
Xəbər verdiyimiz kimi, İranın Buşehr Atom Elektrik Stansiyası (AES) ABŞ və ya İsrailin raket zərbəsinə məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, raket zərbəsi AES-in işləyən enerji blokuna zərər vurmasa da, bu hücum region ölkələrində ciddi təşvişə səbəb olub.
Məlumat üçün bildirək ki, Buşehr AES-in ilk 1000 MVt gücündə enerji bloku 2013-cü ildə Rusiyanın “Rosatom” şirkəti tərəfindən inşa olunaraq İrana təhvil verilib. AES-in ikinci mərhələsinin (ümumi gücü 2100 MVt olan iki enerji bloku) tikintisinə 2016-cı ildə başlanılıb. ABŞ və İsrailin hücumlarından sonra – 3 mart 2026-cı ildə “Rosatom” Buşehr AES tikinti sahəsindəki işlərin tamamilə dayandırıldığını elan edib.
Mütəxəssislər bildirirlər ki, əgər raket zərbəsi işləyən enerji blokuna endirilərsə, o zaman radioaktiv maddələrin atmosferə yayılması qaçılmaz olacaq. Belə bir ssenaridə radioaktiv hissəciklərin yayılması əsasən küləyin istiqaməti və atmosfer şəraitindən asılı olacaq. Azərbaycan coğrafi baxımdan Buşehrdən təxminən 1000 km aralıda yerləşdiyi üçün birbaşa təsir ehtimalı aşağı qiymətləndirilir. Lakin mütəxəssislər bildirirlər ki, daha əvvəl Çernobıl və Fukuşima qəzaları kimi hallarda radioaktiv maddələrin min kilometrlərlə məsafəyə yayıldığı müşahidə edilib. Belə hallarda uzaq regionlarda təsir adətən zəifləmiş formada qeydə alınır.
Onu da qeyd edək ki, Ərəbistan yarımadası üzərindən formalaşaraq cənub və cənub-şərq istiqamətli hava axınları ilə Azərbaycan ərazisinə daxil olan toz-dumanlı hava dəfələrlə müşahidə olunub. Mütəxəssislər hesab edirlər ki, əgər tozlu hava axını Ərəbistandan Azərbaycana qədər gələ bilirsə, radioaktiv hissəciklərin də Azərbaycan ərazisinə daxil olması nəzəri olaraq mümkündür.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz