəhidi, Allah (c.c) yolunda şəhid olmaq niyyəti ilə deyil, qəlbində münafiqlik olduğu halda və riyakar bir şəkildə dünyəvi mənfəətlər ya da qənimət əldə etmək uğrunda düşmənlə savaşarkən öldürülən şəxslərə deyilir. Bunlar dünyəvi cəhətdən şəhid hökmlərinə tabe olsalar da axirət hökmləri baxımından gerçəkdə şəhid deyildirlər.
Həqiqi niyyətlərini sadəcə Allahın (c.c) biləcəyi bu şəxslər haqqında zahiri əlamətlər nəzərə alınaraq kamil şəhid hökmləri tətbiq edilsə də, İslam alimləri sadəcə dünyəvi məqsədlər uğrunda savaşarkən ölən şəxslərə ayə və hədislərdən yola çıxaraq axirətdə heç bir savab verilməyəcəyini bildirmişlər.
Quran, bir sıra bəhanələr gətirərək ilahi əmrlərdən boyun qaçırmaq istəyənlərdən bəhs edərkən onları qorxaq adlandırır. Ayə belədir: “Onlara cihad etmək vacib olduqda isə içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir” (Nisa,4/77).
Elmi çalışmalar apararkən ölən şəxsin şəhidlik mərtəbəsinə yüksəlməsi
İslam, insanın yaradılışına uyğun bir din olduğu üçün bütün müsəlmanlara elmi fərz buyurmuşdur. Hər müsəlmanın dini vəzifələrini yerinə yetirəcək, halal və haramı, haqq ilə batili bir-birindən ayırd edəcək qədər bilgi sahibi olması fərzdir. Bir hədisdə Həzrət Peyğəmbərimiz (s.ə.s): “Elm öyrənmək hər müsəlman kişi və qadın üçün fərzdir” (İbn Macə, Müqəddimə, 17) buyurmuşdur. Həkimlik, texniki elmlər və.s kimi cəmiyyət üçün lazım olan hər cür elmi öyrənmək isə fərzi-kifayədir. Yəni, bu kimi elmləri cəmiyyətdə bəzi fərdlərin öyrənməsi ilə digərlərinin üzərindən öhdəlik qalxmış olar. Ancaq heç kim öyrənməzsə, cəmiyyətdə hər kəs Allah (c.c) qatında məsul olurlar. Öyünmək və başqalarına qarşı üstünlük yarışına girmək üçün elm öyrənmək əxlaqi davranış deyil. İslam dini, elm və hikməti möminin itmiş malı hesab etmişdir. Mömin bu elm və hikmətin harada və kimdə olmasından asılı olmadan harda tapsa, onu almalıdır. İslama görə, hər pisliyin, hətta küfr və şirkin də başında bilgisizlik və cəhalət durur.
Küfrün nə demək olduğunu bilən bir şəxs kafir olmaz. Şirkin nə demək olduğunu bilən, başqalarını Allaha (c.c) ortaq qoşmaz, Allahdan (c.c) başqasına ibadət etməz. Buna görə də Quranda: “Elə isə əsla cahillərdən olma!” (Ənam, 6/35) buyurulmuşdur. Yenə Quranda ifadə edildiyi üzrə, “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxarlar” (Fatir, 45/28). Həmçinin Quranda hər növ elm təriflənmiş, bilənlərlə bilməyənlərin bir olmayacağı bildirilmişdir: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” (Zümər, 39/9). Digər bir Quran ayəsində isə: “Allah, içinizdən iman edənlərin və elm verilənlərin dəyərini yüksəldir” (Mücadilə, 58/11) buyurulmuşdur. Bütün bunlardan gördüyümüz kimi İslam elmin, alimin və elm yolçusunun dəyərini yüksəldir.
Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisdə: “Qiyamət günündə alimlərin mürəkkəbi şəhidlərindən qanından ağır gələcək” buyurmuşdur. (Suyuti, Camius-Sağir, 10026). Bu və bənzər hədislər, elmi çalışmalar zamanı, elmi çalışmalar nəticəsində, və ya bu yolda ölən bir şəxsin şəhidlik mərtəbəsinə yüksələcəyi bildirilmişdir. Bütün bunlardan anlayırıq ki, elmi fəaliyyətlər, elmi araşdırma və təcrübələr kimi elm uğrundakı bütün fəaliyyətlər zamanı ölən müsəlman şəhid savabına nail olacaqdır.
Şəhidlərin ikinci dəfə dünyaya gəlmək istəməsi

Bu barədə bir hədisdə belə buyurulmuşdur: “Cənnətliklərin heç biri dünyaya yenidən gəlmək istəməz. Ancaq şəhidlər yenidən dünyaya gəlmək istəyərlər. Çünki şəhid Allahın (c.c) ona verdiyi mükafat və üstünlüyü gördüyü üçün təkrar dünyaya dönməyi və daha on dəfə Allah yolunda öldürülməyi (şəhid olmağı) istəyər (Tirmizi, Fədailul-Cihad, 25). Digər bir rəvayət isə belədir: “Şəhid olaraq cənnətə girənlərdən biri Allahın (c.c) hüzuruna gətirilir. Allah (c.c) ona: “Ey Adəmoğlu, cənnətdəki yerin necədir? deyə soruşar. O şəxs: “Ey Rəbbim! Yerim, yerlərin ən xeyirlisidir” deyə cavab verər. Bundan sonra Cənab Allah (c.c): “Məndən nə istəyərsən, söylə” buyurur. O şəxs də: “(Şəhidliyin üstünlüyü gördüyü və bildiyi üçün) Yenidən dünyaya dönməyi və Sənin yolunda on dəfə şəhid olmağı istəyirəm” (Nəsai, Cihad, 34) deyər.
Şəhidlikdə niyyətin önəmi

Yuxarıdakı şəkildə: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlar Rəbbləri yanında riziqləndirilirlər” (Ali-İmran, 3/169) ayəsinin hüsnü-xətt olaraq yazılmış halı verilmişdir.
Şəhidlərdən bəhs edən bir sıra hədislərlərdə səmimi niyyətin nə qədər əhəmiyyətli olduğu da vurğulanmışdır. Həzrət Peyğəmbərimiz (s.ə.s): “Kim səmimi olaraq Allahdan (c.c) şəhid olmağı istəyərsə, yatağında ölsə belə, Allah (c.c) onu şəhidlik mərtəbəsinə çatdırar” (Tirmizi, Fədailul-Cihad, 19) buyurmuşdur. Muaz İbn Cəbəldən gələn bir rəvayətdə isə Həzrət Peyğəmbərimiz belə buyurmuşdur: “Kim içindən gələrək və səmimiyyətlə şəhid olmağı istəyərsə, Allah (c.c) o şəxsə şəhid mükafatı verər” (Nəsai, Cihad, 36).
Bəzi hədislərdə isə qəlbində Allah (c.c) rizası üçün şəhid olmaq niyyəti olmadığı halda zahirən Allah (c.c) yolunda öldürülmüş şəxslərin qiyamət günü şəhid səvabı almayacaqları bildirilmişdir. Hədis belədir: “Qiyamət günü əvvəlcə şəhid edilən şəxs haqqında hökm veriləcək. O şəxs Allahın (c.c) hüzuruna gətirilərək ona verilən nemətlər açıqlananda hamısını xatırlayar. Daha sonra da bütün bunlar üçün nə etdiyi soruşular. O da şəhid oluncaya qədər Allah (c.c) yolunda savaşdığını söyləyər. Bu zaman ona, yalan söyləyirsən, sən sənə qəhrəman desinlər deyə savaşdın və nəticədə sənə qəhrəman dedilər. Daha sonra bu şəxs haqqında hökm verilir və üzüstə sürüklənərək cəhənnəmə atılması söylənir” (Müslim, İmara, 152).
Bu hədisdən öyrəndiyimizə görə həqiqi mənada şəhid ola bilmək üçün əvvəla niyyətin düzgün olması lazımdır. Hər hansı şəxs belə bir xalis niyyətə sahib deyilsə, zahirən Allah (c.c) yolunda öldürülmüş kimi görünsə də Haqq (c.c) qatında şəhidlik mərtəbəsinə yüksəlmiş sayılmaz.
İslamda işlənən əməllərin dəyəri niyyətə görə müəyyən edildiyi üçün, niyyət məsələsinə çox əhəmiyyət verilmişdir. Bir hədisdə: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəs üçün ancaq niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah (c.c) və Rəsulu (s.ə.s) üçündürsə, onun hicrəti Allah (c.c) və Rəsulunadır. Kimin hicrəti də dünya və ya bir qadınla evlənmək üçündürsə, onun hicrəti də niyyətinə görədir” (Buxari, Nikah, 5).
Bəzi hallarda yaxşı niyyət, həyata keçməsə belə məhz sahibinə savab qazandırar. Bir sözlə, müxtəlif səbəblərə görə həyata keçirilməyən bir əməl, yaxşı niyyətin mövcudluğuna görə sanki edilmiş kimi savab qazandırır. Vəhy katiblərindən olan Zeyd ibn Sabit belə nəql edir: “Möminlərdən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar…” (Nisa, 4/95) ayəsi nazil olanda Allah Rəsulu (s.ə.s) bunu yazmamı istədi. Elə bu anda gözləri görməyən Abdullah ibn Ummi Məktum gələrək: “Ey Allahın Rəsulu! Cihada gücüm çatsaydı, mən də gedər, düşmənlə savaşardım” dedi. Cənab Allah (c.c) yaşanan bu dialoqdan sonra həmin ayənin davamında: “Üzrsüz olaraq (savaşda iştirak etmədən evlərində oturanlar)” istisnasını nazil etdi” (Buxari, Cihad, 31). Buna görə üzrləri səbəbilə savaşda iştirak edə bilməyənlər məhz niyyətlərinə görə savaşda iştirak edənlərin əcr və mükafatını alacaqlar.
Yuxarıdakı hədislərdə bir şəxsin niyyət və səmiyyətinin nə qədər əhəmiyyətli olduğunu görürük. Necə kiçik işlər vardır ki, içindəki yaxşı niyyətə görə böyüyər və böyük xeyirlərə vəsilə olar. Necə böyük işlər də vardır ki, içində var olan pis niyyətə görə heç bir xeyirə vəsilə olmaz və səmərəsiz qalar.
Nəticə olaraq deyək ki, bir müsəlmanın inandığı dəyərlər üçün həyatını fəda etməsi, imanındakı ixlas və səmiyyətin bir təzahürüdür. Bununla bərabər İslamın təlqin etdiyi məsələ məhz düşmənlə qarşılaşmaq və savaşmaq deyil. İslam inancında əsas məsələ Allahın (c.c) adının, Onun (c.c) göndərdiyi mesajların dünyanın hər bir yanına yayılması və ucalmasıdır. Bunun üçün yeganə yol savaşmaq və qanın axıdılmasından ibarət deyil. Bəzən düşmənlə qarşılaşıb ölməkdənsə, yaşamaq daha önəmlidir. Qısaca belə deyə bilərik: Düşmənlə qarşılaşmada tək yol və tək istiqamət var. Ancaq şəhidlik məqamına ucalmaqda, şəhidlik şərbətini içmədə isə xalis bir niyyətlə yataqda ölməkdən tutmuş müxtəlif yollar və istiqamətlər mövcuddur. Hansının daha xeyirli olacağını isə sadəcə Allah (c.c) bilir.
Qeyd: Yazının hazırlanmasında Elmalılı Hamdi Yazırın “Hakk Dini Kuran Dili”, Seyyid Kutubun “Fi Ziləlil-Quran”, Məvdudinin “Təfhimul-Quran”, İbn Kəsirin “Təfsirul-Quranil-Azim”, Təbərinin “Camiul-Bəyan an Təvili ayil-Quran” və digər təfsir kitablarından, eyni zamanda Buxari, Müslim və başqa mötəbər hədis kitablarında keçən şəhidliklə bağlı hədislərdən istifadə edilmişdir.
Nazim Mustafayev
Tətbiqimizi yükləyə bilərsiniz