İranla sərhədlərin bağlanması Azərbaycana necə təsir edəcək? - ANALİZ


Xəbər verdiyimiz kimi, İranda yayılan koronavirus səbəbindən Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. Bəs, gediş-gəlişin məhdudlaşdırılması iki ölkə arasındakı ticarət əlaqələrinə necə təsir edəck?
Yeniavaz.com xəbər verir ki, İran Azərbaycana qonşu ölkə olsa da, əsas ticarət tərəfdaşları arsında yer almır. Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatda göstərilir ki, 2019-cu ildə İran Azərbaycanın əsas ticarət tərafdaşlarının ilk 10-luğunda yer almayıb. Ötən il İran Azərbaycana ən çox məhsul ixrac edən ölkələrin sıralamasında 8-ci sırada olub. Bu ilin yanvar ayında isə 9-cu yerdə qərarlaşıb.
2019-cu ildə Azərbaycan İrandan 452,7 min dollarlıq məhsul idxal edib, əvəzində İrana 41,1 milyon dollarlıq məhsul ixrac edib. Yanvar ayında İrandan idxalın dəyəri 24 milyon dollar, ixracın dəyəri isə 1,3 milyon dollar olub. Ümumi idxalda İranın payı 3,3%, ümumi ixracda isə 0,06% (2019-cu ildə 0,2%) təşkil edib. 
Rəqəmlərdən də göründüyü kimi Azərbaycandan İrana ixrac nəzərə çarpmayacaq qədər kiçikdir. İdxala gəldikdə isə qeyd edək ki, bu ölkədən gətirilən məhsulların heç biri ölkənin daxili tələbatına təsir edəcək səviyyədə deyil. Məsələn, İrandan Azərbaycana idxal olunan məhsullar arasında kartof ilk sıralarda yer alır. Ötən il İrandan 13 milyon 216,9 min dollar dəyərində 54 min 197,3 ton kartof gətirilib. Qeyd edək ki, İrandan gətirilən kartof Azərbaycandakı yerli istehsalın cəmi 5,4%-nə bərabərdir. Belə ki, 2019-cu il ərzində Azərbaycanda 1 milyon ton kartof istehsal olunub. Azərbaycanın kartofun idxaldan asılılığı cəmi 16%-ə bərabərdir ki, burada da İranın payı 5%-dən də aşağıdır.
Ümumiyyətlə İrandan idxalın 1/3-ni və ya 151 milyon dollarını təbii qaz təşkil edir. Bildiyimiz kimi, hazırda Naxçıvanın təbii qaza olan tələbatı İrandan idxal hesabına ödənilir. Təbii qazı nəzərə almasaq, İran Azərbaycanın idxalında heç ilk 10-luğa da daxil ola bilmir. Təbii qaz boru xətti ilə idxal olunduğu üçün gömrük məntəqələrinin bağlanması bu istiqamətdə ticarət əlaqələrinə təsir etməyəcək.
İrandan idxal olunan əsas ərzaq məhsullarına baxdığmız zaman açıq şəkildə görünür ki, Azərbaycanın daxili bazarında bu ölkənin məhsulları ciddi paya sahib deyil.
Aşağıdakı cədvələ baxdığımız zaman İrandan idxal olunan məhsulların yerli istehsalla müqayisədə nə qədər az olduğu açıq şəkildə görülməkdədir (mənbə: Dövlət Statistika Komitəsi):
  Yerli istehsal
(illik)
İrandan idxal (illik) İdxalın yerli istehsalda payı
Kartof 1 milyon ton 54,2 min ton 5,4 %
Xiyar 224 min ton 2 min ton 0,9 %
Badımcan 80 min ton 4,3 min ton 5,4 %
Xurma 160 min ton 3,9 min ton 2,4 %
Kələm 108 min ton 1,3 min ton 1,2 %
 
Azarbaycanda istehsal olunmayan, ya da az miqdarda istehsal olunan məhsullar üzrə İrandan idxal əhəmiyyətli paya sahib olub. Lakin, bu məhsullar digər ölkələrdən də asanlıqla idxal oluna bilər. Məslən, Azərbaycan il ərzində 3 min ton portağal istehsal edir. İrandan idxal olunan portağal yerli istehhsaldan çoxdur - 3,6 min ton. Ancaq, qeyd etdiyimiz kimi İranla sərhədlər bağlandığı zaman portağal idxalın digər ölkələrin, o cümlədən Türkiyənin hesabına bərpa etmək olar. Üstəlik, İrandan idxal olunan portağalın qiyməti Türkiyədən idxal olunan portağalın qiymətində ucuz deyil. Ötən il Türkiyədən idxal olunan portağalın (7,8 min ton) 1 kiloqramının gömrük dəyəri 1,17 manat olduğu halda, İrandan olunan portağalın (3,6 min ton) 1 kiloqramının gömrük dəyəri 1,19 manat olub.
Azərbaycanın İrandan ən çox ixrac etdiyi məhsullardan biri də ilkin formalı polietilendir ki, bu da daxili bazara təsir edəcək səviyyədə deyil. Ötən il Azərbaycan İrandan 32,7 milyon dollarlıq (ümumilikdə 49 milyon dollar) polietilen idxal edib. Amma eyni zamanda 86,7 milyon dollarlıq polietilen ixrac edib. Rəqəmlərdən də göründüyü kimi Azərbaycanın politelin ixracı idxalından 2 dəfə çoxdur. 

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top