Gürcüstan DTX araşdırmaya başladı – Dünən yayılan xəbərə görə


Xəbər verdiyimiz kimi, ötən gün – yanvarın 14-də Gürcüstan Baş nazirinin Rusiyanın “Qazprom” şirkətindən alınacaq təbii qazın qiyməti ilə bağlı 25 dekabr 2025-ci il tarixli, 2212 nömrəli Fərmanı Hökumət Administrasiyasının rəsmi saytında dərc edilib.
Yeniavaz.com
xəbər verir ki, bu gün Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti açıqlama yayaraq Hökumət Administrasiyasının kompüter sisteminə icazəsiz giriş və sabotaj faktları ilə bağlı araşdırmaya başladığını bildirib.
Dünən yayılan məlumatda bildirilirdi ki, Fərmanda sənədə əlavə edilən məlumatların kommersiya sirri təşkil etdiyi qeyd olunsa da, sənəd bütün əlavələri ilə birlikdə ictimaiyyətə açıqlanıb.
Xatırladaq ki, açıqlanan əlavədə müqavilənin “Gazprom Export” və “Georgian Oil and Gas Corporation” arasında bağlandığı, “Georgian Oil and Gas Corporation”un isə idxal etdiyi qazı ölkənin ən iri qazpaylayıcı şirkəti olan “SOCAR Georgia Gas”a satdığı yer alıb.
Razılaşmaya əsasən, Rusiyadan alınan təbii qazın ilk 250 milyon kubmetri üçün qiymət 1000 kubmetrə görə 215 dollar, bu həcmdən artıq alınan qaz üçün isə 1000 kubmetrə görə 185 dollar təşkil edir.
Bu gün yayılan məlumatda isə bildirilir ki, istintaqın başlanması üçün əsas Hökumət Administrasiyası tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə verilən məlumat olub. Administrasiyanın veb saytında kiberhücum və müəyyən manipulyasiyalar həyata keçirilib. Bu hücumlar yanlış məlumat yaymaqla Gürcüstanın dövlət maraqlarına zərər vurmaq, o cümlədən ölkə üçün zərərli siyasi və iqtisadi nəticələrə səbəb olmaq məqsədi daşıyıb.
İddia edilən cinayət hadisəsindən sonra məsələ müxtəlif media orqanlarında və sosial mediada işıqlandırılıb. Təhlükəsizlik Xidməti dərhal reaksiya verib və media nümayəndələrinə, həmçinin sadə vətəndaşlara məlumatı yaymaqdan çəkinməyi tövsiyə edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top