
Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Təhlükəsizlik Xidməti (SBU) “Pautina” kod adı verilən xüsusi əməliyyat nəticəsində Rusiyaya məxsus 41 strateji bombardmançı təyyarəni vurub.
Yeniavaz.com UNIAN-a istinadən xəbər verir ki, il yarım hazırlıq mərhələsi keçən bu mürəkkəb əməliyyatın icrasına birbaşa Prezident Volodimir Zelenski nəzarət edib. Əməliyyatın ideyası və texniki koordinasiyası isə SBU rəhbəri Vasıl Malyukun komandasına məxsusdur.
Məlumata görə, SBU əvvəlcə Rusiyaya FPV (First Person View) tipli hücum dronları, ardınca isə mobil taxta evlər göndərib.
Rusiya ərazisində bu evlər yük maşınlarına yerləşdirilib, dronlar isə evlərin damlarının altına gizlədilib. Hər şey öncədən proqramlaşdırılıb: lazım olan anda damlar uzaqdan açılıb və dronlar hədəfə — Rusiya hərbi aerodromlarında yerləşən bombardmançılara doğru uçub.
Mənbələr, həmçinin Rusiya hərbi obyektlərinə edilən hücumlara dair unikal fotoşəkillər də təqdim ediblər. Bu vizual materiallar, dronların necə yerləşdirildiyini və aerodromlara necə sızdığını göstərir.
Ukrayna tərəfi bu əməliyyatı strateji döyüş aviasiyasına vurulan ən ciddi zərbələrdən biri kimi qiymətləndirir.

