Gürcüstan Rusiyadan aldığı təbii qazın qiymətini açıqladı – SOCAR-a satacaq


Gürcüstanın Baş nazirinin Rusiyanın “Qazprom” şirkətindən alınacaq təbii qazın qiyməti ilə bağlı 25 dekabr 2025-ci il tarixli, 2212 nömrəli Fərmanı Hökumət Administrasiyasının rəsmi saytında dərc edilib.
Yeniavaz.com
xəbər verir ki, Fərmanda sənədə əlavə edilən məlumatların kommersiya sirri təşkil etdiyi qeyd olunsa da, sənəd bütün əlavələri ilə birlikdə ictimaiyyətə açıqlanıb.
Açıqlanan əlavədə Rusiyadan alınacaq təbii qazın qiymət mexanizmi yer alır. Müqavilə “Gazprom Export” və “Georgian Oil and Gas Corporation” arasında bağlanıb. “Georgian Oil and Gas Corporation” isə idxal etdiyi qazı ölkənin ən iri qazpaylayıcı şirkəti olan “SOCAR Georgia Gas”a satır.
Razılaşmaya əsasən, Rusiyadan alınan təbii qazın ilk 250 milyon kubmetri üçün qiymət 1000 kubmetr üzrə 215 dollar, bu həcmdən artıq alınan qaz üçün isə 1000 kubmetr üzrə 185 dollar təşkil edir.
Rəsmi statistikaya görə, 2024-cü ildə Gürcüstan Rusiyadan qaz idxalını 788 milyon kubmetrədək artırıb. Alınan qazın ümumi dəyəri 145,7 milyon dollar olub ki, bu da faktiki olaraq 1000 kubmetr üçün 185 dollar qiymətinə uyğun gəlir.
Yeni razılaşmaya əsasən, 2025-ci ildən etibarən Rusiyadan alınan qazın ümumi dəyəri artıb. Qazpromun məlumatına görə, 2025-ci ildə Gürcüstana qaz tədarükü 40,2% artaraq 1,1 milyard kubmetr təşkil edib. Bu həcmin ilk 250 milyon kubmetri üçün 215 dollar, qalan hissəsi üçün isə 185 dollar tarif tətbiq olunub.
Hazırda 2025-ci il üzrə 12 aylıq qaz idxalı statistikası tam açıqlanmayıb. Bununla belə, 11 ayın yekunlarına əsasən, Gürcüstan Rusiyadan 123 milyon dollar dəyərində təbii qaz alıb.
Məlumat üçün onu da bildirək ki, ötən ilin ilk 10 ayı ərzində Azərbaycandan da Gürcüstana 199 milyon dollar dəyərində 1,9 milyard kubmetr təbii qaz satılıb. Rəqəmlərdən də göründüyü kimi, Gürcüstan Azərbaycandan aldığı təbii qazın 1000 kubmetr üçün 105 dollar ödəyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top