Memar Sinan beş padşah görmüş, memarlıq karyerası baxımından son üçünün zamanında baş memar olmuşdur. Sinan hələ yeniçəri ocağında olan illərdə İran səfərində alət-ədəvat sıxıntısına baxmayaraq, Van gölünün digər sahilindəki düşmən ordusu haqqında bilgi toplamaq üçün həm yelkənlə, həm də avarçəkmə ilə üzən üç döyüş gəmisi (kadırga) inşa etmişdir. Gəmilər az bir vaxtda inşa ediləndən sonra bunlara rəhbərlik etmə vəzifəsi də yenə Sinana həvalə edilmiş, o da qarşı sahilə keçərək düşman haqqında bilgi toplamışdır. Sinanın bu mühəndislik uğuruna görə ona “haseki” rütbəsi verilmişdir.
Yeniavaz.com xəbər verir ki, Memar Sinanın səfər zamanı və məhdud imkanlarla üç gəmi inşa etməsi onun karyerasının ilk əlamətdar uğuru sayılır. Sual ortaya çıxır ki, yeniçəri ocağında balaca bir bölüyün komandiri ikən əsl vəzifəsi olmadığı halda səfər əsnasında bir gəmi inşası üçün Sinanın ağıla gəlməsini necə anlamaq olar? Yeniçəri ocağında seçdiyi dülgərlik sənəti və o günə qədər göstərmiş olduğu bacarıq və qabiliyyəti Sinanın rəhbərləri tərəfindən bilinirdi. Elə anlaşılır ki, qarşı sahilə yanaşaraq düşmənin müşahidə edilməsi və bunun üçün də bir gəmiyə duyulan ehtiyac, həmçinin texniki çatışmazlıqlar Lütfi Paşanı çətin vəziyyətə salmışdı. Düzdür XVI əsrdən etibarən “Səfər memarı” adında ordu ilə birgə dülgərlərin də olduğu bir heyət səfərə qatılırdı. Ancaq həm əsgər, həm də silahla qarşı sahilə gedəcək bir gəmi inşası kimi mürəkkəb bir iş üçün texniki heyətin yetərsizliyi məharətli dülgər Sinanı ağıla gətirmişdi.
Əlbəttə, səfər zamanı inşa edilən bu üç gəmi o dövrdə İstanbuldakı tərsanələrdə inşa olunan gəmilərlə eyni ola bilməzdi. Bunlar böyük ehtimal, şərtlərin imkan verdiyi ölçüdə sadəcə bir qrup əsgər və kürəkçinin minə bildiyi kəşfiyyat xarakterli sadə gəmilər idi.
1538-ci ildə Osmanlı ordusunun Boğdan (indiki Moldova ərazisi) səfəri zamanı Prut çayı üzərində bir körpü qurularaq ordunun qarşı tərəfə keçməsinə ehtiyac yaranmışdı. Çayın hər iki sahili bataqlıq olduğu üçün ordu içindəki memarlar körpünün tikintisində çətinlik çəkirdi. Bu iş Sinana həvalə edilmədən əvvəl dəfələrlə uğursuzluqla nəticələnmişdi. Padşah adına dövlət işlərini idarə edən sədrəzəm Lütfi Paşanın tövsiyəsi ilə bu iş 48 yaşlı Memar Sinana tapşırılır. Prut çayı üzərində inşa etdiyi taxta körpü Sinanı imperatorluğun baş memarlığına aparan digər mühüm amil olur.
Sinan 13 gün ərzində ordunun çayın digər tərəfinə keçməsini təmin edəcək taxtadan bir körpü inşa etmişdi. Halbuki bu hadisə düşmən tərəfi üçün çox gözlənilməz idi. Onlar Osmanlı ordusunun ən azı 3 ay ərzində körpü inşa edə biləcəyini hesablamışdılar. Belə vacib məqamda Memar Sinanın qısa müddətdə tikdiyi körpü sanki bir əfsanəyə çevrilmişdi.
Ordunun keçməsindən sonra körpünü yıxmadan saxlamaq, hətta bu körpünü qorumaq məqsədilə bir qüllə tikmək təklif olunmuşdu. Memar Sinan bununla razılaşmamış, öz əsəri olsa da ordunun keçməsindən sonra körpünün sökülməsini istəmişdi. O, güclü bir memar və sənətkar idi, ehtiyac duyulanda yenidən körpü inşa edilə bilərdi. Ancaq Memar Sinanın sezdiyi başqa bir təhlükə var idi. Sinana görə, körpünü saxlamaq və buranı qorumaq məqsədilə balaca bir qüllə tikmək təhlükəlidir. Düşmən bu balaca qülləni zəbt edərək bir Osmanlı qalasını işğal etdiyini deyə bilərdi. Bu da bütün imparatorluğun imicinə xələl gəlməsi demək idi. Lütfi Paşa Memar Sinanın bu təklifini bəyənmiş və təqdir etmişdir
Sinanın Van gölündə düzəltdiyi gəmilər və Prut çayı üzərində inşa etdiyi taxta körpü, detallarını bilmədiyimiz bir proses içərisində hələ yeniçəri ocağında ikən memarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərir. Onun bu bacarığının səs-sorağı sədrəzəm Lütfi Paşa vasitəsilə Qanuniyə qədər gedib çıxmışdı.
Osmanlının baş memarlarından Əcəm Əlinin vəfatından (1537) sonra onun bu məqamı boş qalmışdı. Sədrəzəm Lütfi Paşa baş memarlıq vəzifəsini Memar Sinana təklif edir. Memar Sinan bu məqamı belə anladır: “Bu qədər il əmək verdiyim və bağlandığım yeniçəri ocağından ayrılmaq mənə kədər verəcəkdi. Ancaq müxtəlif məscidlər inşa edib dünyaya və axirətə xidmət edəcəyimi düşünərək baş memarlıq təklifini qəbul ettim”.
Sinan yazdığı bir şeirində də belə demişdi:
“Diledim ki, bir mimar olayım
Usta olup dünyada eserler bırakayım.
Derdim ki, bağışlasa Hak
Nasip olsa bana yüce bir cami yapmak.
Olacağı varmış, hikmet Allahın
Gelip gözdesi oldum padişahın”.
Beləcə Ağırnasda dünyaya gələn bir kəndli uşağı Osmanlı dövlət sisteminin pillələrini öz zəkası, insani münasibətləri, qabiliyyəti və çalışqanlığı ilə bir-bir çıxaraq 1539-cu ildə baş memar təyin olunmuşdur. Osmanlının özünəməxsus dövlət quruluşu bir gənci əlindən tutaraq qabiliyyətlərinin imkan verdiyi ölçüdə dövlətin ən üst səviyyələrinə qədər çıxarmışdır. Haseki Sinan bu tarixdən etibarən hassa memarbaşı (baş memar) olmuş və Türk memarlıq sənətində yeni bir dövr başlamışdır.
İmperatorluğun ona bəxş etdiyi hardasa sonsuz siyasi və iqtisadi güclə birlikdə başda xanədan mənsubları olmaq üzrə vəqf əsərlər qurmağa həvəsli dövlət adamları, sözün əsl mənasında, Sinana sənətini nümayiş etdirmək üçün bir fürsət verirdi. Ancaq Uca Yaradanın (c.c) bəxş etdiyi istedad və qabiliyyətlə yanaşı, bir çox insana nəsib olmayacaq uzun bir ömür yaşaması, həmçinin doğru zamanda doğru yerdə olması onu və əsərlərini ta günümüzə, XXI əsrə qədər daşımışdır və inanırıq ki, onun əsərləri bundan sonra da əsrlər boyunca xalqın xidmətində olacaq.
O dövrdə baş memarların vəzifəsi bir xeyli çox idi. İstanbulun içməli su ehtiyacının qarşılanması üçün ətraf su mənbələrindən körpü və kanallarla gətirilməsi, yol və səkilərin salınması və təmiri, şəhərin ümumi abadlığı və çirkab sularının axıb getməsi üçün yeraltı arxların açılması, həmçinin evlərin inşasında müəyyən qaydaların tətbiq edilməsi və nəzarəti baş memarın vəzifələri arasında idi. Baş memar olan Sinanın idarəsi altında bir çox memar, müsəlman olan və olmayan usta köməkçiləri, dülgərlər, divar ustaları işləyirdi.
Memar Sinan tərəfindən 1566-1567-ci illərdə inşa edilən, 636 metr uzunluğunda, 7,17 metr genişliyində olan Qanuni Sultan Süleyman Körpüsü.
Sinanın ən böyük şansı sahəsində ustalaşmış və yaxşı yetişmiş işçilər, memarlar, mühəndislər, nəqqaşlar, xəttatlar, oymaçılar və daş ustaları kimi insan gücünə, həmçinin hər cür maddi-texniki imkanların onun ixtiyarına verilməsi idi. Onu da qeyd etmək yerinə düşər ki, Memar Sinanın varlığı əmri altında çalışan potensial baş memar namizədlərini onun kölgəsində saxlamış, tarixin qaranlıq dəhlizlərində itib batmalarına səbəb olmuşdur. Sinan daha az yaşamış olsaydı, onun üzünə gülən bu tarixi fürsət və şərtlər başqası lehinə cərəyan edəcək və bəlkə də biz bu yazıda Davud Ağanın, Məhməd Subaşının, ya da başqasının hekayəsini oxuyacaqdıq.
Qanuni Sultan Suleymanın dövrü xəzinənin ən zəngin olduğu zamandır. Bu səbəblə də Memar Sinanın önünə maddi məhdudiyyətlər qoyulmamış, bununla da o əsrlərə davam gətirən memarlıq incilərini miras buraxa bilmişdir. Sinanın ən böyük şansı, təbii ki, onun güclü bir zəka və sənət anlayışına sahib olmasıdır. Bütün bunlarla yanaşı xarakterindəki şöhrətpərəstlikdən uzaq, təvazö sahibi və alçaqkönüllü olmasını möhüründəki “əl-Fakirul-Hakir Sər Mimaranı Hassa” (Dəyərsiz və möhtac bəndə, saray özəl memarlarının başqanı) sözlərindən anlamaq olar.
Memar Sinanın “əl-Fakirul-Hakir Sər Mimaranı Hassa” (Dəyərsiz və möhtac bəndə, saray özəl memarlarının başqanı) yazılan möhrü və imzası.
Ölkənin genişliyi və nəqliyyatın, gediş-gəlişin at belində aparıldığını nəzərə alsaq, baş memarın hər bir əsərini şəxsən özünün inşa etmədiyi, hər bir əsər və binanın təfərrüatına qədər şəxsən məşğul olmadığı, bəzi tikililərin sadəcə planlarını çəkdiyini, layihəni nəzərdən keçirdiyini, köməkçiləri vasitəsilə inşaat proseslərini izlədiyini demək olar. Buradan başa düşmək olar ki, binalar kağız üzərində çəkilmiş layihələrə uyğun olaraq inşa edilmişdir. Klassik Osmanlı memarlığında üslub bütünlüyünün geniş bir coğrafiyaya yayılmış olması, üslub və tərzin bir məkəzdən müəyyən edildiyini göstərir. Bu halda hər yerə özünü çatdıran Memar Sinandansa bir-birindən uzaq yerlərdəki inşaat sahələrinə gedən ustalar, usta köməkçiləri, kağız üzərinə çəkilmiş plan və layihələrdən danışmaq daha məntiqli və bir Osmanlı həll yolu kimi görünür.
Sənət sahəsində bütün yaradıcı güc sultanın ətrafında cəmləşən idari mexanizm içərisində yer alırdı. Bu minvalla Memar Sinanın arxasında həmişə dövlətin gücü və dəstəyi olmuşdur. Bir sözlə, böyük bir istehsal mexanizmi memarbaşının xidmətinə verilmişdi. Həmçinin o, vəzir və paşaların təzyiq, bəzən də təhdid dolu istəklərinə də cavab verməli olurdu. Memar Sinanın imperatorluğun ən görkəmli dövründə yarım əsr kimi uzun bir vaxtda baş memar vəzifəsində qalması onu Osmanlı memarlıq tarixində əvəzsiz bir yerə çıxarmışdır.
Memar Sinandan əvvəlki memarlıq ənənəsi çox rəngarəng idi. Bu memarlıq ənənəsi Şərqi Roma imperatorluğundan Bizansa, Əməvilər, Abbasilər və Sasanilərdən Səlcuqlulara, buradan da Bəyliklər və erkən Osmanlı dövrünə qədər 1000 illik bir zaman dilimini əhatə edir. Belə rəngli memarlıq ənənəsini miras almaqla yanaşı imperatorluğun “ehtişamlı memarlıq” tələbi ilə birləşəndə Sinana “Qoca Memar Sinan” olmaqdan başqa bir yol qalmamışdı.
Memar Sinanın 1554-1562-ci illərdə İstanbulda inşa etdiyi, hündürlüyü 36 metr, uzunluğu 257 metr olan su kəməri.
Memar Sinana qədər memarlıq sahəsində bəzi yeniliklər olsa da, imperatorluğun hələ bu sahədə özünəməxsus üslub və dəst-xətti formalaşmamışdı. Bu çətin işi bacarmaq Memar Sinana qalmışdı. Təbii ki, Sinan memarlığında “yoxdan var etmə” olmadı. Onsuz da sənətdə təsirlənmə, var olan memarlıq nümunələrindən yeni kompozisiyalar ortaya çıxarma qaçılmaz idi. Bütün bunlarla yanaşı Sinan memarlıq əsərlərində yeni tərz, yeni üslub və yeni dəst-xətt aça bilmişdi. Memar Sinanın bu qədər sərbəst şəkildə təcrübələr apara, yeniliklər tətbiq edə bilməsini sifarişçilərin də yenilik axtarışında olduğunu göstərir.
Günümüzdə də Osmanlı memarlıq üslubunda məscidlər inşa edilsə də bunların sadəcə zahiri olaraq Memar Sinan əsərlərinə bənzədiyini deyə bilərik. Yoxsa yay aylarında kondisionerlə soyudulan, qışda isə kombi ilə qızdırılan, içərisində onlarca səs gücləndiricidən istifadə edilən məscidləri sənət və memarlıq baxımından Memar Sinan əlindən çıxmış əsərlərlə müqayisə etmək olmaz. Axı dahi memarın sənət əsəri olan məscidlər elə inşa edilmişdi ki, yay aylarında kondisionerə ehtiyac duyulmadan sərin, qış aylarında isə nisbətən mülayim havaya malik olurlar. Həmçinin dahi memarın sənət əsəri məscidlərin elə bir akustikası var ki, səs gücləndiricilərdən istifadə etməyə gərək qalmırdı. Mehrabdakı imamın səsini ən arxa cərgədəki şəxs də eşidə bilirdi. Bu və ya digər xüsusiyyətlər göz önünə alınanda yalnız görünüş etibarilə Memar Sinan məscidlərinə bənzər beton qəliblərlə məscid inşa etmək olsa-olsa Memar Sinanı aşa bilməməkdən irəli gəlir.
Şəxslərdən daha çox imperatorluğun ön planda tutulduğu siyasi və sosial mühitdəki Osmanlı dövlətində baş memar olan Sinanın kimliyinin önə çıxması mümkün deyildi. İnşa etdiyi əsərlərin kitabələrində tikilinin kimin adına inşa edildiyi yazılsa da, memarın adının yazılmaması bu səbəblə idi.
Sanki Memar Sinanın bu halı Nəcib Fazıl Kısakürəyin bir şeirindəki bu məqamı xatırladır:
“Ben o kutsî nefesin üflediği kamışım;
Ses onun, ben imzamı atmışım, atmamışım…”
Qeyd: Yazının davamı və son bölümündə Memar Sinanın şah əsərlərindən olan Şahzadə, Süleymaniyyə və Səlimiyyə məscidlərindən bəhs olunacaq. Yazının əvvəlini buradan oxuya bilərsiniz.
Nazim Mustafayev