İranla ABŞ arasında imzalanan 14 maddəlik memorandumun – Tam mətni


İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanan İslamabad Anlaşma Memorandumunun surətini yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“Bu, tarixi bir sənəd və qüdrətli İrandan bir mesajdır: Sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək. İran hər zaman qlobal sülh ideyasına sadiq olub, eyni zamanda öz ləyaqətini və müstəqilliyini qoruyaraq, tərəqqiyə və regional əməkdaşlığa can atıb”, - deyə İran Prezidenti bildirib.
O həmçinin özünün, ABŞ Prezidenti Donald Trampın və vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladığı 14 maddəlik sənədin surətini dərc edib:
1. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, habelə onların hazırkı müharibədəki müttəfiqləri, bu Anlaşma Memorandumunu (AM) imzalamaqla, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığını bəyan edir və bundan sonra bir-birinə qarşı hər hansı müharibə və ya hərbi əməliyyat başlatmamağı, bir-birinə qarşı güc tətbiq etməkdən və ya güclə hədələməkdən çəkinməyi, həmçinin Livanın ərazi bütövlüyünü və suverenliyini təmin etməyi öhdələrinə götürürlər. Yekun Saziş Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin daimi olaraq dayandırılmasını və bu bəndin digər müddəalarını təsdiq edəcəkdir.
2. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməyi öhdələrinə götürürlər.
3. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları qarşılıqlı razılıq əsasında uzadıla bilən maksimum 60 gün müddətində yekun Saziş üzrə danışıqlar aparmaq və ona nail olmaq öhdəliyini götürürlər.
4. Bu Anlaşma Memorandumu imzalandıqdan dərhal sonra Amerika Birləşmiş Ştatları dəniz blokadasının və İran İslam Respublikasına qarşı hər hansı iğtişaşların (maneələrin) və ya əngəllərin aradan qaldırılmasına başlayacaq və dəniz blokadasına 30 gün ərzində tamamilə son qoyacaqdır. Bu müddət ərzində gəmilərin hərəkəti, İran İslam Respublikası tərəfindən bərpa edilən müharibədən əvvəlki hərəkət sayına mütənasib olacaqdır. Amerika Birləşmiş Ştatları, həmçinin yekun Sazişdən sonra 30 gün ərzində öz qüvvələrini İran İslam Respublikasının yaxınlığından çıxarmağı öhdəsinə götürür.
5. Bu Anlaşma Memorandumu imzalandıqdan sonra İran İslam Respublikası kommersiya gəmilərinin Fars körfəzindən Oman dənizinə və əksinə, yalnız 60 gün müddətinə ödənişsiz olaraq təhlükəsiz keçidini təmin etmək üçün əlindən gələni edəcəkdir. Kommersiya gəmilərinin hərəkəti dərhal başlayacaq və texniki və hərbi maneələrin aradan qaldırılması, habelə İran İslam Respublikası tərəfindən minalardan təmizlənmə ehtiyacı nəzərə alınmaqla, 30 gün ərzində tam bərpa ediləcəkdir. İran İslam Respublikası, tətbiq edilən beynəlxalq hüquqa və Hörmüz boğazının sahilyanı dövlətlərinin suveren hüquqlarına uyğun olaraq, digər Fars körfəzi sahilyanı dövlətləri ilə müzakirələr çərçivəsində Hörmüz boğazında gələcək idarəetmə və dəniz xidmətlərini müəyyən etmək üçün Oman Sultanlığı ilə dialoq aparacaqdır.
6. Amerika Birləşmiş Ştatları regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard ABŞ dolları həcmində qarşılıqlı razılaşdırılmış qəti plan hazırlamağı öhdəsinə götürür. Bu planın icra mexanizmi 60 gün ərzində yekun Sazişin tərkib hissəsi kimi rəsmiləşdiriləcəkdir. Müvafiq maliyyə əməliyyatları üçün tələb olunan bütün lisenziyalar, sanksiyadan azadetmə sənədləri (güzəştlər) və icazələr Amerika Birləşmiş Ştatları tərəfindən veriləcəkdir.
7. Amerika Birləşmiş Ştatları yekun Sazişin tərkib hissəsi kimi razılaşdırılmış qrafikə uyğun olaraq İran İslam Respublikasına qarşı hər növ sanksiyaları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini, MAQATE (IAEA) qətnamələrini və ABŞ-nin bütün birtərəfli, ilkin və ikinci dərəcəli sanksiyalarını ləğv etməyi öhdəsinə götürür. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları yuxarıda qeyd olunan sanksiyaların ləğvi məsələsinin həlledici əhəmiyyətini qəbul edir və bu məsələlərdə qarşılıqlı razılığa nail olmaq üçün danışıqlarda onları dərhal nəzərdən keçirmək niyyətlərini ifadə edirlər.
8. İran İslam Respublikası nüvə silahı əldə etməyəcəyini və ya hazırlamayacağını bir daha təsdiqləyir. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları toplanmış zənginləşdirilmiş materialların yerləşdirilməsi (tənzimlənməsi) məsələsini, 7-ci bənddə göstərilən qrafikə uyğun olaraq, MAQATE-nin nəzarəti altında, yerində minimum seyrəltmə (down-blending) metodologiyası ilə qarşılıqlı razılaşdırılacaq mexanizm əsasında həll etmək barədə razılığa gəlmişlər. İki tərəf həmçinin yekun Sazişdə razılaşdırılacaq qənaətbəxş çərçivəyə əsaslanaraq zənginləşdirmə məsələsini və İran İslam Respublikasının nüvə ehtiyacları ilə bağlı qarşılıqlı razılaşdırılmış digər məsələləri müzakirə etməyə razılaşırlar. Yekun Saziş bu bəndin müddəalarını təsdiq edəcəkdir. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları yuxarıda qeyd olunan nüvə məsələlərinin həlledici əhəmiyyətini qəbul edir və bu məsələlərdə qarşılıqlı razılığa nail olmaq üçün danışıqlarda onları dərhal nəzərdən keçirmək niyyətlərini ifadə edirlər.
9. Yekun Saziş imzalanana qədər İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları status-kvonu qoruyub saxlamağa razılaşırlar; İran İslam Respublikası öz nüvə proqramının hazırkı status-kvosunu saxlayacaq, Amerika Birləşmiş Ştatları isə heç bir yeni sanksiya tətbiq etməyəcək və regiona əlavə qüvvələr yerləşdirməyəcəkdir.
10. Amerika Birləşmiş Ştatları öhdəsinə götürür ki, bu Anlaşma Memorandumu imzalandıqdan dərhal sonra və sanksiyalar ləğv edilənədək, ABŞ Maliyyə Nazirliyi (Department of Treasury) İranın xam neftinin, neft məhsullarının və törəmələrinin, habelə bank əməliyyatları, sığorta, nəqliyyat və s. daxil olmaqla bütün əlaqəli xidmətlərin ixracı üçün istisnalar (waivers / sanksiya azad olunmaları) müəyyən edən sənədlər verəcəkdir.
11. Amerika Birləşmiş Ştatları bu Anlaşma Memorandumunun icrası ilə İran İslam Respublikasının dondurulmuş və ya məhdudlaşdırılmış vəsaitlərini və aktivlərini istifadə üçün tam hazır vəziyyətə gətirməyi öhdəsinə götürür. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası danışıqlar zamanı bu vəsaitlərin sərbəst buraxılması ilə bağlı prosedurları qarşılıqlı şəkildə razılaşdıracaqlar. Sözügedən vəsaitlər, ilkin hesaba saxlanılmasından və ya köçürülməsindən asılı olmayaraq, İran İslam Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş hər hansı son beneficiara ödəniş üçün tam istifadə edilə bilən vəziyyətə gətirilməlidir. Amerika Birləşmiş Ştatları buna uyğun olaraq bütün lazımi lisenziya və icazələrin verilməsini öhdəsinə götürür.
12. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları bu Anlaşma Memorandumunun uğurla icrasına və yekun Sazişin gələcəkdə yerinə yetirilməsinə nəzarət etmək üçün icraedici mexanizmin yaradılması barədə razılığa gəlirlər.
13. Bu Anlaşma Memorandumu imzalandıqdan sonra və bu Anlaşma Memorandumunun 1, 4, 5, 10 və 11-ci bəndlərinin icrasına başlanılması, habelə bu tədbirlərin davamlı şəkildə həyata keçirilməsi şərtilə, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları müstəsna olaraq digər bəndlər üzrə yekun Sazişlə bağlı danışıqlara başlayacaqlar.
14. Yekun Saziş BMT Təhlükəsizlik Şurasının məcburi qüvvəyə malik qətnaməsi ilə təsdiq (təsbit) ediləcəkdir.


 

DİGƏR XƏBƏRLƏR

Top