
Xəbər verdiyimiz kimi, Nəriman Axundzadə ABŞ klubuna transfer olunub.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə tez-tez azarkeşlərin tənqidinə məruz qalan “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubunda davam etdirəcək.
Qeyd edək ki, komandanın son oyunlarda qol vurmaqda çətinlik çəkməsi fonunda bəzi azarkeşlər bu problemi məhz hücum xətti ilə əlaqələndirərək Nəriman Axundzadəni hədəfə alırdılar.
Xatırladaq ki, 2022-ci ildən etibarən “Qarabağ”ın əsas komandasında çıxış edən Nəriman Axundzadə bu müddət ərzində 127 oyunda 35 qol vurub və 17 məhsuldar ötürmə edib.
Bəs, görəsən Axundzadənin “yoxluğu” “Qarabağ”ın oyun strategiyasında dəyişikliklərə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan idman jurnalisti Anar Xanlarov bildirib ki, bu transfer “Qarabağ”ın oyun planına ciddi təsir göstərməyəcək:
“Məncə, heç bir ciddi təsiri olmayacaq. Çünki Nəriman onsuz da “Qarabağ”da əsas heyət oyunçusu deyildi. Onu etibarlı ehtiyat oyunçu da adlandırmaq çətindir. Son zamanlar da ciddi performansla yadda qalmırdı”.

Anar Xanlarov
Jurnalist deyib ki, klub bu transferdən əvvəl hücumçu axtarırdı:
“Nəriman “Qarabağ”da ola-ola klub artıq yeni hücumçu axtarışında idi. Düzdür, yerli çempionat oyunlarında Qurban Qurbanov ona şans verirdi. Amma istənilən halda, Nərimanın gedişinin “Qarabağ”da hansısa boşluq yaradacağına inanmıram”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz