Azərbaycan bu göstəricidə 139 ölkə arasında 136-cı yerdə qərarlaşıb


Xəbər verdiyimiz kimi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2026-cı il Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb.
Yeniavaz.com
xəbər verir ki, son bir ildə Azərbaycan innovasiyaların səviyyəsinə görə 9 pillə irəliləyib.
Hesabat Azərbaycanın innovasiya sistemində ayrı-ayrı istiqamətlər üzrə ciddi fərqlərin olduğunu da göstərir. Məsələn, “Biznes mühiti” üzrə Azərbaycan 4-cü, “İnstitutlar” göstəricisində 36-cı,  “İnnovasiya əlaqələri” üzrə isə 41-ci yerdədir. “Bazarın inkişaf səviyyəsi” üzrə isə Azərbaycan 63-cü pillədə qərarlaşıb.
Bununla yanaşı, bəzi göstəricilərdə Azərbaycanın mövqeyi xeyli aşağıdır.
Ən diqqətçəkən nəticələrdən biri “İntellektual əmək sahibləri” göstəricisidir. Azərbaycan bu istiqamətdə 139 ölkə arasında 136-cı yerdə qərarlaşıb. Bu göstərici bilik tutumlu sahələrdə çalışanların, yüksək ixtisaslı və elmi dərəcəli kadrların, eləcə də tədqiqatçıların iqtisadiyyatda çəkisini əhatə edir. Müqayisə üçün Ermənistan 51-ci, Gürcüstan isə 91-ci yerdədir.
“Biliyin mənimsənilməsi” üzrə Azərbaycan 122-ci yerdədir. Bu göstərici ölkənin xaricdən texnologiya, əqli mülkiyyət, İKT xidmətləri və xarici investisiya cəlb etmək imkanları ilə bağlıdır. Ermənistan 85-ci, Gürcüstan isə 74-cü pillədədir.
“Sərmayə” göstəricisində də Azərbaycan aşağı sıralardadır – 114-cü yer. Burada bazar kapitallaşması, vençur kapitalı və startaplara yatırılan riskli sərmayələr kimi göstəricilər nəzərə alınır.
Ekoloji davamlılıq üzrə Azərbaycan 113-cü pillədə qərarlaşıb. Bu göstəricidə enerjidən səmərəli istifadə, az karbonlu enerjinin payı və ətraf mühit üzrə ISO 14001 sertifikatlarının yayılması kimi meyarlar nəzərə alınır.
Digər aşağı nəticə “Yaradıcı nəticələr” göstəricisində qeydə alınıb. Azərbaycan burada 110-cu yerdədir. Bu istiqamət qeyri-maddi aktivlər, brendlər, yaradıcı sənaye məhsulları və onlayn yaradıcılıqla bağlı göstəriciləri əhatə edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top