Bu rayonlarda pensiyalar daha çox artırılmalıdır – İqtisadçıdan yeni təklif


Xəbər verdiyimiz kimi, bu il yanvarın 1-dən etibarən Azərbaycanda əmək pensiyaları 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq 9,3% həddində artırılıb.
Yeniavaz.com
xəbər verir ki, ötən il minimum səviyyədə – 320 manat pensiya alan şəxslər yanvarın 1-dən təxminən 350 manat pensiya alır.
Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Azərbaycanın 4 şəhər və rayonunda – Lerik, İsmayıllı, Qobustan rayonları ilə Naxçıvan şəhərində istehlak qiymətlərinin illik artımı pensiyalarda qeydə alınan artımı üstələyib. Belə ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında Lerikdə 10,2%, İsmayıllıda 10,1%, Naxçıvanda 9,6%, Qobustanda isə 9,4% inflyasiya qeydə alınıb.
Bu isə o deməkdir ki, inflyasiyanın pensiya artımını üstələməsi əmək pensiyası alan şəxslərin alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Məsələn, ötən il Lerik rayonunda 320 manat alan pensiyaçı bu pula 10 ədəd ərzaq səbəti alırdı. Yanvar ayından həmin şəxsin pensiyası 9,3% artaraq təxminən 350 manat olub. Lakin 10 ədəd ərzaq səbətinin qiyməti 10,2% artaraq təxminən 153 manata çatıb. Nəticədə, Lerikdə yaşayan pensiyaçı ötən ildən fərqli olaraq bu il daha az ərzaq alıb.
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, bu vəziyyət vahid indeksasiyanın bütün regionlar üçün ədalətli nəticə vermədiyini göstərir:
“Çünki hər rayonda inflyasiya eyni deyil. Bəzi yerlərdə qiymətlər daha sürətlə artır və bu da orada yaşayan pensiyaçıları daha çətin vəziyyətə salır. Əslində, əsas problem indeksasiyanın yalnız maaş artımına bağlanmasıdır. Düzdür, ilk baxışdan pensiyaların maaş artımına bağlanması daha ədalətli görünə bilər. Bu metod gəlirlərin bərabər səviyyədə artmasına şərait yaradır. Amma, dediyimiz kimi, bəzi hallarda qiymət artımı maaş artımını üstələyə bilir ki, bu zaman insanların alıcılıq qabiliyyəti aşağı düşür. İnsanların alıcılıq qabiliyyətinə təsir edən əsas göstərici inflyasiyadır, yəni qiymətlərin artımıdır. Bu səbəbdən hesab edirəm ki, pensiya artımında da diferensiallaşdırılmış indeksləşdirmə tətbiq oluna bilər. Məsələn, pensiyalar orta aylıq əməkhaqqına görə artırılsın, lakin bu artım inflyasiya səviyyəsindən aşağı olmamaq şərtinə bağlansın”.

Allahverdi Aydın

İqtisadçı qeyd edir ki, pensiyalar regionlar üzrə fərqli şəkildə indeksləşdirilə bilər:
“Deyək ki, pensiyalar orta aylıq əməkhaqqındakı artıma uyğun olaraq 9,3% həddində indeksləşdirilib. Lakin bəzi rayonlarda inflyasiya 9,3%-dən yüksək olub. Bu halda həmin rayonlarda indeksləşməni orta aylıq əməkhaqqına görə deyil, inflyasiya səviyyəsinə görə aparmaq olar. Belə olarsa, pensiyaçılar inflyasiyanın təsirindən qorunmuş olarlar”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top