
Xəbər verdiyimiz kimi, tanınmış vəkil Fərhad Mehdiyevin qızı ötən gün – iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 16 iyun saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb.
“Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.
Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.
Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz