
Uca Kitabımız Qurani-Kərimin xəbər verdiyinə görə, elə kəslər var ki, onların bu həyatdan köçməsi hansısa əskiklik yaratmır, onların yoxluğu dünyada bir boşluq meydana gətirmir. Özlərini böyük görən, başqalarını aşağılayan, özlərinin olmadığı bir dünyanı təsəvvür edə bilməyən, əslində isə elə də dəyəri olmayan bu şəxslər haqqında Quran ayəsində belə buyurulub: “Onlardan ötrü nə göy, nə də yer ağladı” (Duhan, 44/29). Layiq olmadığı halda insanlardan hörmət və izzət gözləyən bu kimi şəxslər o qədər dəyərli olduqlarını zənn edirdilər ki, sanki onların ölümüə yer və göy ağlamalıydı! Ancaq belə olmadı.
Acı aqibətləri və Haqq (c.c) qatındakı dəyərsizliyi xəbər verilən bu kimi kəslərlə yanaşı, bu həyatdan köçsələr də haqlarında “ölü” deyilməsinə belə icazə verilməyən Haqq (c.c) qatında diri və üstün mövqedə olan şəxslər də var. Ayədə belə buyurulub: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə, 2/154).
Hərb meydanında bilə-bilə özünü ölümə atmaq…
Əlbəttə ölüm, hər bir insanın başına gələcək qaçılmaz bir aqibət və sondur. Bəzi kəslərə görə, ölüm bir müsibət, bəzi insanlara görə, dünyanın sıxıntılarından qurtuluşdur. Ancaq Allah (c.c) yolunda ölmək və ya öldürülmək, nə bir müsibət, nə də müxtəlif sıxıntılar altında əzilən bir insanın bu müsibətlərdən qurtuluş çarəsidir. Onu da vurğulamaq lazımdır ki, şəhid olmaq üçün insanın bilə-bilə özünü ölümə atması doğru deyildir. Əvvəla, onun vəzifəsi dinini və vətənini düşmənə qarşı qorumaqdır. Bu vəzifəni icra edərkən öldürülərsə, şəhidlik mərtəbəsinə ucalmış olur. Əks halda vəzifədən qaçmış olur və buna görə Allah (c.c) qarşısında məsuliyyət daşıyır.
Cənnəti görsələr də dünyaya qayıtmaq istəyənlər…
Allah (c.c) yolunda ölən bir şəxsə Allah (c.c) qatından heç kimə verilməyən və heç kimin çata bilməyəcəyi bir məqam verilir. Bu məqam və mərtəbəyə şəhidlik mərtəbəsi deyilir. Şəhidlərin Allah (c.c) qatında qazandığı mərtəbə Həzrət Peyğəmbərimiz (s.ə.s) tərəfindən müxtəlif hədislərdə bildirilmişdir. Bu hədislərdən biri belədir: “Heç kim cənnətə girdikdən sonra təkrar dünyaya geri qayıtmaq istəməz. Ancaq şəhidlər müstəsnadır. Çünki şəhidlər gördükləri hörmət və izzət səbəbilə təkrar dünyaya qayıdaraq on dəfə öldürülməyi istəyərlər” (Buhari, Cihad 5, 21).

Şəhidlik və ortaq ağıl
Uca Allahın (c.c) qoyduğu ümumbəşəri dəyərləri müdafiə edərkən bəzi insanlar həyatlarını itirirlər. Xeyir və yaxşılıq yolunda verilən mücadilələr, Allahın (c.c) yolunda verilən mücadilələr mənasına gəlir. Allahın (c.c) yolu, ağılın, imanın, sevginin, bilginin, yaxşılığın, gözəlin, ədalət və haqqın yoludur. Bunlar uğrunda mücadilə etmək, Allah yolunda mücadilə etməkdir.
Sual ortaya çıxır ki, Allah (c.c) yolunda şəhid olan insanlara “ölü” demək doğru olmadığına görə, nə demək doğrudur? Bu sualın cavabı ayənin davamında verilmişdir: “Onlar diridirlər”. Burada dirilik və ölümə fərqli bir məna verilib. Bir şəxsin Allah (c.c) yolunda can verməsi, onun öldüyü mənasına gəlmir. Bu mənada ölü, ya da diri olmağı müəyyənləşdirən canın bədəndən çıxması deyil, bir şəxsin hansı məqsəd uğruna can verməsidir. Allah (c.c) uğrunda verilən mücadilədə həyatını itirən insan əslində diridir.
Ayənin davamında ifadə edildiyi kimi, biz bunu (şəhidlərin Allah (c.c) qatında diri olmasını) dərk edə bilmirik. Cənab Allah (c.c) canı bədənindən ayrılan insanın həyatda olduğunu anlamağın, insan idrakını aşan bir məsələ olduğunu bildirir. Deməli, ruh və bədənin bərabər olduğu bir dirilik, bir də ruh və bədənin ayrı olduğu dirilik vardır. Cənab Allah (c.c) bu ikinci növ diri olmağın insan ağlının sərhədlərini aşan bir məsələ olduğunu xəbər verir.
Bu ayədə insana canını hansı dəyər uğrunda fəda etməsi öyrədilir, uğruna can verilən dəyərə görə insanın Allah qatında dəyər və dərəcə qazanacağı göstərilir. Bu ayədə eyni zamanda insanlıq şərəfini ayaqda tutan ümumbəşəri dəyərləri müdafiə etməyə bir təşviq vardır. Dünya həyatında yaxşı və pis arasındakı mücadilədə öz mövqeyini yaxşının yanında dayanmaqda ortaya qoyan və bu yolda ölənlər, bizim fərqində olmadığımız bir həyatı yaşayan dirilərdir. Ölənə ölümsüzlük mükafatı qazandıran bu şərəfli mücadilə, əslində insanlığa can verən bir mücadilədir.
Şəhidlərin bizə bildirmək istədiyi mesajlar var
İllər əvvəl ölən və adı Yasin surəsində əbədiləşən adsız bir şəhid davamlı olaraq bizə bu mesajı verir: “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!” (Yasin, 36/27) Bu böyük bir şərəf, böyük bir əcr və mükafatdır. Bu ayə bir şəhidin, Allah yolunda ölən bir şəxsin canlılığını qoruduğunun, davamlı olaraq bizə mesaj çatdırmasının bir sübutudur. Qiyamətə qədər Yasin surəsini oxuyan hər bir şəxs bu mesajı görəcəkdir. Onlar zahirən ölüblər, toz-torpaq olublar, ad-sanları qalmayıb, harada dəfn olunduqları belə bəlli deyil. Ancaq dünyanın hər bir yerində canlarını Allah üçün fəda edən, Allahdan başqa ilah olmadığının şəhadətini canları ilə sübut edən, Allahın ölü deməyi qadağan etdiyi bu insanlar davamlı olaraq bizə mesaj verirlər.
Ali-İmran surəsində bu diriliyin mahiyyəti haqqında bir az daha geniş məlumat verilir: “(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!” Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar” (Ali İmran, 3/168-171).
Canab Allah (c.c) onlara o qədər əcr və nemət verir ki, onlar bunlarla sevinib coşurlar. Arxalarından hələ onlara qovuşmayanlara da müjdələr verirlər. Davamlı olaraq şəhadətin, cənnətin yayını və mesajını Allahın (c.c) bildirməsi ilə bizə ötürürlər.
Şəhidləri Cənab Allah (c.c) bizə anladır…
Rəvayətə görə, “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin” ayəti Bədr müharibəsində öldürülmüş səhabələr haqqında enmişdir. Bunlar 6-sı mühacirlərdən, 8-i də ənsardan olmaq üzrə cəmi 14 nəfər idilər. Bu ayədə xəbər verilən şəhidlərin ölməzliyi yalnız Bədr şəhidləri haqqında deyil, Allah (c.c) yolunda can verən bütün şəhidlərə şamil etmək olar.
Bədr savaşından sonra Allah yolunda ölən şəxslər haqqında: “Filan şəxs öldü, dünya nemətləri, ləzzətləri onun üçün sona çatdı” deyirdilər. Bu sözlərdən sonra Cənab Allah (c.c) şəhidlərin bizlərin mahiyyətini dərk edə bilməyəcəyimiz bir şəkildə diri olduqlarını xəbər verən ayələri nazil etmişdir.
Xatirələrdə yad edilmək diri olmaq deməkdir?
Bəzi müfəssirlər şəhidlərin diri olma məsələsi barədə görüşlər ortaya qoymağa çalışmışlar. Misal üçün ayədə keçən “bəl əhyəun” (onlar diridirlər) ifadəsini, Allah (c.c) yolunda öldürülən insanın bu dünyada gözəl bir xatirə və bir iz qoyub getməsi, xatirələrdə, yaddaşlarda yaşaması kimi izah etmişlər. Düzdür, bir insanın öldükdən sonra arxasında buraxdığı gözəl bir xatirə, ya da bir nişanə dünyadakı davamı kimi başa düşülə bilər. Hətta bir ərəb şairi də belə demişdir:
Özünə ölümdən sonra bir xatirə burax;
İkinci bir həyatdır bu xatirələrdə yaşamaq…”
Bu minvalla ayədə bildirilən şəhidlərin ölməzliyini əsrlər boyu insanın ardından silinməyəcək gözəl xatirə və izlər buraxması, yaddaşlarda yaşaması kimi izah edən bəzi alimlər olmuşdur.
Normal bir şəkildə ölən şəxsin həyatla əlaqəsi kəsilir və bu səbəblə ona “ölü” deyilir. Ancaq Allah (c.c) yolunda şəhid olanlar, davamlı olaraq qeyb aləmində Allahın (c.c) sonsuz nemətlərindən istifadə edirlər. Bununla bərabər geridə qalan insanlar nəzdində də xeyirlə yad edilib xatırlanırlar. Şübhə yoxdur ki, bu məqamlar insanı Allah (c.c) yolunda mücadilə etməyə, haqqın səsini ucaltmağa, zülmə qarşı savaşmağa təşviq edən, insana mənəvi güc və motivasiya verən amillərdir.
Ancaq şəhidlərin ölməzliyini məhz xatirələrdə yaşamaq, arxada bir iz buraxmaq kimi izah etmək, bu haqda ən doğru və yekun bir görüş hesab etmək doğru deyil. Bir insan sadəcə olaraq ölümündən sonra xatirələrdə yaşamaq uğrunda öz canından keçməyə hazır hala gəlməsi, İslama görə, onu motivasiya edəcək əsas güc deyil. Burada daha güclü bir motivasiya, mənəvi güc və inamın olması lazımdır. Xatirələrdə yaşamaq uğruna canından keçən bir şəxsin, hədislərdən öyrəndiyimizə görə, Allah (c.c) qatında şəhid sayılmama ehtimalı da vardır.
Bir şəxs Həzrət Peyğəmbərimizin (s.ə.s) yanına gələrək, insanlardan bəzilərinin qənimət üçün, bəzilərinin şan-şöhrət və ad-san qazanmaq üçün, bəzilərinin də şücaətini və qəhrəmanlığı göstərmək üçün savaşdığını, bunlardan hansının Allah (c.c) yolunda olduğunu soruşmuşdur. Həzrət Peyğəmbərimiz də cavab olaraq: “Kim Allahın (c.c) adının ucalması üçün savaşarsa, o Allah (c.c) yolunda olandır” buyurmuşdur (Buxari, Fədailul-Cihad, 28/262).
Saleh əməllərmi, yoxsa quru ad-sanmı?
Bəli, arxasında gözəl xatirə və bir iz buraxmaq, ölümündən sonra adının insanların dilində və yaddaşında yaşayacağı kimi motivasiyalar, insanı dünya həyatında bəzi xoş əməllərə təşviq edə bilər. Hətta bu kimi motivasiyalar uğruna insanlar müəyyən çətinliklərin öhdəsindən gələ bilərlər. Ancaq belə bir xəyali motivasiya, insan ruhundan ölüm acısını və yox olma hissinin verdiyi dəhşəti aradan qaldıra bilməz. Uca dinimiz İslamda insanın ölümündən sonra arxada buraxdığı gözəl bir xatirə ilə yad edilməsi və belə bir duyğuya əhəmiyyət verildiyi ilə bağlı hər hansı ayə və hədisə rast gəlmirik.
Bir hədisdə, insan öləndən sonra bütün əməl dəftəri bağlansa da, arxasında özü üçün dua edən salih bir övlad buraxan şəxsin, insanların faydalanacağı elmi əsər buraxan alimin, həmçinin köprü, məktəb, məscid və.s kimi insanların faydalanacağı bina və tikililər tikən insanın əməl dəftərinə vəfatından sonra da savabların yazılacağı xəbər verilmişdir (Müslim, Vasiyyet 14). Buradan anlamaq olar ki, İslama görə insanın ölümündən sonra da onu həyatın davamı mahiyyətində yaşadacaq olan amil, həyatda ikən işlədiyi saleh əməlləridir.
Ayədə şəhidlərin diri olmasının mahiyyətini anlamaqla bağlı: “Lakin siz bunu dərk etmirsiniz” (Bəqərə, 2/154) buyurulmuşdur. Halbuki, arxada gözəl xatirə və bir iz buraxmaq insanların anlaya bilmədikləri bir məsələ deyil. Deməli, şəhidlərin ölməzliyini “xatirələrdə yaşamaq” olaraq izah etmək, ayənin ümumi mənası ilə də üst-üstə düşmür.
Şəhid - haqq davası uğruna başını verən şəxs deməkdir. Şəhid - davasının və başqalarının dirilişi üçün canını fəda edən şəxs deməkdir. Buna görə də şəhid diridir. Şəhidlər ölülər kimi yuyulmazlar. Yuyulmaq, ölünün cəsədini təmizləmək deməkdir. Onlar onsuz da təmiz olduqlarına görə yuyulmur, şəhidlik libasları da kəfənləri olur. Yaşayarkən geydikləri libasları ölərkən də geyirlər. Çünki onlar öldükdən sonra da yaşayırlar.
Şəhid savabı alanlar…
Hərb meydanında yaralanan və bu aldığı yaraya görə sonradan həyatını dəyişən şəxslər də şəhiddirlər. Həmçinin bir müsəlman tərəfindən zülm edilərək öldürələn müsəlmana da şəhid deyilir. Yanaraq ölən, dənizdə boğularaq, həmçinin müalicəsi hələ tapılmamış bir xəstəlik səbəbilə ölənlərin şəhid olduğuna dair də hədislər vardır. Doğum əsnasında ölən hamilə müsəlman qadın və qarın ağrısından (bu qarın ağrısının o gün şəfası tapılmayan bir xəstəlik olduğunu anlayırıq) ölən şəxs də şəhid savabı alırlar. Bu sadalananlar hərb meydanında can verən şəhid kimi deyillər. Yəni patlarları kəfən yerinə keçmir, yuyulur, namazları qılınır və dəfn edilirlər. Allah qatında bunlar şəhid savabı alırlar.
İmtahan dünyası və şəhidlik
Belə bir sual ağıla gələ bilər… Allah (c.c) öz dinini özü nə üçün qorumurmu? Əlbəttə Cənab Allah (c.c) diləsə, kafirlərə qalib gələr. Hətta Cənab Allah (c.c) diləsəydi, heç kafirləri yaratmazdı. Həmçinin kafirlərin hamısını imana gətirməyə də Cənab Allahın güc və qüvvəti var. Ancaq bu zaman dünyada imtahan deyə bir şey qalmazdı. Halbuki, “Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi?” (Furqan, 25/20) ayəsinə görə, insanlar bu dünyaya imtahan məqsədilə göndəriliblər.
Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisdə: “Qarışqa insanı dişləyəndə nə qədər acı duyarsa, bir insan şəhid olanda o qədər acı hiss edər” (Tirmizi, Fəzailul-Cihad/26) buyurmuşdur. Bu səbəblə şəhidlərin arxasıanca acımamalıyıq. Əslində acımaq lazımsa, elə öz halımıza acımalıyıq. Həmçinin şəhid olmaq əsas qayə deyil, mücadiləyə davam etmək əsas qayə olmalıdır.
Yazının davamını buradan oxuya bilərsiniz.
Nazim Mustafayev
Qeyd: Yazının hazırlanmasında Elmalılı Hamdi Yazırın “Hakk Dini Kuran Dili”, Seyyid Kutubun “Fi Ziləlil-Quran”, Məvdudinin “Təfhimul-Quran”, İbn Kəsirin “Təfsirul-Quranil-Azim”, Təbərinin “Camiul-Bəyan an Təvili ayil-Quran” və digər təfsir kitablarından istifadə edilmişdir.
Tətbiqimizi yükləyə bilərsiniz