
Xəbər verdiyimiz kimi, Özgür Özəlin liderliyində 91 millət vəkili Türkiyədə aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək YENİ Partiyanı yaradıblar.
Yeniavaz.com xəbər verir ki, Ö. Özəl bundan sonra yeni yaradılan partiyanın CHP ilə münasibətlərinin necə olacağına aydınlıq gətirib.
“CHP-nin institusional kimliyi ilə bağlı deyəcəyimiz bir söz yoxdur. Lakin hazırda CHP seçilməmiş şəxslər tərəfindən idarə olunur. Əgər CHP-də seçilmiş rəhbərlik olsaydı, o, bizim əvvəlki partiyamız olardı. Amma indiki CHP bizim partiyamız deyil. Hazırda CHP seçilməmiş şəxslər tərəfindən idarə olunur. Buna görə də onlarla siyasi tərəfdaşlıq qurmağımız mümkün deyil. Bununla yanaşı, onlarla polemikaya girmək və ya mübahisə etmək niyyətimiz də yoxdur. Siyasət seçilmiş şəxslərlə aparılır. Məhkəmə qərarı ilə təyin olunmuş rəhbərliyi nə müsbət, nə də mənfi mənada siyasi tərəf kimi qəbul edəcəyik”, - Özəl bildirib.
Xatırladaq ki, bu ilin aprel ayında məhkəmə CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Bundan sonra Özgür Özəl və tərəfdarları CHP-dən ayrılaraq yeni siyasi partiya qurmaq fikrini müzakirə etməyə başlayıblar. Bir neçə gün əvvəl isə sözügedən partiya Özgür Özəlin sədrliyi ilə “YENİ Partiya” adı altında fəaliyyətə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz