
Son bir ildə Azərbaycan innovasiyaların səviyyəsinə görə 9 pillə irəliləyərək 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Qlobal İnnovasiya İndeksi 2026” adlı hesabatda yer alıb.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” hesabatı hər il Kornell Universiteti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilir. Ötən il açıqlanan hesabat da 139 ölkəni əhatə edib və Azərbaycan 94-cü sırada yer alıb.
Məlumat üçün bildirək ki, indeks ölkələrin innovasiya yaratmaq imkanlarını və bunun nəticələrini müxtəlif göstəricilər əsasında qiymətləndirir. Hesablamalarda təxminən 80 indikator nəzərə alınır.
Qiymətləndirmə əsasən iki istiqamət üzrə aparılır. Birinci istiqamət innovasiya resurslarıdır. Burada ölkədə innovasiya yaratmaq üçün mövcud şərait araşdırılır. Siyasi və biznes mühiti, təhsil və elmi tədqiqatlar, infrastruktur, İKT imkanları, investisiya və kreditlərə çıxış, eləcə də biznes sektorunun texnoloji imkanları nəzərə alınır.
İkinci istiqamət isə innovasiya nəticələridir. Yəni ölkənin yaratdığı şəraitin real nəticələrə nə dərəcədə çevrildiyi qiymətləndirilir. Bu mərhələdə patent müraciətləri, elmi-texniki araşdırmalar, yüksək texnologiyalı məhsulların ixracı, əmtəə nişanları, yaradıcı sənaye və onlayn yaradıcılıq kimi göstəricilər nəzərə alınır.
İndeks yalnız ölkənin nə qədər texnologiyaya sahib olduğunu deyil, yeni ideyalar və texnologiyalar yaratmaq üçün hansı imkanlara malik olduğunu və bunlardan hansı nəticələri əldə etdiyini göstərməyə çalışır.
“Qlobal İnnovasiya İndeksi 2026” hesabatında ən yaxşı nəticəni İsveçrə, İsveç, ABŞ, Koreya və Sinqapur göstərib. Ən pis nəticəyə sahib olan 5 ölkə isə Çad, Niger, Konqo, Anqola və Burundi olub.
Keçmiş SSRİ və qonşu ölkələrin “Qlobal İnnovasiya İndeksi 2026” hesabatındakı mövqeyi isə aşağıdakı kimi olub:
Estoniya – 17-ci yer;
Litva – 32-ci yer;
Latviya – 40-cı yer;
Türkiyə – 45-ci yer;
Gürcüstan – 57-ci yer;
Rusiya – 58-ci yer;
Ermənistan – 59-cu yer;
Ukrayna – 67-ci yer;
Qazaxıstan – 73-cü yer;
Özbəkistan – 77-ci yer;
İran – 81-ci yer;
Azərbaycan – 85-ci yer;
Belarus – 88-ci yer;
Qırğızıstan – 92-ci yer;
Tacikistan – 112-ci yer.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz