26.04.2018-ci il tarixində yeniavaz.com saytında "SOCAR-ın mətbuat xidməti insanlara niyə yalan məlumat verir?" başlıqlı yazı yayımlanıb. (bu linkdən baxa bilərsiniz: https://www.yeniavaz.com/NewsContent/ZNewsContent/74463/socar-in-matbuat-xidmati-insanlara-niya-yalan-malumat-verir----fotofakt). Həmin yazıda qeyd olunub ki, Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərdə bu ilin ilk rübü ərzində SOCAR tərəfindən 1 milyon 800 min ton neft hasil edilib. Yeniavaz.com açıqlanan həmin məlumata istinadən bildirib ki, neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% və ya 46,1 min ton az olub. Çünki həmin statistik göstəricilərdə ötən ilin ilk rübü ərzində SOCAR tərəfindən 1 milyon 846,1 min ton neft hasil olunduğu qeyd olunub. Lakin, SOCAR-ın mətbuat xidməti tərəfindən 16.04.2018-ci il tarixində açıqlanan məlumatda (SOCAR-ın rəsmi veb-saytında yerləşdirilib) isə bildirilib ki, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil etmişdir.
Haqında bəhs etdiyimiz həmin yazıda qeyd olunmuşdu ki, açıqlanan statistik göstəricilərdə hasilatın 2,5% azalması onu deməyə əsas verir ki, SOCAR mətbuat xidmətinin neft hasilatının sabit qalması ilə bağlı açıqladığı bu məlumat həqiqətə uyğun deyil. Yəni, açıqlanan statistik rəqəmlərlə, açıqlanan məlumat arasında uyğunluq yoxdur.
Bu yazının yayımlanmasından sonra, SOCAR-ın mətbuat xidməti əvvəlcə açıqlanan göstəricilərdəki "1800" rəqəmini dəyişdirərək "1833" ilə əvəz edib.
Dəyişiklikdən sonra bu ilin ilk rübü ərzində SOCAR tərəfindən 1 milyon 833 min ton neft hasil edildiyi və bu göstəricinin ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% və ya 13,1 min ton az olduğu görsənir.
Göründüyü kimi, SOCAR-ın mətbuat xidməti əvvəlki göstəriciyə 33 min ton əlavə etməklə "neft hasilatının sabit qaldığı" ifadəsinin "həqiqətə" daha yaxın olmasına çalışıb.