Uğurunu təkrarladı və qələbəni vəfat edən qızına həsr etdi...


Xəbər verdiyimiz kimi, “Paris Saint-Germain” (PSJ) Çempionlar Liqasının finalında “İnter”i tarixi hesabla 5-0 məğlub edərək kuboka sahib çıxıb.
Yeniavaz.com
xəbər verir ki, ötən gündən bəri PSJ-nin bu uğuru qədər müzakirə olunan digər məsələ isə parislilərin ispaniyalı baş məşqçisi Luis Enrikenin qələbəni mərhum qızı Xanaya həsr etməsidir.
Belə ki, L. Enrike 2015-ci ildə Berlində “Barselona” ilə Çempionlar Liqasının qalibi olarkən bu uğurunu meydançada qızı Xana ilə qeyd etmişdi. Lakin Xana 29 avqust 2019-cu ildə 9 yaşında sümük xərçəngindən dünyasını dəyişdi və bu hal Enrikenin həyatında, həmçinin karyerasında dərin iz qoydu.
Ötən axşam baş tutan qarşılaşmadan sonra Luis Enrike bu möhtəşəm qələbəni illər öncə dünyasını dəyişən qızının xatirəsinə həsr etdiyini bildirib və duyğulu anlar yaşayıb. O görüşdən əvvəl verdiyi açıqlamalarda da Xana üçün kuboku qazanmaq istədiyini bildirmişdi.
Qızı Xana bu dəfə fiziki olaraq yanında olmasa da, Enrike 10 il sonra yenidən bu uğura imza ataraq onun xatirəsinə kuboku qaldırıb.
“Əminəm ki, Xana hələ də qələbəni qeyd edir. Onun Berlində Çempionlar Liqasının finalında “Barça” bayrağını sancdığı o möhtəşəm foto hələ də ağlımdadır. Kaş ki, PSJ ilə də eyni şeyi edə biləydim. Qızım fiziki olaraq orada olmayacaq, amma ruhən mənimlə olacağına əminəm”, - baş məşqçi verdiyi müsahibədə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top