2800 il yaşı olan mixi yazısı alimləri üz-üzə qoydu – Kim haqlıdır?


Xəbər verdiyimiz kimi, ötən həftə Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb.
Yeniavaz.com
xəbər verir ki, təxminən 2800 il əvvələ aid olduğu bildirilən qayaüstü mixi yazısının yerləşdiyi məkan müəyyənləşdirilib.
Qeyd edək ki, AMEA-nın Naxçıvan Bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyevin təqdim etdiyi tərcümə ictimai müzakirələrə səbəb olub.
ABŞ-də yaşayan tanınmış araşdırmaçı Tariyel Azərtürk İnstitutu yanlış tərcümə təqdim etməkdə və erməni qaynaqlarına əsaslanmaqda günahlandırıb.
Tariyel Azərtürk eyni zamanda iddia edib ki, sözügedən mətn Urartu dilinə deyil, türk dilinə məxsusdur. Onun sözlərinə görə, yazı ilk dəfə 1988-ci ildə erməni hidrogeoloq İqumnov tərəfindən aşkar olunub, bir il sonra isə şəkilləri çəkilərək İrəvana aparılıb:
“Daha sonra bu material İtalyan urartoloqu Mirzo Salvininin dəstəyi ilə İtaliyada nəşr olunan “Anadolunun tədqiqi” jurnalında “Ocasar-İlandağda (Naxçıvan) Urartu yazısı” adı altında dərc edilib. Mən bu yazını ədəbiyyatdan tapıb öz metodumla modelləşdirəndə aydın oldu ki, uydurma Urartudan orada heç nə yoxdur. Türk dilinin başına-gözünə döyərək, oradakı sözlərdən olmamış yer adları düzəldilib.
Guya Urartu çarı Sardurinin oğlu İşpunyenin oğlu Minuanın döyüş səhnələrini elan edir və onun hücum edərək şəhər və kəndləri işğal etmiş, əhalisini sürgün etmiş, əsir götürmüş qəhrəmanlıqlarından danışır. Sonda əmr edir ki, Pulua dağında bir buzovu guya Haldinin allahının şərəfinə qurban kəsməklə qələbəsini qeyd etsinlər”.
T. Azərtürkün fikrincə, yazıda Urartu hökmdarları İşpuini və Minuanın hərbi yürüşlərindən deyil, təxminən üç min il əvvəl Naxçıvan, İrəvan (gil kitabədə “İribuni” kimi göstərilir) və Bitlisə qədər uzanan torpaqlara hökmranlıq etmiş Sərdar adlı şəxs ilə Lidiya hökmdarı Karun arasında bağlanan razılaşmadan söz açılır:
“Karun Lidiya imperatorluğunun kənarındakı Bitlis ərazisində olmuş qala-şəhər Müqəddəs Haldinini (indi türkcə Kef qalası adlanır) Sərdara satıb və beh kimi ondan min qızıl pul da alıb. Yazı deyir ki, Karun sözündən qaçır və qalanı satmır. Ancaq beh pulunu qaytarır. Pulu almaq üçün “səhəri gün” Sardur Haldiniyə səfər edir. Beh pulundan Haldini Pirinə “Aya” pulu (müqəddəslik pulu) da salır”.
Tariyel Azərtürk bildirib ki, 3 min il bundan qabaq Naxçıvan, İrəvan, Sərdarabad, Van gölünün şərqi türkə məxsus dövlət olduğundan xəbər verir:
“Qərb alimləri Osmanlı imperiyasına qəsd üçün Sarduri, İşpuini, Minua, Sarduri və s.-dən Urartu çarları sülaləsi düzəldib, türkün həm dünəninə, həm də bu gününə qılınc çalırlar. Türkcə olan bu yazı üç min il bundan qabaq Naxçıvanın türk şəhəri olduğuna dair yeganə yazılı pasportdur. Onu göz bəbəyi kimi qorumaq lazımdır”.
Məsələ ilə bağlı AMEA-nın Naxçıvan Bölməsinin müxbir üzvü, professoru Vəli Baxşəliyev bildirib ki, Tariyel Azərtürkün fikirləri elmdə qəbul olunmur:
“Alimlər bu cür oxuyub qəbul edilib. Yəqin ki, yeni araşdırmalar da aparılacaq. Mən onun fikirlərini qəbul etmək məcburiyyətində deyiləm. Mən obyektivliyin tərəfdarıyam”.
Məlumat üçün onu da qeyd edək ki, İlandağ yazısı üzərində ilk tədqiqat və deşifrə işi erməni tədqiqatçıları S. Q. Hmayakyan, D. İqumnov və H. H. Karagözyan tərəfindən aparılıb. Tədqiqatçılar kitabəni öz interpretasiyalarına uyğun şəkildə oxuyaraq nəticələri 1996-cı ildə İtaliyanın “Studi Micenei ed Egeo-Anatolici” (SMEA) jurnalında “An Urartu Cuneiform Inscription from Ojasar-Ilandag, Nakhichevan” adlı məqalədə dərc etdiriblər.
Erməni tədqiqatçıların tərcüməsi belədir:
“İlahi Haldinin əzəməti ilə İşpuini, Sardurinin oğlu (və) Meniua, İşpuinin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər. İş ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayanianu şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar. Pluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar (və) əmr verdilər: Puluadi ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top