Azərbaycan millisi tarixi rekordun bir addımlığındadır


Xəbər vediyimiz kimi, minifutbol üzrə Azərbaycan milli komandası 2026-cı il Avropa çempionatında finala yüksələrək növbəti tarixi uğurun astanasına gəlib.
Yeniavaz.com
xəbər verir ki, Slovakiyanın Bratislava şəhərində keçirilən turnirdə yığmamız yarımfinalda Serbiyanı məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.
Əgər Azərbaycan final qarşılaşmasında qalib gəlsə, dünya minifutbol tarixində unikal nəticəyə imza atacaq. Belə ki, komandamız əvvəlcə 2022-ci ildə Avropa çempionu olub, daha sonra 2025-ci ildə Bakıda keçirilən dünya çempionatında kuboku başı üzərinə qaldırıb. 2026-cı ildə yenidən Avropa çempionluğu qazanılarsa, Azərbaycan həm Avropa, həm dünya, həm də yenidən Avropa titulunu ardıcıl qazanan ilk milli komanda kimi tarixə düşəcək.
Bu nailiyyət indiyədək heç bir minifutbol millisinə nəsib olmayıb. Daha əvvəl Çexiya və Rumıniya həm Avropa, həm dünya çempionluğu yaşasa da, titulları bu ardıcıllıq və davamlılıqla qazana bilməyib.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün final oyununa çıxacaq. Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkəcək. “Tipos Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top