
Dünya çempionatının qrup mərhələsinin son turunda keçirilən Əlcəzair – Avstriya oyununun son dəqiqələrində yaşananlar sosial şəbəkələrdə və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, qarşılaşmada Əlcəzair 90+3-cü dəqiqədə hesabı 3:2 edərək önə çıxıb. İddialara görə, məhz bundan sonra futbolçulara bu nəticə ilə qrupu ikinci pillədə başa vuracaqları və növbəti mərhələdə İspaniya ilə qarşılaşacaqları bildirilib.
Bundan sonra, Əlcəzair futbolçuları hesabı qorumağa çalışmaq əvəzinə, Avstriyanın hücumuna ciddi müqavimət göstərməyiblər. Nəticədə Avstriya 90+6-cı dəqiqədə hesabı 3:3 edib.
Məhz bu qolun hesabına Əlcəzair ikinci pillədən üçüncü yerə geriləyərək ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksəlib və İsveçrə ilə qarşılaşmaq imkanı qazanıb. Avstriya isə bu qoldan sonra ikinci yeri tutaraq İspaniya ilə üz-üzə qalıb.
Bəzi futbol azarkeşləri və sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, Əlcəzair bununla 44 il əvvəl məhz Avstriyanın da iştirakçısı olduğu “Xixon biabırçılığı”na özünəməxsus cavab verib. Onların fikrincə, Əlcəzair daha sərfəli rəqib əldə etməklə yanaşı, Avstriyanı da turnirin favoritlərindən biri olan İspaniya ilə “üz-üzə qoyub”.
Xatırladaq ki, 1982-ci il dünya çempionatında Qərbi Almaniya və Avstriya arasında keçirilən oyun futbol tarixinə “Xixon biabırçılığı” kimi düşüb. Həmin vaxt Qərbi Almaniya 10-cu dəqiqədə hesabı açdıqdan sonra hər iki komanda oyunun sonunadək nəticəni dəyişmək üçün demək olar ki, cəhd göstərməyib. 1:0 hesablı nəticə həm Qərbi Almaniyanı, həm də Avstriyanı növbəti mərhələyə çıxarıb, Əlcəzair isə turnirdən kənarda qalıb.
Məhz həmin hadisədən sonra FIFA qrup mərhələsinin son tur oyunlarının eyni vaxtda keçirilməsi qaydasını tətbiq edib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz