Mərkəzi Bank faiz dərəcəsini yenə aşağı saldı


Mərkəzi Bankının (MB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 5,75%-dən 5,5%, yuxarı həddi isə 7,75%-dən 7,5% səviyyəsinə salınıb.
“Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib”, - deyə MB-nin açıqlamasında qeyd olunub.
Məlumat üçün bildirək ki, uçot dərəcəsi 2025-ci ildə 2 dəfə azaldılıb. Ötən ilin iyul ayında uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə, dekabrda isə yenə 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75 %-ə endirilib.
Xatırladaq ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir. Uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (6,5%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 6 min 500 manat ödəməli olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top