Paşinyanı Almaniyaya aparan “Gulfstream G450i” sabah Bakıya uçacaq?


Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı istifadə etdiyi biznes təyyarəsinin hökumətyönlü iş adamına məxsus olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb.
Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər zamanı Xaçatur Sukiasyanın ailəsinə məxsus “Gulfstream G450i” təyyarəsindən istifadə edib.
Məlumata görə, təyyarə “FlyOne Armenia” şirkəti ilə əlaqəli “FlyOne Romania” tərəfindən idarə olunur.
Təyyarənin qeydiyyat nömrəsi YR-SIL olaraq göstərilir. Burada “YR” Rumıniyanın, “SIL” isə Sukiasyan ailəsinin “SIL Capital” şirkətinin adından götürülən qeydiyyat işarəsidir.
Paşinyan Frankfurt şəhərinə endikdən sonra sosial şəbəkədə paylaşım edərək təyyarənin ona məxsus olduğunu istehzalı şəkildə yazıb. O, təyyarənin babasından miras qaldığını yeni öyrəndiyini bildirib və bu məsələ ilə bağlı araşdırma cəhdlərini siyasi qisas və insan hüquqlarının pozulması kimi qiymətləndirib.
Ermənistan mətbuatı yazır ki, hökumətin qərarına əsasən, nümayəndə heyətinin Almaniyaya səfəri ilə bağlı xərclər dövlət büdcəsindən qarşılanır.
Sənəddə uçuşun təşkili, Baş nazirin gündəlik xərcləri, suvenirlərin və tərcümə xidmətlərinin alınması ilə bağlı ödənişlərin Baş nazirin aparatına ayrılan vəsait hesabına həyata keçirilməsi nəzərdə tutulur. Nümayəndə heyətinin yaşayış və nəqliyyat xərclərinin bir hissəsi isə Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidmətinin vəsaiti hesabına ödənilir.


Paşinyan niyə dövlət təyyarəsindən istifadə etməyib?
Ermənistanın yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulan dövlət təyyarəsi “Airbus A319 ACJ” modelidir. Təyyarə 2007-ci ildən Ermənistan dövlətinə məxsusdur. Həmin təyyarə bu ilin may ayında texniki xidmət üçün Yerevandan Bolqarıstanın paytaxtı Sofiyaya uçub və hələ geri qayıtmayıb. Buna görə dövlət rəsmiləri xarici səfərlərdə mülki təyyarələrdən və ya icarəyə götürülən hava nəqliyyatından istifadə edə bilirlər.
“FlyOne Armenia” ilə əlaqəli biznes təyyarəsinin daha əvvəl Ermənistanın yüksək vəzifəli şəxslərinin səfərləri üçün istifadə edildiyi qeyd olunur.
Məsələn, 2026-cı ilin martında Ermənistan Prezidentinin nümayəndə heyəti Tbilisiyə, Baş nazirin müavini Mqer Qriqoryanın nümayəndə heyəti isə Şımkəndə həmin şirkətlə əlaqəli təyyarə ilə səfər edib.
Baş nazirin müavininin nümayəndə heyətinin daşınması üçün imzalanan müqavilənin dəyəri 28,6 milyon dram, yəni təxminən 77 min dollar təşkil edib.
Məlumatlarda Ermənistan Prezidentinin səfəri üçün ödənilən məbləğin açıqlanmadığı bildirilir. Prezident aparatının əməkdaşları məlumatın dövlət sirri ehtiva edən satınalma planına daxil olduğunu əsas gətirərək məlumat verməkdən imtina ediblər.
Onu da bildirək ki, hökumət üzvlərinin rəsmi səfərlərdə Xaçatur Sukiasyana məxsus təyyarələrdən istifadə etməsi ermənistan ictimaiyyətində birmənalı qarşılanmır. Ermənistan müxalifəti iddia edir ki, hökumət bu yolla dövlət büdcəsindən onminlərlə dollar vəsaiti Xaçatur Sukiasyana məxsus şirkətlərə köçürür.


Qalmaqallı təyyarə sabah Bakıya uçur
Məlumat üçün onu da bildirək ki, Ermənistan mətbuatının haqqında bəhs etdiyi YR-SIL qeydiyyat nömrəli “Gulfstream G450i” təyyarəsinin sabah səhər saatlarında İrəvandan Bakıya uçması planlaşdırılıb. Beynəlxalq uçuş izləmə platformalarının məlumatına görə, Paşinyanı Almaniyaya aparan “Gulfstream G450i” sabah saat 21:30-da Bakıdan İrəvana geri qayıdacaq.
Qeyd edək ki, açıq mənbələrdə 22 sentyabr tarixində Ermənistandan Azərbaycanda rəsmi şəxslərin səfəri ilə bağlı məlumat yoxdur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top