
Xəbər verdiyimiz kimi, Xabi Alonso bazar ertəsi günü "Real Madrid" klubunun baş məşqçisi vəzifəsindən azad edilməsindən sonra Alvaro Arbeloa klubun yeni baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, 42 yaşlı ispan mütəxəssislə müqavilənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Arbeloa “Real Madrid” klubunun yetirməsidir və karyerasına klubun gənclər komandalarında başlayıb. 2006-cı ildə o, “Deportivo La Koruna”ya transfer olub və 2007-ci ilin qışında “Liverpul” tərəfindən satın alınıb. Arbeloa orada iki yarım mövsüm keçirib. 2009-cu ildə o, “Real Madrid”ə qayıdıb. 2016-cı ilin yayında isə “Vest Hem”lə bir illik müqavilə imzalayıb.
Arbeloa “Real Madrid”lə iki dəfə Çempionlar Liqasını (2013/14, 2015/16), İspaniya çempionluğunu (2011/12), iki dəfə İspaniya kubokunu (2010/11, 2013/14), həmçinin İspaniya Super Kubokunu (2012) və UEFA Super Kubokunu (2014) və Klublararası Dünya Kubokunu (2014) qazanıb.
Müdafiəçi 2008-2013-cü illərdə İspaniya millisində oynayıb və 58 oyun keçirib. Milli komanda ilə Dünya Kubokunu (2010) və iki dəfə Avropa çempionluğunu (2008, 2012) qazanıb.
Arbeloa 2020-ci ildən bəri “Real Madrid” sistemində məşqçilik fəaliyyəti göstərir və müxtəlif yaş qruplarından ibarət komandalara məşqçilik edir. 2025-ci ildə o, Madrid klubunun gənclər komandasına rəhbərlik edib.
Xatırladaq ki, “Real Madrid” İspaniya çempionatının turnir cədvəlində 19 oyundan sonra 45 xalla ikinci yerdədir. Çempionlar Liqasında klub iki oyun qalmış 12 xalla yeddinci yerdədir. Komandanın Arbeloanın rəhbərliyi altında ilk oyunu 14 yanvarda, 1/8 final mərhələsi çərçivəsində “Albasete” ilə səfərdə baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz