
Xəbər verdiyimiz kimi, iyunun 1-də Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim mərkəzinə endirdiyi raket hücumu nəticəsində 12 hərbçi həlak olub, 60-dan çox şəxs isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, hücumun ardınca Ukrayna Quru Qoşunlarının komandanı general Mixaylo Drapatiy istefa verdiyini açıqlayıb.
General Drapatiy “Telegram” kanalında paylaşdığı bəyanatda 239-cu poliqonda baş verən faciəyə görə şəxsi məsuliyyət hiss etdiyini bildirib. O, bu qərarın komandir kimi üzərinə düşən məsuliyyəti dərk edərək atıldığını vurğulayıb: “Əmrlərimin icrasını tam təmin edə bilmədim. Kifayət qədər səy göstərmədim, insanlara təsir edə bilmədim. Bu, mənim məsuliyyətimdir”.
Komandan, orduda davranışın əhəmiyyətini qeyd etməklə yanaşı, əsas məsuliyyətin rəhbərlikdə olduğunu bildirib: “Çoxlu məsuliyyət və cəzasızlıq ordu üçün zəhərdir. Mən bu zəhəri aradan qaldırmağa çalışdım, amma faciələr təkrarlanırsa, demək ki, səylərim yetərli olmayıb”.
Drapatiy hadisə ilə bağlı hərbi araşdırmanın başladıldığını və komandirlərin hərəkətləri, sığınacaqların vəziyyəti, xəbərdarlıq sistemlərinin effektivliyi də daxil olmaqla bütün detalların təhlil ediləcəyini qeyd edib.
Quru Qoşunları Komandanlığı baş vermiş hadisə ilə bağlı xidməti araşdırma üçün komissiya yaradıldığını, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edildiyini və əgər vəzifəli şəxslərin məsuliyyətsizliyi təsdiqlənərsə, onların ciddi şəkildə cəzalandırılacağını bildirib.
Xatırladaq ki, general Mixaylo Drapatiy 2024-cü ilin noyabrında Quru Qoşunlarının komandanı vəzifəsinə təyin olunub. 2025-ci ilin yanvarında isə o, “Xortitsa” əməliyyat-strateji qrupunun rəhbərliyinə gətirilib.