Mərkəzi Bank uçot faiz dərəcəsini salır, banklar kredit faizlərini artırırlar...


Xəbər verdiyimiz kimi, Mərkəzi Bank uçot faiz dərəcəsini növbəti dəfə azaldaraq 6,5% səviyyəsinə endirib.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin iyul ayında uçot dərəcəsi 7,25% səviyyəsində olub.
Açıqlanan məlumatlardan göründüyü kimi, son 7 ayda uçot faiz dərəcəsi 0,75 faiz bəndi aşağı düşüb.
Bildiyimiz kimi, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar.
Bu isə o deməkdir ki, Mərkəzi Bank uçot faiz dərəcəsini azaldanda, banklar Mərkəzi Bankdan pulu daha ucuz borc ala bilirlər. Bu da normalda banklara imkan verir ki, kreditləri daha aşağı faizlə təqdim etsinlər.
Lakin son 6 ayda banklar tərəfindən verilən kreditlərin orta faiz dərəcəsində artım baş verib. Belə ki, 31 iyul 2025-ci il tarixinə olan məlumata görə banklar tərəfindən verilən kreditlər üzrə orta faiz dərəcəsi 13,88% olduğu halda, 31 dekabr 2025-ci il tarixinə olan məlumata görə, banklar tərəfindən verilən kreditlər üzrə orta faiz dərəcəsi 14,08% olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, son 6 ayda banklar tərəfindən verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,2 faiz bəndi artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top