
Xəbər verdiyimiz kimi, Azərbaycanda bank kartları arasında həyata keçirilən pul köçürmələrinə yeni limitlər tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, yeni qaydalara əsasən, avqustun 1-dən etibarən kart sahibləri gün ərzində maksimum 5 dəfə kartdan-karta köçürmə edə biləcəklər. Həmçinin, bu əməliyyatlar üzrə aylıq ümumi məbləğ 20 min manatla məhdudlaşdırılıb.
Bəs, kartdan-karta köçürmələr üçün limitlərin tətbiq edilməsinin hansı müsbət və mənfi təsirlərti ola bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı ekspert Allahverdi Aydın bildirir ki, əgər bir şəxs və ya sahibkar davamlı olaraq şəxsi bank kartı vasitəsilə kommersiya fəaliyyəti həyata keçirirsə, bu, vergi nəzarətindən yayınmağa imkan yarada bilər: “Limitlərin tətbiqi belə halların qarşısının alınmasına, sahibkarlıq fəaliyyətinin bank hesabları üzərindən və rəsmi qaydada aparılmasına stimul verə bilər. Bu baxımdan qərar vergi bazasının genişlənməsinə, kölgə iqtisadiyyatının həcminin azalmasına və dövlət büdcəsinə daxilolmaların artmasına müsbət təsir göstərə bilər.
Digər tərəfdən, bu cür inzibati məhdudiyyətlərin müəyyən mənfi nəticələr doğurmaq ehtimalı da var. Azərbaycanda gündəlik ödənişlərin əhəmiyyətli hissəsi məhz kartdan-karta köçürmələr vasitəsilə həyata keçirilir və bir çox kiçik sahibkar, sərbəst fəaliyyət göstərən şəxslər, eləcə də xidmət sektorunda çalışanlar bu mexanizmdən geniş istifadə edirlər. Limitlərin tətbiqi bəzi istifadəçiləri yenidən nağd hesablaşmalara üstünlük verməyə sövq edə bilər. Bu isə son illərdə dövlətin təşviq etdiyi nağdsız ödənişlərin artırılması siyasəti ilə müəyyən ziddiyyət yarada bilər”.
Ekspert həmçinin qeyd edir ki, yalnız limit tətbiq etməklə vergidən yayınma problemini tam həll etmək mümkün deyil: “Vergidən yayınan şəxslər alternativ üsullara, o cümlədən bir neçə bank kartından istifadə etməyə, vəsaitləri müxtəlif şəxslərin hesabları üzərindən dövriyyəyə buraxmağa və ya ümumiyyətlə nağd hesablaşmalara keçməyə cəhd göstərə bilərlər. Buna görə də bu qərarın effektivliyi nəzarət mexanizmlərinin gücləndirilməsi, rəqəmsal monitorinq sistemlərinin təkmilləşdirilməsi və sahibkarların rəsmi fəaliyyətə keçməsini stimullaşdıran vergi siyasəti ilə paralel həyata keçirildiyi halda daha yüksək ola bilər. Ümumilikdə, qərarın məqsədi maliyyə intizamını artırmaq və qeyri-rəsmi iqtisadi fəaliyyəti məhdudlaşdırmaq olsa da, onun real nəticələri tətbiq mexanizmlərindən və bazarın buna necə reaksiya verəcəyindən asılı olacaq. Əgər yeni qaydalar qanuni istifadəçilər üçün əlavə çətinlik yaratmadan yalnız riskli əməliyyatları hədəfləyərsə, iqtisadi baxımdan müsbət nəticələr verə bilər. Əks halda, kartdan-karta köçürmələrdən istifadənin azalması və nağd dövriyyənin artması ehtimalı da istisna edilmir ki, bu da nağdsız iqtisadiyyatın inkişaf tempinə mənfi təsir göstərə bilər”.
Allahverdi Aydın
“Adi vətəndaşlar baxımından bu qərarın təsiri daha çox gündəlik maliyyə əməliyyatlarında hiss oluna bilər. Əksər insanlar kartdan-karta köçürmələrdən ailə üzvlərinə pul göndərmək, borc qaytarmaq, alış-veriş etmək və ya müxtəlif xidmətlərin ödənişini həyata keçirmək üçün istifadə edirlər. Gündəlik 5 əməliyyat limiti əksər vətəndaş üçün ciddi problem yaratmaya bilər. Lakin gün ərzində çoxsaylı kiçik məbləğli köçürmələr edən şəxslər, xüsusilə müxtəlif ödənişləri ayrı-ayrı hissələrlə həyata keçirən istifadəçilər müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər.Aylıq 20 min manat limiti isə orta statistik vətəndaşın maliyyə davranışı baxımından kifayət qədər yüksək hədd hesab olunur. Buna görə də bu məhdudiyyət əhalinin böyük hissəsinə praktik təsir göstərməyəcək. Lakin iri məbləğli alqı-satqılar zamanı, məsələn, avtomobil, torpaq və ya digər bahalı əmlak üçün ödənişlərin kartdan-karta köçürmə yolu ilə həyata keçirilməsinə üstünlük verən şəxslər bu limiti nəzərə almaq məcburiyyətində qalacaqlar”, - deyə iqtisadçı bildirib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz