Tarixdən günümüzə Gəncə İmamzadə türbəsi


Bu yazının birinci bölümünü “İmam Məhəmməd Baqirin oğlu Gəncəyə necə gəlib?” başlıqda buradan oxuya bilərsiniz...
Həmin yazıda daha çox İbrahim ibn Bağırı bu diyarlara gətirən səbəbləri izah etməyə çalışdıq. Yazının bu ikinci bölümündə isə bu əziz qonaq İbrahim ibn Bağırın məzarı ətrafında cərəyan edən hadisələr və Gəncənin tarixi yaşının müəyyən edilməsindəki rolundan danışacağıq.
Gəncənin şəhər sivilizasiya mərkəzi kimi yaşının müəyyən edilməsində İmamzadə türbəsi, onun epiqrafik xüsusiyyət və göstəriciləri çox mühüm əhəmiyyətə malikdir. Belə ki, 739-cu ildə müsəlman dünyasının beşinci imamı hesab edilən İmam Məhəmməd Bağırın (Baqirin) oğlu şahzadə İbrahimin vəfatından sonra qəbri üzərində ucaldılmış mühüm ziyarətgah bir tərəfdən Gəncənin hələ erkən orta əsrlər dövründə qədim tarixə, zəngin dövlətçilik ənənələrinə malik bir mərkəz olmasını, digər tərəfdən isə yerli əhalinin yüksək mədəni dəyərlərə, əsrlərə istinad edən sənətkarlıq ənənələrinə sahib olduğunu göstərir.
Gəncə İmamzadəsinin inşa olunduğu VIII əsr Azərbaycan ərazisində, o cümlədən qədim Gəncədə yeni bir dinin – İslam dininin xalq, yerli əhali tərəfindən qəbul edilməsinin ilk əsrlərinə təsadüf etmişdir. Daha dəqiq desək, VII əsrdə Ərəbistan yarımadasında yaranaraq qısa müddət ərzində geniş bir ərazidə, o cümlədən Azərbaycanda yayılmağa başlamış bu dinin peyğəmbəri Həzrət Məhəmməd Peyğəmbərin (səs) şəcərəsinin nümayəndəsi olmuş beşinci İmam Məhəmməd Bağırın oğlu mövlana İbrahimin xatirəsini yerli əhalinin, bütövlükdə isə xalqımızın bu qədər ehtiramla yaşatması bir çox vacib tarixi məqamların üzə çıxarılmasına şərait yaradır. Xalqımızın mənəvi dəyərlərinə, humanist xüsusiyyətlərinə çox yaxın olan cəhətləri özündə əks etdirən bu pak, saf din əhali tərəfindən çox qısa müddət ərzində qəbul edildi.
Gəncə İmamzadəsinin tarixi keçmişinin bir sıra önəmli cəhətlərini əks etdirmək baxımından mərhum memar, tədqiqatçı Niyazi Rzayevin "Köhnə Gəncədə İmamzadə türbəsi" adlı elmi məqaləsi birinci hesab edilə bilər. N. Rzayev Gəncə İmamzadəsinin elmi nöqteyi-nəzərdən araşdırılması işlərinə 1947-ci ildə başlamışdır. 1957-ci ildə isə onun qeyd edilən elmi məqaləsi Azərbaycan Tarixi Muzeyinin əsərləri məcmuəsinin (yaxud Azərbaycan tarixinə dair materiallar) ikinci cildində dərc olunmuşdur.
Bu elmi əsərdə memar Gəncə İmamzadəsinin daha çox memarlıq quruluşundan, tikinti xüsusiyyətlərindən, abidənin sənətkarlıq baxımından diqqətəlayiq cəhətlərindən bəhs etmişdir. Əsərdə bu mühüm ziyarətgahın ayrı-ayrı vacib cəhətləri işıqlandırılsa da çox güman ki, bəhs olunan dövrün müəyyən siyasi buxovları Gəncə İmamzadəsinin hələ erkən orta əsrlər dövründə, daha dəqiq desək, VIII əsrdə inşa edilməsinə dair vacib tarixi həqiqətləri olduğu kimi qələmə almağa imkan verməmişdir.
Beşinci imam Məhəmməd Bağırın (Baqirin) övladı olan şahzadə İbrahim qardaşı İsmayıl ilə birgə Bərdə və Gəncəyə pənah gətirmiş, lakin xəyanət nəticəsində düşmənləri tərəfindən ələ keçirilərək şəhid edilmişdir. Hicri tarixlə 120-ci ildə, miladi təqvimlə isə 739-740-cı illər arasında baş vermiş bu hadisədən sonra yerli əhali onun qəbrini unutmamış, günümüzə qədər gəlib çıxmasına kömək olmuşlar.
Gəncə İmamzadəsi ilə bağlı bir fakt qeyd olunmalıdır ki, 1930-cu ildə keçmiş SSRİ ərazisində bütün dini ibadətgahların fəaliyyəti rəsmi surətdə qadağan olunmuşdur. Yalnız Gəncə İmamzadəsinin əsrlər əvvəl olduğu kimi, yenə insanlar ziyarət edirdilər. Qeyd etmək lazımdır ki, 1944-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ziyarətgahların fəaliyyətinə icazə verilmişdir.
Gəncə İmamzadə abidəsinin daxili hissəsində, iç divarından aşkar olunmuş epiqrafik nümunə – kitabədə mühüm tarixi bilgilər əks olunmuşdur: "O, Allah əbədidir. Bu, İmam Məhəmməd Bağırın – ona salam olsun – oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun".
Qeyd etmək lazımdır ki, haqqında bəhs edilən bu kitabə İmamzadə türbəsinin birinci mərtəbəsində, abidənin iç divarına hörülmüş kiçik mərmər lövhədən ibarətdir. Kitabədəki yazılar ərəbcədir. Burada əks olunmuş dəqiq xronoloji göstərici hicri tarixlə 120-ci ildir. Miladi təqvimdə qeyd olunan tarix 739-740-cı illərə təsadüf edir.
Gəncədə çox mehriban, ehtiramlı münasibət görsə belə, bu imam övladı əslində qərib diyarda idi. Onun qəriblikdə qətlə yetirilməsi, burada da dəfn edilməsi çox güman ki, xalq arasında müəyyən müddət ərzində məhz İmamzadənin "Qərib İmamzadə" kimi adlandırılmasına səbəb olmuşdur. Belə bir adın verilməsi daha çox bu məzarın unudulması, ziyarətgaha çevrilməməsi məsələsi ilə deyil, əsasən burada əbədiyyətə qovuşmuş imam övladı, mövlana İbrahimin taleyi ilə bağlı işlədilmişdir. Onun mənsub olduğu nəslə qarşı həyata keçirilmiş haqsız təqiblər, əzizləri ilə yanaşı şahzadə İbrahimin də şəhid olması bu faktı qüvvətləndirir.
Çox maraqlıdır ki, Gəncə İmamzadə abidəsi ilə Nizami Gəncəvi şəxsiyyəti arasında çox möhkəm və əbədi bir mənəvi bağlılıq mövcuddur. Əvvəla mövlana İbrahimin vəfat etməsi və onun məzarı üzərində İmamzadə türbəsinin ilkin mərhələdə inşa olunması tarixi ilə (VIII əsrin ortaları -739/740-cı illər) dahi Nizaminin yaşadığı dövr arasında dörd əsr zaman fasiləsi olmuşdur. Nizami Gəncəvi 1141-1204-cü illərdə yaşamış və bəhs olunan dövrdə artıq Gəncə İmamzadə ziyarətgahı mövcud idi. Bu isə, öz növbəsində pak, saf xislətli imam övladı İbrahimin xatirəsinə bütün gəncəlilər kimi sonsuz ehtiram, məhəbbət bəsləmiş Şeyx Nizami ilə bu müqəddəs şəxsiyyətin bağlılığını şərtləndirmişdir.
Əslində, Nizami Gəncəvi də uca Tanrının sevib-seçdiyi, məhz bu səbəbdən də bütün insanlardan fərqləndirərək xüsusi istedad bəxş etdiyi qeyri-adi şəxsiyyət idi. Nizami Gəncəvi dühasını Gəncə İmamzadə ziyarətgahı ilə qırılmaz mənəvi tellərlə bağlayan ən mühüm səbəblərdən biri də bir sıra tarixi mənbələrdə qeyd olunduğu kimi, İmamzadə abidəsi və onun ətrafında olan torpaqların Nizami Gəncəviyə məxsus olmasıdır.
Məlumdur ki, 1186-cı ildə qeyd olunan torpaqlar dahi Nizami Gəncəviyə əvəzsiz sənət incisi, məşhur "Xəmsə"yə daxil olan "Xosrov və Şirin" əsərinə görə Azərbaycan - Atabəylər (yaxud Eldənizlər) dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən hədiyyə edilmişdir.
Bununla yanaşı, Şeyx Nizami Gəncəvinin mədhiyyəçi, saray şairi olmadığı, hər hansı sifarişlərlə əsər yazmadığı tarixi faktdır. Onun müəyyən bir əraziyə maddi maraqları əsas götürərək sahib olması, ümumiyyətlə yanlışdır. Odur ki, İmamzadə abidəsinə, bu müqəddəs məkana olan sonsuz ehtiramı Nizami Gəncəvini bu torpaqlara sahib çıxmağa sövq etmişdir.
Gəncənin məhz şəhər olaraq xronoloji yaşının müəyyən edilməsində bu dəyərli tarixi abidənin əhəmiyyəti kifayət qədər böyükdür. Xalq arasında həm də "Göy imam" adlandırılan bu ziyarətgahın VIII əsrdə ucaldılması, türbənin inşa edilməsi və əsrlərlə əhali tərəfindən mühafizə olunması artıq Gəncənin yüzilliklərə istinad edən şəhər mədəniyyəti mərkəzi kimi formalaşmasına dəlalət edir.
Gəncə İmamzadə türbəsi şəhərin qədim ərazisində, xarabalıqları yaxınlığında yerləşir. Beləliklə, Gəncə şəhərinin ərazi, məkan baxımından tarixi yerdəyişmələrinin daha dəqiq müəyyən edilməsində də İmamzadə kompleksinin mənbəşünaslıq dəyəri danılmazdır.
Gəncə İmamzadəsi haqqında görkəmli tarixçi Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstani İrəm" əsərində belə qeyd etmişdir: "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur".

Qeyd: Bu məqalənin hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Regional Elmi Mərkəzinin nəşr etdiyi “Gəncə İmamzadə Türbəsi” başlıqlı kitabından istifadə edilmişdir.

 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top