ABŞ mediası Trampı boykot etdi – Cavab tədbiri kimi “Tramp TV” açıldı


Xəbər verdiyimiz kimi, sentyabrın 21-də CNN, “Politico” və MS NOW media qurumları daimi akkreditasiyalarının ləğv edilməsinə cavab olaraq Donald Tramp administrasiyasını məhkəməyə verib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, Ağ Ev jurnalistlərin akkreditasiyasını əvvəlcədən xəbərdarlıq etmədən və hüquqi proses olmadan ləğv edib.
Media qurumlarının fikrincə, bu addım mətbuat azadlığını və müstəqil jurnalistikanı təhdid edir.
Məhkəmə iddiası ilə bağlı xəbərlərə reaksiya verən Tramp, onun nailiyyətlərini "kiçik qiymətləndirən və alçaldan" xəbər təşkilatlarını "üçüncü dərəcəli klounlar" və "əyri və korrupsiyalaşmış mətbuat" adlandırıb.
Şirkətlər Vaşinqton Məhkəməsindən Trampın qərarını konstitusiyaya zidd hesab etməyi və administrasiyanın qadağanı tətbiq etməsinin qarşısını almağı istəyiblər.
Ağ Evin üç nəhəng media qurumuna tətbiq etdiyi giriş qadağası ABŞ-nin digər aparıcı telekanalları və mətbuat orqanları tərəfindən də boykotla qarşılanıb.
ABC, CBS və NBC telekanalları CNN-in siyahıdan çıxarılmasına etiraz olaraq rəsmi bəyanat yayıblar.  Kanallar CNN-in yerini doldurmaqdan imtina edərək, Donald Trampın tədbirlərinin ortaq video çəkilişini və yayımını tamamilə dayandırıblar.
Trampa yaxınlığı ilə tanınan “Fox News” da Ağ Evin qərarını dəstəkləməyib.
Kanalın Vaşinqton bürosunun rəhbəri bildirib ki, birgə media sistemi bundan sonra Trampın tədbirlərinin işıqlandırılması üçün istifadə olunmayacaq və onun əvəzinə yeni sistem də yaradılmayacaq.
Sözügedən televiziyalar bazar ertəsi səhər Ağ Evin birgə media işıqlandırması sistemində iştirakdan imtina ediblər.  Belə ki, onlar bu sistem çərçivəsində prezidentin tədbirlərini işıqlandırmaq üçün çəkdikləri görüntüləri bir-biri ilə paylaşırlar.
Təkcə telekanallar deyil, digər nüfuzlu media qurumları da etiraza qoşulub. "The Washington Post" qəzeti həmrəylik əlaməti olaraq Ağ Ev tədbirlərindən foto yayımlamağı dayandırıb. Ölkənin əsas ictimai radiosu NPR isə bu qərarı konstitusiyanın açıq şəkildə pozulması adlandırıb.
Tramp isə media qurumlarını tənqid edərək onların “saxta xəbərlər” yaydığını deyib və digərlərinin də Ağ Evə girişinin məhdudlaşdırıla biləcəyinə işarə edib.
Bununla belə, Ağ ev ilə ABŞ-nin aparıcı media qurumları arasında yaranan gərginlik fonunda “Trump TV: The Essentials Station” adlı yeni 24 saatlıq platforma yayıma başlayıb. Belə ki,  Tramp administrasiyası ənənəvi mediaya alternativ olaraq öz rəqəmsal platformasını işə salmağa qərar verib.
“Youtube” da yayımı aparılan platformada, Donald Tramp administrasiyasının fəaliyyəti, prezidentin canlı çıxışları, mühüm bəyanatlar, brifinqlər və administrasiyanın arxiv videomaterialları təqdim olunur.
Qeyd edək ki, bu hadisə Tramp administrasiyasının media ilə bağlı ilk mübahisəsi deyil. Fevral ayında “Associated Press” müxbirlərinin Ağ Evdəki məhdud girişli məkanlara buraxılmasına qadağa qoyulmuşdu. Buna səbəb agentliyin “Amerika Körfəzi” əvəzinə “Meksika Körfəzi” ifadəsini işlətməsi idi.
Həmçinin,  AP-nin də bununla bağlı məhkəməyə müraciət etdiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top