
“Tehranın İsveçrədə keçiriləcək yeni danışıqlar mərhələsində iştirakı İslamabadın anlaşma memorandumunun həyata keçirilməsini təmin etmək məqsədi daşıyır və sənədin beş əsas bəndi yerinə yetirilməyincə, yekun razılaşma üzrə danışıqlar başlaya bilməz”.
Yeniavaz.com “Tasnim”ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və İranın xarici işlər naziri Abbas Əraqçi ilə birlikdə İsveçrədə danışıqlar qrupuna daxil olan Bəqayi bildirib ki, İsveçrədəki görüşlər 18 iyunda imzalanmış İslamabad Anlaşma Memorandumu çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsini izləməyə yönəlib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bir günlük proqrama İran nümayəndə heyəti ilə Qətər və Pakistan vasitəçiləri arasında ayrıca görüşlər, ardınca isə günortadan sonra İran, ABŞ, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş daxildir.
Onun sözlərinə görə, İran memorandum imzalandıqdan dərhal sonra onun tətbiqinə başlayıb:
“İstənilən sənədin icrası onun imzalanmasından daha vacibdir. Nəticəyə nail olmaq üçün diplomatik proses bir məsələdir, amma həyata keçirilməsini təmin etmək daha vacib məsələdir”.
Bəqayi vurğulayıb ki, memorandumun 13-cü maddəsində yekun razılaşma üzrə danışıqlar, Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması ilə bağlı birinci bənd və razılaşdırılmış beş müddəanın yerinə yetirilməsindən asılıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın bu müddəanın hələ tətbiq olunmadığına inandığını bildirib və Vaşinqtonu ona riayət olunmasını təmin edə bilməməkdə və ya istəməməkdə günahlandırıb, eyni zamanda İsrail rejiminin öz öhdəliklərini pozmağa davam etdiyini bildirib.
Bəqayi danışıqların axşama qədər davam edəcəyinin gözlənildiyini bildirib və İranın bütün narahatlıqlarının dördtərəfli görüşdə açıq şəkildə təqdim ediləcəyini vurğulayıb:
“İran nümayəndə heyəti İranın milli maraqlarının müdafiəsində heç bir güzəşt və ya yumşaqlıq göstərməyəcək və Tehran memorandumda göstərilən öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün bütün dövlət qurumları ilə tam koordinasiyalı şəkildə hərəkət edir”.
Tətbiqimizi yükləyə bilərsiniz