
Oktyabrın 13-də Qazaxıstanda saxlanılan Azərbaycan əsilli məşhur rusiyalı reper “Navai” (Nəvai Bəkirov) barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, o, növbəti iki ayı həbsdə keçirəcək.
Qeyd olunub ki, hazırda onun barəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz saxlanılması ilə bağlı cinayət qanunvericiliyinin iki maddəsi üzrə araşdırma aparılır.
Xatırladaq ki, məşhur müğənni oktyabrın 13-də Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. İfaçının hərəkət etdiyi avtomobilə baxış zamanı narkotik vasitə aşkar edilərək götürülüb. Əməliyyat polis əməkdaşları tərəfindən sərhədçilərlə birgə həyata keçirilib.
Oktyabrın 14-də müğənninin Astanada konserti keçirilməli idi. Lakin tədbir ləğv edilib və ya qeyri-müəyyən müddətə təxirə salınıb. Təşkilatçılar buna texniki səbəbləri əsas gətiriblər.
Məlumata görə, Qırğızıstanda da reperin narkotik vasitələrlə sərhədi necə keçə bildiyi araşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz