Fərhad Mehdiyevin qızı qəzada dünyasını dəyişib


Tanınmış vəkil Fərhad Mehdiyevə ağır itki üz verib.
Yeniavaz.com
xəbər verir ki, onun qızı ötən gün – iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
F. Mehdiyevin özü sosial media hesabında bu barədə yazıb:
“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur.
Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı-Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.
Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv kimi bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk.
Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.
Səni çox istəyirəm, Zəhra, gedişinin ağrısı uzun çəkəcək”.
Qeyd edək ki, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub.
Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top