İmam Məhəmməd Baqirin oğlu Gəncəyə necə gəlib? - ARAŞDIRMA


Gəncə İmamzadə kompleksi Azərbaycan memarlığına aid Gəncənin əsas simvollarından hesab edilir. İmamzadə abidəsi beşinci imam Məhəmməd Bağırın (Baqirin) oğlu mövlana İbrahimin məzarı üzərində ucaldılmış və tədricən Gəncədə, həmçinin ətraf ərazilərdə yaşayan insanların hörmətlə yanaşdığı bir məkana çevirilmişdir.
Gəncə İmamzadəsi haqqındakı bu yazını iki əsas başlıqda vermək olar. Birinci odur ki, görəsən belə bir erkən dövrdə İbrahim ibn Bağırı bu məmləkətə gətirən səbəb nə idi? Hansı siyasi, dini və digər faktorlar o nəcib nəslin bir nümayəndəsini bu məmləkətə gətirmişdi? İkinci məsələ isə 1300 illik bir dövrdə bu qəbrin bu torpaqlarda tanınması, bilinməsi, üzərində türbə, məqbərə tikilərək qorunması, günümüzə qədər gəlib çıxmasıdır.
Əməvi xilafəti dövründə Əhli-Beyt nəslindən olanlar hakimiyyət üçün təhdid sayılır, onlar daim nəzarət altında saxlanılır, bütün fəaliyyətləri izlənirdi. İqtidarın bu ifrat narahatlığı Əhli-Beyt nəslinin İslam dünyasının müxtəlif diyarlarına, o cümlədən Gəncəyə qədər gəlib çıxmalarına, hicrət etmələrinə səbəb olmuşdu.
Peyğəmbərimizin pak nəsli cəmiyyətin alim və abidləri idilər. İnsanlar onları qəlbən sevirdi, onların yerdən göyə qədər günahsız olduqlarını bilirdi. Ancaq qəlbdəkini biruzə vermək, hayqırıb haqqı demək, onları müdafiə etmək cəsarət tələb edirdi. Əhli-beyti müdafiə etdiyi üçün Yəməndən xəlifənin hüzuruna ayağı qandallı gətirilən İmam Şafi, Əbu Hənifə, Əhməd ibn Hənbəl kimi yüzlərlə İslam alimi o nəcib və pak Peyğəmbər nəslinin, o saf və təmiz insanların müdafiəsinə qalxmışdı. Bu səbəblə də, həbsə atılmış, şallaqlanmış, zülmə məruz qalmışdılar.
Düzdür, İslam böyükləri şəxsi fikir və mülahizələrinə görə də xəlifələrin qəzəbinə tuş gəlirdilər. Ancaq birinci dərəcəli qəzəb və kinin ünvanı dəyişməz qalırdı: o nəcib insanlar bəzi xəlifələrin "günahkar" damğası ilə damğalanmaqdan qurtula bilmirdilər. Əməvilər dövründəki İslam alimlərin heç biri iqtidarın Əhli-Beytə qarşı rəftarını dini cəhətdən doğru hesab etməmişdir.
Əməvilər dövrünün siyasi icraatlarında dini meyarlar və dini faktorlardan daha çox mövcud siyasi quruluşun məsləhət və mənfəətləri ön planda olmuşdur. Təbii ki belə bir vəziyyətlə İslam alimləri barışa bilməzdi. Dövrün alimləri iqtidarın icaraatlarını dini cəhətdən təhlil edir və buna görə də öz mövqelərini ortaya qoyurdular. Əməvi xilafətini dini kriteriyalara görə şərh edən alimlər Kərbəla hadisəsi başda olmaqla bir sıra əməllərini heç vaxt qəbul etməyiblər.
Nəhayət, Əhli-Beytdən bir çox insan zülm ucbatından doğma torpaqlarını tərk etdi, Yezidlərdən, Haccaclardan qaçaraq ucqar bölgələrə üz tutdu. Əhli-beyt və davamçıları Rəsulullahın yolunu tutmuş, Onun kimi hicrət etmişdilər. Qurani-Kərimdə zülm və işgəncə görə-görə hicrət etməyən möminlər qınanmışdı: "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" (Nisa, 4/97).
Cənab Allah, bu dini bütün bəşəriyyətə onların babaları Həzrət Muhamməd ilə göndərmişdi. Ancaq Son Peyğəmbərin (s.a.v) nəcib və təmiz nəsli taxt-tac hərislərinin min bir zülmünə məruz qalmış, hər cür cəfaya qatlanmışlar. Yaşananlar onu göstərirdi ki, Əhli-Beyt nəsli mənəvi bir səltənətə namizəd idilər. Dünya səltənəti ilə mənəvi səltənətin eyni anda cəm olması müşkül məsələdir. Dünyaya qarşı qəlbən əlaqələrinin kəsilməsi üçün Cənab Allah onları dünyadan küsdürdü, dünyanın çirkin üzünü onlara göstərdi. Onların əlləri müvəqqəti olaraq və zahirən bir səltənəttən çəkildi. Ancaq buna qarşılıq daimi bir mənəvi səltənətə təyin edildilər. Bir iki şəhərin valisi olmaq yerinə böyük övliyalar zəncirinin başlanğıcı və piri oldular.
Yezid ibn Muaviyədən sonra xəlifə olan Abdulməlik ibn Mərvan (v. 65/705) sələflərindən fərqli olaraq Həzrət Əli övladlarını (Peyğəmbər nəslini) təqib altında saxlamaq istəmədi, onları potensial rəqib gözü ilə görərək basqı altında tutmadı. Bu səbəblə siyasi bir üsyan cəhdi olmadıqca onlara hər hansı təzyiq göstərmirdi. Həmçinin Abdulməlik ibn Mərvan Həccaca məktub yazaraq Haşim oğullarına qarşı həssas davranmağı, onları incitməməyi tövsiyyə edərək belə demişdir: “Əbu Talib oğullarından (yəni Haşimi qəbiləsindən və ya Peyğəmbər nəslindən) məni uzaq saxla. Bəni Umeyyə oğullarının onlara hücum etdikləri vaxt heç vaxt zəfər qazanmadığını gördüm”.
Sadəcə bu məktublaşmada istifadə edilən üslub və kəlimələrdən də anlamaq olar ki, artıq ta İslamdan əvvəlki Haşimi və Bəni Umeyyə qəbilələri arasındakı rəqabət yenidən canlanmışdı. Bu iki qəbilə arasındakı rəqabətin açıq-aydın izlərini Peyğəmbərə (s.ə.s) iman etmə məsələsində belə görürük. Bəni Umeyyəyə mənsub insanlar Haşimi qəbiləsindən çıxmış bir insana, yəni Həzrət Muhammədə sırf qəbilə təssübkeşliyinə görə xeyli gec vaxtdan sonra iman etmişdilər. Kərbəla hadisəsində də Bəni Umeyyə qəbiləsinə mənsub Yezidin komandirləri, Haşimi qəbiləsinə mənsub Əhli-Beyti, Peyğəmbər nəslini qətl etmişdi. Bu yazının əsas mövzusu olan Gəncə İmamzadəsində uyuyan İbrahim İbn Bağırın qəbrinin məhz xilafət torpaqlarının çox uzaq nöqtəsində, Gəncə şəhərində olmasının səbəbi də məhz bu qəbilə təəssübkeşliyi və dövlət ağılının bu qəbilə təəssübkeşliyi üzərində qurulması idi.
Gəncə İmamzadəsində uyuyan şəxsin kimliyini araşdıranda insan daha da heyrətlənir, bir tərəfdən də həyəcan keçirir. İnsan öz-özünə deyir ki, nə dəyərli qonağımız var, gör bizə kim qonaq gəlmiş... Bir tərəfdən bu torpaqlarda yaşayan bizlər üçün sevindirici haldır ki, Peyğəmbər nəslinin nümayəndələrini əziz müsafir kimi min ildən çoxdur bağrımıza basmışıq. Bir tərəfdən də insan deyir ki, kaş bu əziz qonaq və digər Əhli-beyt mənsubları həyatda bu cür təzyiqlərə məruz qalmayaydı, bu səbəblə də heç hicrət etməyəydilər. Ancaq qədərin bir cilvəsi olaraq böyük bir missiya sahibi insanlar ya da onların övladları hər zaman təqibə, sürgünə məruz qaldığını görürük. Həzrət Peyğəmbərimiz (s.ə.s) də vaxtilə Məkkəni tərk etmək məcburiyyətinə qalmış və nəhayət bir hicrət diyarı olan Mədinədə vəfat etmiş və orada dəfn olunmuşdu.
Əməvi xəlifəsi Ömər ibn Əbduləzizin (v. 101/720) dövründə Əhli-beyt mənsublarının rahat nəfəs aldığını görürük. Onun xilafəti illərində Peyğəmbər nəslinin davamçıları o qədər məmnun qalmışdılar ki, Gəncə İmamzadəsində dəfn olunan İbrahim ibn Bağırın atası, beşinci imam Muhamməd əl-Baqir onun haqqında belə demişdi: “Hər qövmün bir nəcibi var. Bəni Umeyyənin (Əməvilər sülasəninin) nəcibi də Ömər ibn Əbdüləzizdir. O qiyamət günündə tək ümmət olaraq həşr olunacaq”. Muhamməd əl-Baqirin Ömər ibn Əbdüləziz haqqında “tək bir ümmət” ifadəsini işlətməsinin səbəbi onun digər Əməvi xəlifələrindən ədaləti və nəcibliyi ilə seçilməsi idi.
Əhli-Beyt mənsublarının dövrün iqtidar nümayəndələri ilə münasibətdə bir sıra maraqlı məqamların olduğunu görürük. Əhli-Beyt içərisində Zeynəlabidin ilə “quud” yəni hərəkətsizlik, passivlik siyasəti başlamışdı. Bu siyasəti oğlu Muhamməd əl-Baqir də davam etdiricəkdi. Kərbəlada yaşanan acı təcrübədən sonra imamların siyasi olaraq heç bir əməlləri olmamış və siyasətdən uzaq durmuşdular.
Gəlin İbrahim ibn Bağırın şəcərəsinə biraz nəzər yetirək... İbrahim ibn Bağırın babası Zaynəlabidin Peyğəmbər nəvəsi Həzrət Hüseyinin nəvəsidir. İbrahim ibn Bağırın babası Zeynəlabidin Kərbəla hadisəsində iştirak etsə də xəstə yatağında yatdığı üçün qılınc və ox zərbələrinin hədəfi olmaqdan qurtulmuşdu. Gəncədə İmamzadədə qəbri olan İbrahim İbn Bağırın atası Muhamməd Baqir isə Kərbəla hadisəsində üç yaşı var idi.
Qəbri Gəncə İmamzadəsində olan İbrahim ibn Bağırın atası Muhamməd əl-Baqir Mədinədəki ilk fiqh alimlərindən biri idi. Qaynaqlar Muhamməd əl-Baqiri elm mühitində etibarlı bir şəxs kimi qeyd edirlər. Həm atasının erkən İslam dövrlərində güclü bir alim olması, eyni zamanda bir atanın digər övladı olan qardaşı Cəfər ibn Sadiqin bütün İslam aləmində tanınan bir müctəhid və alim olması İbrahim ibn Bağırının da necə bir nəsl və necə bir elmi mühitin insanı olduğunu göstərir.
 
Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz...

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top