
Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyev sosial şəbəkə hesabında bildirib.
“Bu gün təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra, nəhayət ki, tapıldı. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə qurban kəsməsindən bəhs edilir”, – arxeoloq qeyd edib.
Məlumat üçün bildirək ki, Culfa rayonu ərazisində yerləşən İlandağda (Haçadağ) aşkar edilən və Urartu dövrünə (e.ə. 820–810-cu illər, hökmdarlar İşpuini və Minua dövrü) aid edilən məşhur qayaüstü mixi yazılı mixi yazısı haqqında ilk rəsmi məlumat 1989-cu ildə qeydə alınıb. Bildirilir ki, abidə Ermənistan Arxeologiya İnstitutunun əməkdaşı D. İqumnov tərəfindən aşkarlanıb, qaya səthindəki kitabənin fotoşəkli çəkilərək elmi araşdırma məqsədilə İrəvana aparılıb. Bununla da kitabə ilk dəfə elmi ictimaiyyətin diqqətinə təqdim olunub.
Abidənin mətni üzərində ilk tədqiqat və deşifrə işi isə erməni tədqiqatçıları S. Q. Hmayakyan, D. İqumnov və H. H. Karagözyan tərəfindən aparılıb. Tədqiqatçılar kitabəni öz interpretasiyalarına uyğun şəkildə oxuyaraq nəticələri 1996-cı ildə İtaliyanın nüfuzlu elmi nəşrlərindən olan “Studi Micenei ed Egeo-Anatolici” (SMEA) jurnalında “An Urartu Cuneiform Inscription from Ojasar-Ilandag, Nakhichevan” adlı məqalədə dərc etdiriblər.
Lakin sonrakı dövrdə kitabənin məzmunu və tarixi konteksti ətrafında elmi müzakirələr daha da genişlənib. Erməni müəlliflərin yazını siyasi məqsədlərlə təhrif etməsi və Naxçıvanı Urartunun tərkib hissəsi kimi təqdim etməsinə etiraz olaraq, dünya şöhrətli italyan alim Mirjo Salvini kitabəni yenidən araşdıraraq mətnə dair bir sıra mühüm elmi düzəlişlər edib.
Azərbaycanda isə İlandağ kitabəsinin sistemli şəkildə araşdırılması tanınmış tarixçi və şərqşünas alim, professor Solmaz Qaşqayın adı ilə bağlıdır. Alim özünün 2006-cı ildə nəşr olunan “Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə” adlı monoqrafiyasında kitabənin tam tərcüməsini təqdim edib və geniş elmi təhlil aparıb.
Qeyd edək ki, ilk tapıntıdan sonra kitabənin koordinatları dəqiq qeyd olunmadığı üçün onun yerini müəyyən etmək mümkün olmayıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz