CHP-də nə baş verir?


Xəbər verdiyimiz kimi
, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel partiyanın baş qərargahına polis müdaxiləsindən sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) doğru yürüşə başladığını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, CHP-də uzun müddətdir davam edən siyasi və hüquqi proseslər Türkiyədə gündəmin əsas mövzularından birinə çevrilib.
Hadisələrin başlanğıcı isə 2023-cü ildə keçirilən 38-ci qurultaya gedib çıxır.
Həmin qurultayda uzun illər partiyaya rəhbərlik edən Kamal Kılıçdaroğlu sədrlikdən gedib və Özgür Özel yeni sədr seçilib.
Qurultaydan sonra seçki nəticələri ilə bağlı iddialar ortaya çıxıb. Səsverməyə təsir edildiyi, qanunsuzluqlar olduğu və nəticələrin düzgün olmadığı barədə şikayətlər məhkəmə orqanlarına təqdim edilib.
2024 və 2025-ci illər ərzində istintaq prosesi genişlənərək daha sistemli xarakter alıb.
2026-cı ilin may ayında Məhkəmənin 36-cı Mülki İşlər üzrə Kollegiyası CHP qurultayı ilə bağlı işi “tamamilə etibarsız” hesab edib. Qərara əsasən, CHP-yə rəhbərlik edən Özgür Özel və onun administrasiyası müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, Kamal Kılıçdaroğlu və onun komandası isə yenidən vəzifəyə qaytarılıb.
Ankara Regional Apelyasiya Məhkəməsinin qərarından sonra rəsmi qurumlar CHP qərargahına gələrək qərarın icrası və binanın boşaldılması prosesinə başlayıb. Bu zaman Kamal Kılıçdaroğlunu dəstəkləyən qruplar binanın qarşısında toplaşıb və girişə cəhdlər zamanı tərəflər arasında qarşıdurma yaşanıb.
Daha sonra Ankara Valiliyinin göstərişi ilə polis qüvvələri qərargaha daxil olub.
Hadisələrin mərkəzində CHP sədri Özgür Özel də olub. Məhkəmə qərarı çatdırıldıqdan sonra onun qərargahı tərk edərək TBMM-yə piyada getdiyi bildirilir.
Sabiq CHP sədri Kamal Kılıçdaroğlu isə məhkəmə qərarının icrasının vacibliyini bildirib və bütün tərəfləri nizam-intizama çağırıb. Onun nümayəndələri də qərargaha gedərək vəziyyəti yerində izləyiblər. Partiya daxilində aparılan müzakirələrdə yaxın günlərdə qurultay və idarə orqanlarının toplanacağı, yeni yol xəritəsinin müəyyən ediləcəyi qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top