Ukrayna və Rusiya 1500-ə qədər əsirin mübadiləsi barədə razılığa gəlib


Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqlar başa çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna və Rusiya hər iki tərəfdən 1500 nəfərə qədər hərbi əsirin azad edilməsi ilə bağlı razılığa gəliblər.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, tərəflər indiyədək ən böyük humanitar məhbus mübadiləsinin həyata keçirilməsi barədə prinsipial razılıq əldə ediblər. Mübadilənin dəqiq sayı isə cümə axşamı günü müəyyənləşdiriləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl danışıqlarda hər iki tərəfdən 1000 hərbi əsirin dəyişdirilməsinin müzakirə olunduğunu, bu rəqəmin 1500-ə qədər yüksələ biləcəyini bildirmişdi.
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Rüstəm Umerov, Rusiya nümayəndə heyətinə isə Vladimir Medinski rəhbərlik edib. Hər iki ölkənin nümayəndələri məhbus mübadiləsi ilə bağlı razılaşmanı təsdiqləsələr də, onun dəqiq vaxtı və əhatə dairəsi barədə əlavə məlumat verməyiblər.
Qeyd edək ki, Əbu-Dabidə əldə olunan razılaşma son doqquz ay ərzində Kiyev və Moskva arasında keçirilən ilk birbaşa danışıqların yeganə konkret nəticəsi olub. Tərəflər atəşkəs və ərazi məsələləri ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.
Danışıqlarda əsas fikir ayrılığı Ukraynanın şərqində yerləşən Donbas bölgəsi ilə bağlıdır. Moskva Kiyevdən hazırda Ukraynanın nəzarətində olan əraziləri Rusiyaya təhvil verməsini tələb edir. Volodimir Zelenski isə ərazi məsələlərinin yalnız dövlət başçıları səviyyəsində müzakirə edilə biləcəyini bildirir.
Rusiya tərəfi həmçinin dərhal atəşkəs elan edilməsinə qarşı çıxır. Moskva hərbi əməliyyatların dayandırılmasından əvvəl daha geniş təhlükəsizlik razılaşmalarının əldə olunmasını istəyir.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, o və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yollanacaqlar. ABŞ nümayəndə heyətinin daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Dublinə səfər edəcəyi gözlənilir.
Onu da bildirək ki, Əbu-Dabidə keçirilən görüşlərdə Avropa nümayəndələri də iştirak ediblər. Onlar üçtərəfli danışıqlara birbaşa qoşulmasalar da, Ukrayna və ABŞ nümayəndə heyətləri ilə ayrıca məsləhətləşmələr aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top