Paşinyanın rəsmi səfərlərdə istifadə etdiyi təyyarə Bakıya endi – Foto


Xəbər verdiyimiz kimi, bu gün YR-SIL qeydiyyat nömrəli “Gulfstream G450i” təyyarəsi səhər saatlarında İrəvandan Bakıya uçub.
Yeniavaz.com
məşhur “Flightradar24” platformasına istinadən xəbər verir ki, təyyarə saat 07:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Bildirilir ki, təyyarə bu gün saat 21:30-da Bakıdan İrəvana geri qayıdacaq.

Qeyd edək ki, nə Ermənistan, nə də Azərbaycan mətbuatında bu səfər barədə məlumat yer almayıb.
Məlumat üçün bildirək ki, İrəvandan Bakıya uçan təyyarə Ermənistanın Baş naziri Nikol Paşinyanın və bu ölkənin rəsmi şəxslərinin xarici səfərlərdə istifadə etdiyi hava nəqliyyat vasitələrindən biridir. Təyyarə “FlyOne Armenia” şirkəti ilə əlaqəli “FlyOne Romania” tərəfindən idarə olunur. Ermənistan mətbuatı yazır ki, “Gulfstream G450i” təyyarəsi hakimiyyətdə olan “Mülki Müqavilə” partiyasının üzvü, ölkənin tanınmış oliqarxlarından biri Xaçatur Sukiasyanın ailəsinə məxsusdur.
Xatırladaq ki, Nikol Paşinyan sonuncu dəfə bir-neçə gün əvvəl Almaniyaya işgüzar səfəri zamanı bu təyyarədən istifadə edib.
Onu da bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak etmək üçün bu gün ABŞ-yə yola düşüb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top