Xəbər verdiyimiz kimi, dünən Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən bir şəxsdə koronavirus aşkarlanıb. Bu gün isə Gürcüstan Azərbaycanla sərhədləri qismən bağlayıb.
Yeniavaz.com xəbər verir ki, İrandan fərqli olaraq Gürcüstanla sərhədin bağlanması Azərbaycan iqtisadiyyatına daha çox təsir edə bilər.
Əvvəlki yazımızda qeyd etmişdik ki, İran Azərbaycana qonşu ölkə olsa da, Azərbaycanın bu ölkəyə ixracı olduqca aşağı səviyyədədir. 2019-cu ildə Azərbaycandan İrana 41,1 milyon dollarlıq məhsul ixrac edib. Bu ilin yanvar ayında 1,3 milyon dollar. Ümumi ixracda İranın payı 0,06% (2019-cu ildə 0,2%) təşkil edib.
2019-cu ildə Gürcüstana ixrac etdiyimiz məhsullar dəyər ifadəsində İranla müqayisədə 14 dəfə çox olub. Bu ilin yanvar ayında isə 6,3 dəfə çox olub.
Ötən il Azərbaycan Gürcüstana 586 milyon 904,1 min dollar, bu ilin yanvar ayında isə 8,5 milyon dollar dəyərində məhsul ixrac edib. Ümumi ixracda Gürcüstanın payı 3% təşkil edib. Gürcüstan Azərbaycanın ən çox məhsul satdığı ölkələrin sıralamasında 10-cu yerdə olub.
Eyni zamanda Azərbaycan nəqliyyat vasitələri və onların hissələrini də əsasən ya Gürcüstandan, ya da Gürcüstan üzərində idxal edir.
Bundan başqa Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə ilə əlaqələr Gürcüstan üzərindən həyata keçirilir. 2019-cu ildə Azərbaycan Türkiyəyə 2,8 milyard dollar dəyərində məhsul ixrac edib. Türkiyədən isə 1,6 milyard dollar dəyərində məhsul idxal edib. Türkiyə həm idxal, həm də ixracda Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşıdır. Azərbaycana idxal olunan məhsulların 12%-dən çoxu Türkiyənin payına düşür.
Bu səbəbdən də Gürcüstanla sərhədin bağlanması bəzi malların qiymətinə təsir edə bilər.
Qeyd etdiyimiz kimi, sərhədlərin bağlanması ilk növbədə nəqliyyat vasitələri və onların hissələrinin qiymətinə təsir edə bilər. Bundan başqa Azərbaycan bazarında Türkiyədən idxal olunan toyuq və toyuq məhsulları, qənnadı məlumatları, yuyucu vasitələr, ayaqqabı və geyimlər böyük paya sahibdir. Məsələn, ötən il Azərbaycana 65 milyon dollar dəyərində yuyucu vasitələr (sabundan başqa) ixrac olunub ki, bunun da təxminən yarısı - 31 milyon dolları Türkiyənin payına düşüb. İl ərzində Azərbaycana 4,6 milyon dollar dəyərində quş yumurtası idxal olunub və bunun da 74%-i (3,4 milyon dollar) Türkiyənin payına düşüb.
A. Cəfərov