Sui-qəsd nəticəsində öldürülən və yaralanan ABŞ prezidentləri – Siyahı

 
Xəbər verdiyimiz kimi, ABŞ-ın sabiq prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə hazırkı namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi olub.
Yeniavaz.com 
xəbər verir ki, daha əvvəl də ABŞ prezidenti olmuş şəxslərə qarşı sui-qəsd cəhdləri olub.
ABŞ tarixində ölkə prezidentlərinə və prezidentliyə namizədlərə qarşı aşağıdakı sui-qəsd cəhdləri olub:
- ABŞ-ın 16-cı prezidenti Abraham Linkoln (1861-1865) 15 aprel 1865-ci ildə Vaşinqtonda sui-qəsd nəticəsində öldürülüb. Rəsmi məlumata görə, qatil aktyor Con Uilks But olub. Linkoln teatrda tamaşanın nümayişi zamanı güllələnərək öldürülüb. But prezidenti arxadan başından vuraraq qaçıb. Lakin 12 gün sonra tutularaq öldürülüb. Ertəsi gün prezidentin özü də dünyasını dəyişib.
- 20-ci prezident Ceyms Qarfieldə sui-qəsd cəhdi 2 iyul 1881-ci ildə Vaşinqtonda, Baltimor və Potomak Dəmiryol Stansiyasında baş verib. Vəkil Çarlz Gito prezidentin arxasına iki dəfə atəş açıb. Prezidentin yarası dayaz olub və güllə həyati vacib orqanlara zərər verməyib. Ancaq həkimlər əməliyyat zamanı qeyri-peşəkarlıq göstəriblər və ağır irinli iltihaba səbəb olublar. Qarfield 1881-ci il sentyabrın 19-da vəfat edib.
- Ölkənin 25-ci prezidenti Villiam McKinley (1897-1901) 6 sentyabr 1901-ci ildə Buffalodakı Panamerikan Sərgisində anarxist Leon Frank Çolqoş tərəfindən vurulub. Prezidentin bir metrliyində dayanan sui-qəsdçinin ilk gülləsi ona heç bir zərər vermədən smokinqinin düyməsindən sıçrayıb. Amma ikinci güllə mədəyə dəyib, daxili orqanları zədələyib və kürəyinə ilişib.
- ABŞ-ın 35-ci prezidenti Con Kennedi (1961-1963) 1963-cü il noyabrın 22-də günorta saat 1-in yarısında Dallasda (Texas) qətlə yetirilib. Prezident korteji şəhər küçələrindən keçərkən atışma səsləri eşidilib. Snayper tüfəngindən atılan birinci güllə prezidentin boynunun arxasına dəyib boğazının ön hissəsindən çıxıb, ikinci güllə baş nahiyəsinə dəyib və başın arxasındakı kəllə sümüklərinin dağılmasına, həmçinin beyin zədələnməsinə səbəb olub. Prezident Kennedi əməliyyat otağına aparıldı və 47 yaşında, sui-qəsddən yarım saat sonra orada öldü.

Ölümlə nəticələnməyən sui-qəsdlər...

Ümumiyyətlə, ABŞ-ın müxtəlif prezidentlərinə qarşı dəfələrlə sui-qəsd cəhdləri olub. Kəşfiyyat orqanları faciənin qarşısını aldıqları barədə məlumat veriblər. Məsələn, bəzi mənbələrə görə, ABŞ-ın 42-ci prezidenti Bill Klintonun həyatına təxminən 30 dəfə cəhd edilib.
30 mart 1981-ci ildə Vaşinqtonda iyirmi beş yaşlı Con Hinkli tikinti həmkarlar ittifaqının qurultayında çıxış etdikdən sonra Vaşinqton Hilton otelindən çıxan Ronald Reyqana (40-cı Prezident, 1981-1989) atəş açıb. Döş qəfəsini deşən güllə prezidentin ürəyindən bir santimetr yarım keçərək ağ ciyərinə yerləşib. Yalnız dörd saatlıq əməliyyatdan sonra onu çıxarmaq mümkün olub.
2005-ci il mayın 10-da Corc Buşun (43-cü prezident, 2001-2009) Tbilisidəki Azadlıq meydanında çıxışı zamanı Gürcüstan vətəndaşı Vladimir Arutyunyan qumbaraya oxşayan əşyanı səhnəyə doğru atıb. Təsadüfən partlamayıb.
22 fevral 1974-cü ildə Baltimorda Riçard Niksona (37-ci prezident, 1969-1974) sui-qəsd cəhdi edilib. Atlantaya uçan Delta Hava Yollarına məxsus təyyarəyə tapança ilə silahlı hücum edilib. Terrorçu bütün sərnişinləri ilə birlikdə təyyarəni partlatmaqla hədələyərək pilotlara Ağ Evə doğru uçmağı əmr edib. O, prezident Niksonu öldürəcəyini söyləyib. FTB-nin xüsusi təyinatlıları ilə atışmadan sonra cinayətkar özünü güllələyib. Onun portfelində əldəqayırma bomba aşkar edilib. 1950-ci il noyabrın 1-də Vaşinqtonun Pensilvaniya prospektindəki iqamətgahında prezident Harri Trumana (33-cü prezident, 1945-1953) sui-qəsd edilib. Puerto-Rikolu iki millətçi onun həyatına sui-qəsd etməyə cəhd ediblər. Mühafizəçilərlə hücum edənlər arasında üç dəqiqəlik atışma olub, nəticədə mühafizəçi və hücum edənlərdən biri öldürülüb, ikinci hücumçu isə həbs edilib.

Prezidentliyə namizədlərə qarşı sui-qəsdlər...

Senator və prezident Con Kennedinin kiçik qardaşı Robert Kennedi  ABŞ-da  sui-qəsd nəticəsində öldürülən yeganə prezidentliyə namizəd olub. Robert Kennedi 1968-ci ildə prezidentliyə namizəd olub. Həmin il iyunun 5-də Kaliforniya Demokratik partiyasının praymerizində qalib gəldikdən sonra Los-Ancelesdəki Ambassador otelinin mətbəxində Sirhan Sirhan tərəfindən güllələnib. Əslən fələstinli olan Sirhan Kennedinin İsraili dəstəkləməsindən narazı idi. Kennedi xəstəxanaya aparılıb, lakin 6 iyun 1968-ci ildə aldığı yaralardan ölüb.
15 may 1972-ci ildə Alabama ştatının qubernatoru və prezidentliyə namizəd Corc Uollesə Merilend ştatının Laurel şəhərində seçki kampaniyası zamanı sui-qəsd edilib. 21 yaşlı Artur Bremer Uollesə atəş açaraq onu və daha üç nəfəri yaralayıb. Sui-qəsd cəhdi Uolles beldən aşağı iflic vəziyyətinə salıb. Bremer cinayəti törətdiyi yerdə həbs edilib və daha sonra 63 il müddətinə azadlıqdan məhrum edilib.
14 oktyabr 1912-ci ildə keçmiş prezident Teodor Ruzvelt Viskonsin ştatının Milvauke şəhərində seçki kampaniyası apararkən ona sui-qəsd olub. Con Şrank adlı işsiz meyxanaçı Ruzvelti tapança ilə güllələyib. Ruzvelt döş qəfəsindən yaralanıb, lakin buna baxmayaraq, xəstəxanaya getməzdən əvvəl nitqini davam etdirməkdə israr edib.
2020-ci il prezidentlik kampaniyası zamanı ABŞ-ın hazırkı prezidenti Co Bayden də çoxsaylı təhdidlər alıb. 2020-ci ilin oktyabrında Alexander Trey Hensman Bayden və Kamala Harrisi öldürməklə hədələdiyi üçün həbs olunub. Faktiki sui-qəsd cəhdləri qeydə alınmasa da, onun ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Həmçinin, Donald Tramp 2016-cı il prezidentlik kampaniyası zamanı bir neçə təhdid və sui-qəsd cəhdləri ilə üzləşib. Ən məşhur hadisə 2016-cı il iyunun 18-də britaniyalı Maykl Sandfordun namizədə atəş açmaq niyyəti ilə Las-Veqasda Trampın mitinqində polis məmurundan silahı oğurlamağa cəhd etməsi ilə baş verib. Sandford həbs olunub və adam öldürməyə cəhddə təqsirli bilinib.
Sonuncu sui-qəsd isə qeyd etdiyimiz kimi, 13 iyul 2024-cü ildə Pensilvaniyada seçki kampaniyası zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatına qəsd edilib. O, qulağından xəsarət alıb, bir mitinq iştirakçısı ölüb, daha ikisi isə ağır yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top