Ərciyəs dağını İstanbula daşıyan dahi: Memar Sinan


Memar Sinan (1489-1588)  tarixə 477 memarlıq nümunəsi miras qoymuşdur. Əsərlərindən 160-ı aradan keçən 500 ilə baxmayaraq, hələ də istifadə edilir. Memar Sinan inşa etdiyi əsərləri hiss edərək, inanaraq tarixə əmamət etmişdir. Əks halda bu qədər möhtəşəm əsərlər ortaya qoya bilməz, qoysa da o əsərlər günümüzə qədər gəlib çata bilməzdi. İstanbulun fatehi Fateh Sultan Məhmət olsa da, tarixən Roma və Bizans dövlətlərinin mərkəzi olmuş bu qədim şəhərə İslam və Osmanlı-türk kimliyini qazandıran  Memar Sinan olmuşdur.
Tarixi bəlgələrdə qeyd olunduğuna görə, Memar Sinan devşirmə olaraq Ağırnasdan alındıqdan sonra Kayseridəki qohumları ilə əlaqələri davam etmiş, bir-biriləri ilə məktublaşmışlar. Bu yazışmalar Sinanın Kayserinin Ağırnas kəndindən olduğunu göstərir. Əldəki bu məlumatlara əsasən Memar Sinanın mənşəcə xorvat, slavyan, əcəm və ya bosniyalı olmadığı aydın olur.
Yeniavaz.com xəbər verir ki, aradan əsrlər keçməsinə baxmayaraq, bu gün belə Memar Sinanın doğulub böyüdüyü Kayseri şəhərinin Ağırnas kəndinə gələn, bu kəndin küçələrində gəzən, lap elə buradakı Memar Sinanın 22 yaşına qədər yaşadığı evinə daxil olan hər kəs anlaya bilər ki, Memar Sinanın ilham mənbələrindən biri, bəlkə də ən əhəmiyyətlisi məhz Ağırnas kəndi və buradakı tikililərdir. Memar Sinan “Ağırnas olmasaydı, mən də olmayacaqdım. Kəndim məni memar etdi” demişdir. Bu kənd Kayseri şəhərinə 17 km məsafədə yerləşir. Ağırnas dəhliz və üstü örtülü yolları ilə, mağaraları və yeraltı şəhər qalıntıları ilə 3000 illik bir keçmişə sahibdir.
Sinanın dünyaya göz açdığı və devşirməyə qədər yaşadığı Ağırnas kəndi Ərciyəs dağından daha yüksək mövqedə, qayalar üstündə yerləşir. Ağırnas enişli, yoxuşlu qayalıq ərazisində yonulmuş daşlardan tikilən tarixi evləri ilə günümüzdə də məşhurdur. Hətta iki nəsil əvvələ qədər ağırnaslı ailələr bu gün torpaq və qaya üzərində yüksələn evlərin altındakı qübbəli və kəmərli dəhlizlərdə və otaqlarda yaşamışlar.


Sinanın Ağırnasdakı evinin qapısı Ərciyəs dağına açılırdı. Sinan hər səhər gözlərini açanda ilk gördüyü Ərciyəs dağı olurdu. Yəni hələ devşirmə olaraq alınmadan əvvəl Sinanın şüuraltına Ərciyəs dağının heybəti hopmuşdur. Bu minvalla balaca Sinan, hələ adı və məkanı bəlli olmasa da, Suleymaniyə məscidinin xəyalını Ağırnasda ikən qurmuşdu. Səlimiyyə məscidinin qübbə şəkli ilə Ərciyəs dağının görünüşü bir-birinə bənzəyir.
Bir çox araşdırmaçı İstanbulun müxtəlif yerlərindən Memar Sinanın şah əsərlərindən olan Suleymaniyyə məscidinin görünüşü və ehtişamı ilə onun doğum yeri olan Ağırnas kəndindən Ərciyes dağının görünüşünü müqayisə etmişlər. Tarixçilər, şair və yazarlar bu məqamı gözdən qaçırmamış, Sinanın uşaqlıqdan etibarən ruhuna hopmuş olan Ərciyes dağının əzəmətinin Suleymaniyə məscidi kimi bir sənət əsərində ortaya çıxdığını qeyd etmişlər.
Arif Nihat Asya (1904-1975), Ərciyəs dağı və Suleymaniyyə məscidini bir şeirində Memar Sinanın gözü ilə müqayisə etmişdir. Şeirin ritminə xələl gəlməməsi üçün anadolu türkçəsində olduğu kimi veririk:
“Dağ parçası kubbeler ufaktan, iriden
Gel, haşmeti gör yandan, ileriden, geriden;
Bir mucize devrinde Sinan, Erciyes’i,
İstanbul’a dikmiş, getirip Kayseri’den”


Arif Nihat Asyanın, Memar Sinanın gözü ilə müqayisə etdiyi Ərciyəs dağı və Suleymaniyyə məscidi.

Memar Sinanın həyatı haqqında onun müasiri və yaxın dostu olan şair Sai Mustafa Çələbinin qələmə aldığı “Təzkirətul-bünyan” əsərində bilgilər var. Bu əsərdə Memar Sinanın həyat hekayəsi, əsasən də ərsəyə gətirdiyi əsərlərin adları və siyahısına yer verilmişdir. Memar Sinan şəxs olaraq, ya da düşüncəsi ilə deyil, sənəti ilə tanınmışdır. Bir mənada Sinan deyəndə onun təkrarsız memarlıq incilərindən başqa bir şey ağıla gəlmir.
Memar Sinanın xristian bir ailənin övladı olaraq dünyaya gəlməsi ailənin etnik mənsubiyyətini dəqiqləşdirmək üçün yetərli deyil. O dövrdəki Kayseri müsəlman türk, xristian türk, hətta monqol qalıntılarının yaşadığı bir məkan olduğu üçün dini mənsubiyyətinə görə insanların etnik kimliyini ortaya qoymaq mümkün deyil. Bu baxımdan Memar Sinanı müəyyən bir etnik qrup və ya millətə bağlama cəhdləri şübhəsiz ki, Osmanlı memarlığını töhmət altında saxlayan polemikalara zəmin hazırlamaqdan başqa bir şeyə xidmət eləmir.

Memar Sinanın Ağırnas kəndində yaşadığı evi

Adəti üzrə devşirilən uşaq ilk təhsil alması üçün köklü Osmanlı ailələrindən birinə verilir, bu zaman ərzində İslam dini ilə yanaşı dövün rəsmi dili olan Osmanlı türkçəsini də öyrənməsi təmin edilirdi. Qəribədir ki, Sinanın belə bir ailənin yanına verildiyinə dair hər hansı sənəd və ya bəlgə yoxdur. Həmçinin onun hələ erkən dövrlərdə türkcə şeirlər yazdığı bilinir. Başqa bir ifadə ilə onun danışdığı dil elə başdan bəri türkçə idi. Karaman bölgəsində türkçə danışan ortodoks xristianlarının böyük bir hissəsi Kayseri və ətrafında yaşayırdı. Sinanın illərdir buralarda məskunlaşan ortodoks-türk ailələrdən birinin övladı olma ehtimalı daha böyükdür. Xristian bir ailənin övladı olan Sinanın üstün zəkası və qabiliyyətləri kəşf edilmiş, kəndində qalıb itib getməkdənsə, alınaraq (devşirilərək) bacarıqlarını reallaşdıra biləcək, hətta imperatorluğun baş memarı vəzifəsinə qədər gəlib çıxacaq fürsətlər önünə sərilmişdir.
Osmanlıdakı devşirmə şərtlərinə baxaraq Sinanın da o günə qədər daşıdığı və sahib olduğu bəzi xüsusiyyətləri haqqında bilgi əldə etmək olar. Devşirmə, Osmanlı dövlətində müxtəlif ordu və dövlət işlərində işlədilmək üçün dövlətin öz təbəəsi olan qeyri-müsılman gənclərinin bir qanun daxilində toplanmasına deyilir. Devşirmə sistemi ilə qaynaq təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər, bəzən də saray üçün məmurlar yetişdirilirdi. Devşirmə qanununda toplanacaq gənclərin xüsusiyyətləri müəyyən edilmişdir. Belə ki, bu gənclərin əsl-nəcabətli olanları, atası keşiş olanlar, ailədəki iki uşaqdan sadəcə biri, bir çox uşağı olan ailənin ən sağlıqlı uşağı seçilirdi, ailənin tək oğlu alınmazdı.
XV əsrin ilk yarısından XVII əsrin sonlarına qədər, təxminən iki əsr yarım davam edən devşirmə əməliyyatı qanuna uyğun icra edildiyinə görə müsbət nəticələr vermişdir. 1584-1587-ci illərdə İstanbulda Venesiya səfiri olan Lorenzo Bernardo: “Sadəcə dövlət idarəsinin deyil, böyük imparatorluğun ordularını idarə etmə səlahiyyəti verilənlərin hamısı çobanlıqdan gəlmə sıradan insanlardır. Bu səbəblə biz venesiyalılar da Osmanlının təcrübəsini tətbiq etməliyik. Osmanlı padşahı bu adamlardan ən yaxşı kapitanları və digər mühüm vəzifələrdə işləyən dövlət adamları yetişdirərək, onlara şan və etibar qazandırımşdır” deyərək devşirmə sisteminin uğurlu bir lahiyə olduğunu vurğulamışdır. Həqiqətən də gənc yaşlarında toplanaraq güclü bir təhsil sistemindən keçirilən devşirmə oğlanları qabiliyyət, bir az da şanslarına görə ən yüksək mövqelərə gəlib çata bilirdilər. Memar Sinan da bu uğurlu lahiyə olan devşirmə yolu ilə öz qabiliyyət və istedadı sayəsində adını nəinki öz dövrünə və böyük Osmanlı coğrafiyasına, ümumiyyətlə bir memar və sənətkar olaraq dünya tarixinə yaza bilmişdir.
“Osmanlı” ifadəsi özlüyündə bir etnik mənsubiyyət bildirməsə də Sinan özünün etnik kimliyi haqqında “Mən osmanlıyam” sözlərini işlətmişdir. Tədqiqatçılar Memar Sinanın Karaman xristian türklərindən olduğunu qeyd etmişlər. O, özü haqqında Abdulmənnan oğlu Sinan kimi bəhs etmişdir.
Memar Sinanın yaşadığı və Osmanlı dövlətinin baş memarı olduğu dövr, fəthdə, elmdə, sənətdə, bir sözlə, hər sahədə ən mahir şəxslərin həyatda olduğu dövrdür. Elm sahəsində İbn Suud, İbn Kəmal, ədəbiyyat sahəsində Baki, Füzuli, Nəfi, Ruhi kimi şairlər bu dövrün, XVI əsrin yetirmələridir. Sinan devşirmədən sonra 26 il savaşlarda iştirak etmiş, sər memar (baş memar) olduqdan sonra da 52 il bu vəzifədə çalışaraq əsərlər meydana gətirmişdir.
Arif Nihat Asya memarlıq dühası ilə mərməri xəmir kimi yoğuraraq dağlar boyda qübbələr inşa edən Memar Sinanı şeirlərində belə mədh etmişdir:
“Kendi köprüsünden geçen Kendi sebilinden içen,
Açınca kanatlarını Kendi kubbesinden uçan
Nice nice imaretten, dârüşşifâdan, asırlar boyu, duâ almış;
Şimdi, öbür dünyâdan eserlerini seyre dalmış;
Memar Sinanın həyatı və əsərləri haqqında nəşr olunan kitablar, bəlgələrlə isbat edilmiş araşdırmalar balaca bir kitabxananı doldura biləcək həcmdədir.
İsveçrəli Le Korbuzye (1887-1967) və amerikalı Frank Loyd Rayt (1867-1959) kimi müasir memarlığın liderləri Memar Sinanın adını heyranlıqla yad etmişlər. Veronika da Osa adlı yazar da “Sinan: The Turkish Michelangelo” (Sinan: Türk Mikelanjelo) başlıqlı bioqrafik roman qələmə almışdır (Nyu York 1982).

Sinanın iştirak etdiyi səfərlər bir yandan onun yeniçəri ocağında yüksəlməsini təmin edir, bir yandan da gələcəyin memarına mühüm şəhərləri görmə və tanıma şansı verirdi. Memar Sinanın özünün də qeyd etdiyi kimi, şübhəsiz ki, o, səfər yolları üzərindəki keçmiş mədəniyyətlərə aid memarlıq abidələri və tikililərini tədqiq edir, gördüklərini gələcəkdə istifadə etmək məqsədilə dəyərləndirirdi. Memar Sinanın yeniçəri ocağındakı 26 illik xidmətindən sonra böyük imperatorluğun baş memarlığına gətirilməsi təsadüf deyildi.
Osmanlı imperatorluğunun yetişdirdiyi ən mühüm memar və sənətkarlardan olan Memar Sinan, Kayserinin Ağırnas kəndindən devşiriləndən sonra imperiya qoşununun əsasını təşkil edən Yeniçəri ocağında dülgər və memar olaraq yetişmişdir. İştirak etdiyi səfərlərdə Suriya, Misir, İraq, İran və Balkan ölkələrini gəzərək buralardakı memari tikililəri araşdırmışdır. Memar Sinan Osmanlı ordusunun zəruri ehtiyaclarını təmin etmək üçün qurulmuş Yeniçəri ocağında ikən dülgərlik sənətinə dərindən bələd olmuşdur. O bu dövrləri anladarkən belə demişdir: “Ustamın xidmətində, bir pərgarın sabit ayağı kimi qərarlı bir şəkildə çalışdım. Sonra da pərgarın gəzən ayağı kimi başqa diyarları öyrənməyə həvəs saldım. Ərəb və əcəm diyarlarında gəzib dolaşarkən hər yüksək eyvandan bir köşə, hər viran qalmış təkkədən bir qırıntı öyrənib İstanbula qayıtdım”.
 
Yazının davamını buradan oxuya bilərsiniz.
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top