DÇ-nin ən maraqlı oyunlarından biri 5 gün sonradır – “Xixon biabırçılığı”nın revanşı


Əlcəzair yığmasının 2026-cı il dünya çempionatında İordaniya üzərində 2:1 hesablı qələbəsi komandaya növbəti mərhələyə çıxmaq şansı verib. 
Yeniavaz.com
xəbər verir ki, Əlcəzair yığması qrupdakı son oyununu Avstriya millisinə qarşı keçirəcək.
Qeyd edək ki, Əlcəzair – Avstriya oyunu 44 il əvvəl baş verən qalmaqallı hadisəni yenidən gündəmə gətirib.
Məlumat üçün bildirək ki, 1982-ci il dünya çempionatında İspaniyanın Xixon şəhərində keçirilən Qərbi Almaniya – Avstriya matçı futbol tarixində “Xixon biabırçılığı” adı ilə tanınır.
1982-ci il dünya çempionatında Qərbi Almaniya, Avstriya, Əlcəzair və Çilinin yer aldığı 2-ci qrupda Afrika təmsilçisi ilk qarşılaşmasında Qərbi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək dünya çempionatları tarixində Avropa komandasını məğlub edən ilk Afrika yığması kimi tarixə düşür. Daha sonra Çiliyə qalib gələn Əlcəzair qrup mərhələsini başa vurur. Əlcəzairin qrupdan çıxa bilməsi Qərbi Almaniya ilə Avstriya arasında keçiriləcək son matçdan asılı olur. Almanların 1:0 və ya 2:0 hesablı qələbəsi həm onları, həm də Avstriyanı top fərqinə görə növbəti mərhələyə çıxaracaq, Əlcəzair isə mübarizəni dayandıracaqdı. Almaniya üç və ya daha çox top fərqi ilə qalib gəlsəydi, Avstriya sıradan çıxacaqdı. Heç-heçə və ya Avstriyanın qələbəsi isə Qərbi Almaniyanın turnirdən kənarda qalması demək idi.
Qarşılaşmanın 10-cu dəqiqəsində almanların vurduğu qol Qərbi Almaniyanı önə keçirir. Bundan sonra isə hər iki komanda oyunun tempini aşağı salırlar. Futbolçular topu məqsədsiz şəkildə öz aralarında gəzdirir, meydanın öz hissəsində paslaşır, təzyiq hiss etdikdə isə topu qapıçıya göndərirdilər. Həmin dövrdə geri ötürmə qaydası tətbiq olunmadığı üçün qapıçı komanda yoldaşından gələn topu əllə götürə bilirdi. Oyunun böyük hissəsi boş sahələrə vurulan uzun ötürmələrlə keçir və ciddi təhlükəli vəziyyət yaranmır. Almaniyanın ARD kanalının şərhçisi Eberhard Stanjek matçın müəyyən hissəsindən sonra hadisələri şərh etməyi dayandırır. Avstriyalı teleşərhçi Robert Zeger isə tamaşaçılara etiraz əlaməti olaraq televizorlarını söndürməyi tövsiyə edir.
Xixonda keçirilən oyunda ispan azarkeşlər də narazılıqlarını gizlətməyərək “Fuera, fuera!” (“Çölə, çölə!”) şüarları səsləndirirlər. Qarşılaşma Qərbi Almaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatır və bu nəticə Əlcəzairin növbəti mərhələyə yüksəlməsinə mane olur.
Bu hadisədən sonra FIFA qrup mərhələsinin son tur oyunlarının eyni vaxtda keçirilməsi qaydasını tətbiq edir.
Bu baxımdan, Əlcəzairin Avstriya ilə qarşıdakı görüşü bir çox azarkeşlər tərəfindən simvolik revanş kimi qiymətləndirilir. Əlcəzair Avstriyanı məğlub edib növbəti mərhələyə yüksəlsə, 44 il əvvəl qrupdan kənarda qalmasına səbəb olan komandalardan birinə qarşı vacib qələbə qazanmış olacaq. 
Xatırladaq ki, Əlcəzair – Avstriya oyunu 28 iyun saat 06:00-da baş tutacaq.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top